Özbəkistan və Almaniya birgə Əməkdaşlıq Şurası yaradacaqlar

Fevral ayının sonlarında Almaniyanın paytaxtı Berlində Özbəkistan-Almaniya Əməkdaşlıq Şurası yaradılacaq. 
Bununla bağlı Özbəkistan Xarici İqtisadi Əlaqələr, Ticarət və İnvestisiyalar Nazirliyində Almaniyanın Daşkənddəki səfiri Naytxart Xefer Vissinqlə görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığa təkan verəcək və ortaya çıxan bir çox problemləri tənzimləyəcək birgə əməkdaşlıq şurasının yaradılması qərara alınıb. Tərəflər ikitərəfli əlaqələri ən yüksək səviyyədə inkişaf etdirməkdə maraqlı olduqlarını nümayiş etdiriblər. Bununla bağlı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində Əməkdaşlıq Şurasının yaradılmasının önəmli rol oynayacağı vurğulanıb. Almaniyanın Özbəkistandakı səfiri Naytxart Xefer Vissinq: “Biz qərara gəldik ki, fevral ayının sonlarında Berlində keçiriləcək toplantıda Özbəkistan-Almaniya Əməkdaşlıq Şurasını təsis edək. Bu şura iki ölkə arasında iqtisadi əməkdaşlığa yeni təkan verə və iqtisadi sahədə qarşılıqlı maraqlara cavab verəcək tədbirlər həyata keçirə bilər”,-deyib.

Qeyd edək ki,  iki ölkə arasında birgə əməkdaşlıq şurasının yaradılması təşəbbüsü Özbəkistanın kənd təsərrüfatına sərmayə qoyan alman iş adamlarından gəlib. Bu ilin yanvar ayının 15-dən 25-nə kimi Berlində keçirilən beynəlxalq “Yaşıl həftə-2015” kənd təsərrüfatı malları sərgisində Özbəkistan Avropa ölkələrinə meyvə-tərəvəz və toxuculuq məhsulları göndərilməsi barədə 130 milyon dollar dəyərində anlaşma imzalayıb.

Xefer Vissinqin sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 10 faiz artaraq 461,2 milyon avro təşkil edib. Alman iş adamları isə həmin müddətdə kənd təsərrüfatının inkişaf etdirilməsinə, kiçik biznesə, əhalinin məşğulluğu və digər sahələrə 16 milyon avro sərmayə qoyublar. Əlbəttə bu çox azdır. Xefer Vissinqin sözlərinə görə, alman iş adamlarının Özbəkistanda kənd təsərrüfatı və digər sahələrə ən azı 4-5 milyard dollar sərmayə qoya bilərlər. Bunun üçünsə müvafiq hüquqi baza yaradılmalıdır. Belə ehtimal edilir ki, Özbəkistan-Almaniya Əməkdaşlıq Şurasının təsis edilməsi bununla bağlı ortaya çıxan problemləri həll etməyə imkan verəcək.