Özgəsinə ümid olan…

0
551

Bəli, Fransada keçirilən Avropa çempionatının qrup mərhələsinin oyunları başa çatdı. Son oyuna qədər növbəti mərhələyə çıxmaq şanslarını qoruyub saxlayan Türkiyə millisinin arzusu çin olmadı. Yəni D qrupunda ilk 3 xalını qazanan Türkiyənin digər mərhələyə keçməsi üçün İtaliya İrlandiyaya, Belçika isə İsveçə məğlub olmamalı idi. Bundan başqa, Macarıstan Portuqaliyam məğlub etməli idi. 1/8 finalda oynamaq üçün möcüzəyə ümid bəsləyən Fatih Terimin yetirmələri üçün bu möcüzə baş vermədi. Belə ki, əvvəlcə Macarıstanla heç-heçə oynayan və 3-cü xalını qazanan Portuqaliya top fərqinə görə “qırmızılar”ı geridə qoydu. Ardınca isə İtaliyaya qalib gələn İrlandiya xalını 4-ə yüksəldərək ən yaxşı 3-cü yerlərin sıralamasında Türkiyəni qabaqladı. Slovakiya (4 xal), İrlandiya (4), Şimali İrlandiya (3) və Portuqaliyadan (3) geri qalan “ay-ulduzlular” Albaniya ilə birlikdə ən zəif 3-cü olub. Bir sözlə, biz bitdi deməsək, bitməz deyənlər çempionatla erkən vidalaşmalı oldular.
Nə isə, bunlar öz yerində. Qəribə burası ki, bu məsələdə bir para futbol azarkeşləri başlayıblar digər komandaları qınamağa. Biri yazır ki, yadınızdamı 2013-cü ildə “Qalatasaray” Fateh Terimin rəhbərliyi altında meydanı bostana döndərib “Yuventus”u qrupda saxladı. Onda o komandanın baş məşqçisi, hazırda İtaliya millisinə rəhbərlik edən Antonio Konte idi. Görünür, Konte həmin matçı yadından çıxarmayıb və o, türklərdən o oyunun qisasını İrlandiyaya məğlub olmaqla aldı. Yəni Türkiyə yığmasının ən yaxşı üçüncülər arasına düşməməyi üçün italyanlar bilərəkdən məğlub oldular. Üstəlik, həmin yazar ərz edir ki, buraxılan qola diqqət yetirin. Qapıçı qəsdən boşa çıxdı. İtaliya yığması sadəcə, qələbə qazanmaq istəmədi”.
Başqa birisi yazır ki, bu məsələdə günahkar tək İtaliya deyil: “İngiltərə Slovakiyaya niyə 3 qol vurmadı, Almaniya Şimali İrlandiyanı niyə 4:0 udmadı, Macarıstan Portuqaliyanı niyə məğlub etmədi?” Belə sualları verən həmkarım hətta dahiyanə bir fikir də irəli sürüb: “UEFA mütləq bunları araşdırmalıdır”.
Bir başqası yazır ki… Məncə, onun dedikləri də elə bu səpkidə olduğundan geniş şərhə əsla ehtiyac yoxdur.
Bu yerdə Molla Nəsrəddinlə bağlı bir lətifə yadıma düşdü. Deməli, belə: bir dəfə Molla Nəsrəddin qonşusugilə gedir. Qayıdanda palazın altında qoyduğu pulların oğurlandığını görür. Molla kəndə səs salır. Kənd əhli yığışıb başlayır Mollanı qınamağa: kimi deyir ki, niyə pulu palazın altında saxlamısan, kimi deyir, niyə evin qapısını açıq qoymusan, kimi deyir ki, niyə qapıya qıfıl vurmamısan? Xülasə, hamı bu məsələdə mollanı günakar çıxarır. Bu zaman Molla əsəbi halda deyir:
– Ay camaat, sizin deməyinizdən belə anladım ki, oğrunun heç bir günahı yoxdur?
İndi Molla Nəsrəddinin sözü olmasın, məgər çempionatla erkən vidalaşmasında Türkiyə millisinin, onun baş məşqçisi Fateh Terimin heç bir günahı olmayıb? Vallah-billah, olub. Özü də lap çox. Məgər Türkiyə millisi ilk iki oyunu çox zəif keçirmədimi? Hətta həmin oyunlarda rəqib qapılarına bir qol belə vura bilmədi. Odur ki, Fateh Terimin rəhbərlik etdiyi Türkiyə millisi digər millilərin oyunlarının nəticələrindən asılı vəziyyətə düşdü. Məgər Fateh özgəsinə ümid olanın şamsız qalacağını (necə ki, qaldı) bilmirdimi? Bu mənada, mən deyərdim ki, Türkiyə özü özünü bitirdi. Keçmiş olsun!