Özgə yolları tutub getsək…

806

(Mirzə Cəlilin “Çarə lazım” və “Möhkəm iplər” felyetonları əsasında)
Futbolumuz bərbaddır. Bu, hər kəsə bəllidir. Təbii ki, çarə lazımdır!.. Dünyada inkişaf etmiş elə bir ölkə xəyalıma gətirə bilmirəm ki, onun futbolu bizdəkinin səviyyəsində olsun. Çarə lazım! Və ətrafımızı sağdan və soldan bürüyən cəmi millətlərin futbol komandaları bizi mürur ilə basıb, sıxıb xırdalatmaqdadır. Çarə lazım!

Ən əvvəl biz gərək bu həqiqəti təsdiq edək və inanaq, əgər inansaq, bu özü yenə bir işdir. Gərək biz buna qayil olaq ki, futbol sahəsində çox geridəyik. Gərək inanaq ki, bu sahədə axıtdığımız sərmayənin heç bir səmərəsi yoxdur. Gərək bir daha inanaq ki, bu sahədə göstərilən etimadı neçə illərdir ki, doğrulda bilmirik. Çəkdiyimiz zəhmətlər və xərclər ilə keçdiyimiz yolu və irəlilədiyimiz yeri tutuşduranda görürük ki, zəhmət və xərc mindir, atdığımız addımlar bir ya ikidən artıq deyil. Bu olduqca utandırıcıdır. İnsafən, görürük ki, bizdə çırpınmaq, dartınmaq və hərəkət var, amma işdə bərəkət yoxdur ki yoxdu. Nədir bunun səbəbi? Səbəb budur ki, bizim komandaların heyətlərin meydanlara çıxanlar sanki nəyinsə xatirinə var-gəl edirlər, sanki nəyinsə xatiririnə top qovurlar. Bu isə o deməkdir ki, onların futbola şövqü və həvəsi əsla yoxdur. Elə buna görə sanki millət bilmərrə futboldan əl çəkməkdədir. Elə stadionlarda azarkeşlərin sayını getdikcə azalması da bunu sübut edir. Hər halə çarə lazım.

İrəliləməmək işimizin digər böyük səbəbi də var. O səbəb də budur ki, bizim ayaqlarımız iki möhkəm iplərə bağlanıb. Biz ayaqlarımızı irəliyə atdıqca o iplər geriyə çəkir. İplərin birisi legionerlərdir ki, futbol oynamaq istəyənlərin sayını artırmağa mane olur. Üstəlik, onların can yandırmaması bizim yanmağımız ilə nəticələnir. Sanki onlar ölkəmizə futbol oynamağa deyil, istirahətə gəliblər. O birisi də futbol aləmində kifayət qədər futbol adamlarımızın olmamasıdır.

Təbii ki, bu iplər çox möhkəm və cansıxıcıdır. Bunlar bizi futbol dünyasında inkişaf edib, onun şirin və dadlı meyvələri ilə faydalanmağa qoymurlar və qoymayacaqlar… Bunları ayaqlarımızdan açıb atmalıyıq. Bu yolda var qüvvə ilə çalışmalıyıq. Yoxsa o bağın içinə girə bilməyəcəyimiz şübhəsizdir.

Bəs nə etməli?

Lazımdır yamsılamaq. Lazımdır təqlid etmək o millətləri ki, futbol sahəsində bizdən çox qabağa keçiblər, lazımdır onlar əxz etdikləri futbol yollarını tutub getmək, lazımdır onları kor-koranə deyil, qana-qana təqlid etmək. Çünki bundan savayı bizim üçün qeyri bir çıxacaq, qeyri-bir nicat yolu nəzərə gəlmir.

Biz onsuz da məişətin cürbəcür əmrlərində onlara möhtacıq. Məgər demokratiyanın sirrini, bu və ya digər nəsnələrin standartlarını onların alimlərindən, yaxud qurumlarından öyrənmirikmi? Yeri gələndə haman standartlardan bəh-bəhlə söz açmırıqmı? Futbol səliqəsinə gəldikdə heç təəccüb yeri yoxdur ki, axtarıb görək onlar nə tövr oynayırlar, topu necə ram edirlər, oyun fəlsəfələri necədir? Aşkardır ki, bizə mədəniyyət, daha nə bilim nələr ixrac edənlər bu sahədə bir qüsur qoymamış olalar.

İşləri bu halda gördükdə bizim iki eşşəyin arpasını bölməyənlərimiz bilmirəm hələ nə danışırlar.

Sözün müxtəsəri iki şeyin biridir. Ya futbol sahəsində ad çıxarmış millətlərin məqamına özümüzü yetirmək niyyətindən bilmərrə əl çəkək, ya onlar əxz etdiyi futbol vəsilələrini onlardan təlim alaq. Məlumdur ki, həmin vəsilələrin ən birincisi uşaq futbolu dəsgahıdır.

Tərəqqi və təməddünün yolu budur. Əgər özgə yolları tutub getsək, həm nahaq zəhmətlərə düşəcəyik, həm də bir şeyin sahibi olmayacağıq.