Özfəaliyyətimiz elə bundan ibarətdir…

626

Ötən ilin oktyabr ayında bizim futbol üzrə milli komandamız xorvatlara rüsvayçı hesabla (0:6) uduzandan bir neçə gün sonra Ukraynada yaşayan bir nəfər elektron ünvanıma bir cümlədən ibarət məktub göndərmişdi. Yəqin, maraq edirsiniz ki, o mənə nə yazmışdı. Sadəcə, onun mənə göndərdiyi məktub dörd sözdən ibarət idi: “Özfəaliyyətiniz elə bundan ibarətdir?”

Bu sözləri oxuyanda bizim məşhur “Bəxtiyar” filmindəki bir epizod gözlərim önündə canlanmışdı: konsertmeyster Ağabalanın rəhbərlik etdiyi klubun özfəaliyyətini yoxlayan xüsusi komissiyanın üzvlərindən biri bayaqdan bəri ona təqdim olunmuş proqramın ürəkaçan olmadığını görüb soruşur: “Özfəaliyyətiniz elə bundan ibarətdir?” Ağabala da deyir ki, “yox, canım, hələ proqram davam edir. Klubun fəalları Hüseynova bacıları bu saat öz məharətlərini göstərəcəklər”. Və həqiqətən də onlar imkanları daxilində öz bacarıqlarını göstərirlər. Mən də istədim ki, belə bir tonda həmin şəxsə cavab məktubu yazam, lakin fikrimdən vaz keçdim. Elə ki, Xorvatiya rüsvayçılığı ilə bağlı millimizin baş məşqçisi Berti Foqts aradan çıxdı və onun yerinə Robert Prosineçki təyin olundu, həmin adamın məktubu yadıma düşdü. Amma yenə ona nəsə yazmaq istəmədim. Elə ki, Robert müəllim fəaliyyətə başlayan kimi odlu-alovlu vədlər verdi, onun dediklərindən canım əməlli-başlı isindi və mən həmin şəxsə cavab kimi bu sözləri yazmağa özümdə cəsarət tapdım: “Yox canım. Biz öz məharətimizi göstərəcəyik”. Bununla da həmin şəxsi susdurdum. Susdurdum deyəndə həmin şəxs bir daha bu söhbətə baş qoşmadı. Lakin fevralın 24-də gecə ondan mənə yenə məktub gəldi. O bu dəfə nə yazmışdı? Bəli, bu dəfə də həmin şəxs eyni sualla mənə müraciət etmişdi: “Özfəaliyyətiniz elə bundan ibarətdir?” Bu dəfə onun nəyə işarə etdiyini sözün düzü başa düşmədim. Elə mən bu fikirdə ikən oğlum dedi ki, bəs xəbərin var xəbərdən, Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz Antalyada keçridiyi təlim-məşq çərçivəsində “Şaxtyor” (Donetsk) futbol klubu ilə keçirdiyi yoxlama oyununda 1:2 hesabı ilə uduzub. Üstəlik, oğlum ərz etdi ki, matçdan sonra Robert Prosineçki alovlu çıxış edərək deyib ki, bu oyunda bir çatışmayan nöqsanımız olub: “Rəqibə topla daha çox oynamağa imkan verdik. Elə bu səbəbdən ikinci hissədə bizimkilərin ayağına nadir hallarda top dəyirdi”. Sonra da bu cənab nə desə yaxşıdır: “Amma kim nə deyir-desin, mən Avropanın ən güclü komandalardan biri ilə keçirdiyimiz oyundan və onun nəticəsindən çox razı qaldım. Bu, ümid verir ki, biz gələcəkdə daha yaxşı oyun göstərəcəyik”.

Lakin oğlumun bu sözlərinə inanmaq istəmədim. Həmin oyunun videosuna diqqətlə baxandan və Robert müəllimin dediklərini dönə-dönə başdan-ayağa oxuyandan sonra dərk etdim ki, onunla millimizin sabiq baş məşqçisi Foqtsun arasında elə bir fərq yoxdu. Özfəaliyyət elə həminki özfəaliyyətdir. Necə deyərlər: yenə həmin dalğa, həmin koordinat… Odur ki, həmin şəxsə belə bir cavab yazdım: “Təəssüf ki, özfəaliyyətimiz elə bundan ibarətdir”.

Bu yazını elə burada da tamamlamaq olardı. Lakin mənə elə gəldi ki, “Bəxtiyar” filminə bir daha müraciət etsəm, pis olmaz. Bəli, həmin yoxlamada adi bir neftçi, yəni Bəxtiyar Muradov öz həzin mahnıları ilə konsertmeyster Ağabalanın üzünü ağardır. Cənablar, sizə elə gəlmirmi, bizim də bir Bəxtiyara ehtiyacımız var… Unutmayın ki, Robert heç zaman bizim Bəxtiyar olub, bizi sevindirməyəcək.