Özlərini maşın altına atanlar

617

Rayondan Bakıya yola düşərkən öz-özümə: “İnşallah, sağ-salamat, qəzasız çatarıq”,-dedim. Yüksək sürətin nə dərəcədə təhlükəli olduğunu, hansı faciələrlə yekunlaşdığını anladığım üçün maşını yavaş sürmək adətimdir.

Rayondan Bakıya yola düşərkən öz-özümə: “İnşallah, sağ-salamat, qəzasız çatarıq”,-dedim. Yüksək sürətin nə dərəcədə təhlükəli olduğunu, hansı faciələrlə yekunlaşdığını anladığım üçün maşını yavaş sürmək adətimdir. İş o yerə çatır ki, hərdən 5 yaşlı qızım da maşını yavaş sürməyimdən bezir və bunu mənə irad tutur.

Şükür, heç bir problem yaşamadan paytaxta daxil olduq. İstər-istəməz şəhərə çatanda insan sükan arxasında bir qədər rahatlaşır. Düşünürsən ki, maşında hər hansı texniki problem olsa belə, bir kənarda saxlayıb evə getməkdə və ya maşını təmir sexinə aparmaqda ciddi problem yaşamayacaqsan. Bu hisslərin təsiri altında Ziya Bünyadov prospektindən Dərnəgül istiqamətinə hərəkət edirdim. Qəfil, qarşıdakı avtomobil sol zolağa çıxdı və mən bir neçə metr irəlidə yolun tən ortasında dayanan iki piyada qadını gördüm. Şükür ki, maşının sürəti aşağı idi deyə mən manevr edə bildim. Arxadan gələn digər avtomobillərin sürücüləri də eyni vəziyyətlə üzləşdilər və yəqin həmin anda onlar da mənim kimi bir qədər həyəcan keçirdilər. Elə yolun ortasında donub qalan həmin piyadalar da. Mən inanmıram ki, həmin piyadalar bir də nə vaxtsa yolu nəzərdə tutulmayan hissədən keçərlər. Çünki özləri də dərk etdilər ki, bərələ qalmış gözləri əbədi yumula da bilərdi.

Elə bilirsiniz tənbəllik və ya düşüncəsizlik ucbatından özlərini və sürücüləri təhlükəyə atıb çıxılmaz vəziyyətdə qoyanlar və ya dünyasını dəyişənlər azdır? Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 407 nəfər ölüb, 1117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaların çoxu piyadaların vurulması ilə bağlı olub: “Piyadavurmalar ümumi hadisələrin 39%-ni təşkil edib. Belə ki, 408 piyadavurma hadisəsi nəticəsində 143 nəfər ölüb, 313 nəfər isə xəsarət alıb. Qəzalar zamanı ölənlərin 34-ü, yaralananların isə 99 nəfəri azyaşlı uşaqlar olub. Ölənlərdən 11-i, yaralananlardan isə 24-ü 7 yaşınadək, ölənlərin 23-ü, yaralananların 75-i isə 7 yaşından 16 yaşınadək olan uşaqlardır”.

“Qəzaların çoxu bu yerlərdə baş verir”

Azərbaycanda piyadaların keçidlərdən istifadə etməmələri barədə mütəmadi tənqidlər səsləndirilsə də, maarifləndirici işlər görülsə də, vəziyyət ürəkaçan deyil.

Təcrübəli sürücü Yaşar Xəlilov deyir ki, piyadaların keçidlərdən istifadə etməmələri nəticəsində qəza şəraitinin yaranması halları ilə tez-tez rastlaşır: “Yolları təhlükəlilik dərəcəsinə görə, iki qrupa ayırmaq olar. Elə küçələr var ki, orada avtomobillər yüksək sürətlə hərəkət etmirlər. Belə yerlərdə piyadalar hətta avtomobilin qarşısına çıxsalar belə, ciddi təhlükə yaratmırlar. Amma elə prospektlər, yerlər var ki, orada maşınlar sürətlə şütüyürlər. Bax belə yerdən keçən piyadaları heç cür anlamaq olmur. Piyadaların vurulması ilə nəticələnən qəzaların çoxu da məhz bu yerlərdə baş verir”.

Ya 20 manat cərimə ver, ya da canını

Məlumat üçün bildirək ki, qanunvericilikdə piyadalar törətdikləri qayda pozuntularına, o cümlədən də yolun hərəkət hissəsini müəyyən olunmayan yerdən keçməyə görə 20 manat məbləğində cərimə edilirlər. Hətta cərimə edilməsələr belə, insanlar öz məsuliyyətlərini hiss etməli, nə özlərinin həyatlarını təhlükəyə atmalı, nə də sürücülər üçün problem yaratmalıdırlar. Yolu yerüstü piyada keçidlərinin altından keçən piyadalar da var. Bəziləri hətta öz uşaqlarını, yaşlı qohum-əqrabalarını da yolun nəzərdə tutulmayan hissələrindən keçirirlər.

Gündüz saatlarında ətrafa boylanıb polislərin olmadığına əmin olduqdan sonra (cərimə edilmələrindən çəkinirlər) qaydanı pozan piyadalar da az deyil.

“Yol hərəkəti” qaydalarının 40-cı maddəsində piyadaların üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Bildirilir ki, piyadalar dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

Hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə, nəqliyyat işıqforunun işarəsini əsas tutmalıdırlar. Yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdırlar. Sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidirlər.

Yüngül qəza olubsa…

Yol-nəqliyyat hadisəsi piyadanın qaydaları pozması, yolu nəzərdə tutulmayan yerdə keçməsi səbəbindən baş verirsə, bu halda piyada cinayət məsuliyyətinə cəlb edilir. Ancaq burada baş vermiş qəzanın ağırlıq dərəcəsi də önəmlidir. Yəni yüngül qəza olubsa, o zaman piyada inzibati məsuliyyətə cəlb edilir. Piyada cinayət məsuliyyətinə cəlb olunduqdan sonra onun haqqında qərarı məhkəmə verir.

Amma çox vaxt qaydaları pozub ağır qəzaya səbəb olan piyadalara heç məhkəmə də qismət olmur, çünki ölən çox vaxt özləri olurlar…

Bəli, bütün hallarda həm sürücü, həm də piyada olaraq hər bir insan öz məsuliyyətini hiss etməlidir. Yolu yerüstü piyada keçidindən keçməklə bəlkə də getdiyiniz yerə 5-6 dəqiqə gec getmiş ola bilərsiniz, amma bütün hallarda bu, heç getməməkdən yaxşıdır…