Özbəkistanda sosial sahədə fəal gənc ailələrə mənzil veriləcək

Özbəkistanın ictimai-sosial həyatında fəal iştirak edən gənc ailələrin mənzil kommunal şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçiriləcək. Bu müstəvidə də ölkənin sosial həyatında fəal iştirak edən gənc ailələrə mənzil veriləcək. Bununla bağlı qərar Özbəkistan Nazirlər Kabineti tərəfindən qəbul edilib. Qərarın qəbul edilməsinin təşəbbüskarı isə Özbəkistan “Kamalot” Gənclər Təşkilatı olub. 
Özbəkistan Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda sosial baxımdan fəal gənclər üçün çoxmərtəbəli evlərin inşa edilməsi, tikintisi yarımçıq qalmış evlərin başa çatdırılaraq gənc ailələrə verilməsi, onlara ev tikmək üçün torpaq sahələrinin ayrılması və həyətyanı ev tikə bilməsi üçün pulsuz inşaat materiallarının ayrılması nəzərdə tutulub. Bundan əlavə ölkənin ictimai sosial həyatında fəal iştirak edən gənc ailələrə 20 il müddətinə güzəştli şərtlərlə mənzil almaq üçün kreditlərin verilməsi planlaşdırılıb. Buna paralel olaraq güzəştli şərtlərlə kredit alan gənc ailələr ilk 5 ildə kredit üçün ilkin üzvlük haqqı ödəməyəcəklər. Buna paralel olaraq elmdə, incəsənətdə yüksək nəticələr göstərən, lakin mənzil şəraiti pis olan və ya kirayədə yaşamağa məcbur olan gənc alimlərə də güzəştli şərtlərlə mənzil verilməsi və ya onların dövlət hesabına mənzillə təmin edilməsi də Özbəkistan Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda öz əksini tapıb. “Kamalot” Gənclər Təşkilatının üzvü olan gənc ailələrə ev verilməsi zamanı bəzi şərtlər də müəyyən edilib. Belə ki, quruma üzv gənc ailələrin hər ikisinin yaşı 30-dan yuxarı olmamalıdır. Bundan əlavə, onlar ilk dəfə ailə quran gənclər olmalıdırlar. Əgər 30 yaşınadək gənc ikinci dəfə ailə qurubsa ona mənzil verilməyəcək. Belə bir şərtin irəli sürülməsi isə bəzi gənclər tərəfindən mənzil almaq üçün fırıldaqlara əl atılması təhlükəsidir. Bundan əlavə “Kamalot” Gənclər Təşkilatının üzvləri olan gənc ailənin hər ikisi yetimdirsə və “Mehribanlıq”uşaq evlərində-internatda olanlara mənzil növbədənkənar veriləcək.