Özbəkistan Çinin strateji müttəfiqinə çevrilir

537
Müstəqilliyini əldə etdiyi 23 il ərzində dəfələrlə xarici siyasətində müəyyən dəyişikliklər edən və bunu daha çox reallığa uyğun şəkildə qurmağa çalışan Özbəkistan son illərdə Çinlə münasibətləri yeni müstəviyə keçirib.
 Bu baxımdan Özbəkistan Prezidenti İslam Kərimovun Çinə iki günlük səfəri Daşkənd-Pekin münasibətlərində yeni mərhələnin başlaması kimi dəyərləndirilə bilər. İş orasındadır ki,  Özbəkistan Çinə ABŞ və dünyanın digər güc mərkəzləri ilə müqayisədə özünün yaxın  qonşusu kimi baxır və Pekinə münasibətdə daha çox “yaxın qonşu uzaq qohumdan daha yaxındır” müstəvisindən yanaşır. Yenə də Rusiya və digər region ölkələri ilə müqayisədə Özbəkistan Çindən özü üçün hər hansı ciddi təhlükə gözləmir və bu ölkə ilə iqtisadi əlaqələrin ildən-ilə gücləndirilməsi və genişləndirilməsi istiqamətində addımlar atır. Siyasi müşahidəçilərin əksəriyyətinin də qeyd etdiyi kimi ,Özbəkistanı Çindən yerli əhalinin  bu ölkəyə axın etməsi təhlükəsi də narahat etmir. Çünki  digər Orta Asiya ölkələri ilə müqayisədə Özbəkistanda təbii artım kifayət qədər yüksəkdir və bu da müstəqilliyini əldə etdikdən sonra ölkədə əhalinin demək olar iki dəfə artmasına gətirib çıxarıb. Məhz bu baxımdan Özbəkistanın Çinlə iqtisadi, mədəni, elmi-texniki və digər sahələrdə əməkdaşlığı genişləndirməsi bölgədə hərbi, siyasi, iqtisadi və strateji maraqları olan ölkələri, o cümlədən Rusiya və ABŞ-ı narahat etməkdədir. Hər halda Çinlə hərtərəfli əməkdaşlığın genişləndirilməsinin Rusiyanın və ABŞ-ın narazılıqlarına səbəb olacağını bilə-bilə Çinlə əlaqələrin daha da inkişaf etdirilməsini strateji məqsəd kimi önə çıxaran Özbəkistanın belə bir siyasəti  Pekin tərəfindən də rəğbətlə qarşılanmaqdadır.  Hər halda Özbəkistanın ABŞ-ın hərbi bazalarını öz ərazisində yerləşdirməkdən imtina etməsi Çin üçün göndərilən səmimi dostluq və strateji müttəfiqlik siqnalı hesab edilə bilər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən rusiyalı siyasi müşahidəçi, Orta Asiya və Yaxın Şərq üzrə tanınmış ekspert Aleksandr Knyazev: “İslam Kərimov xarici siyasət sahəsində çoxvektorluluq prins,pinə və reallığa uyğun hərəkət etmək taktikasına üstünlük verir. Bu baxımdan İslam Kərimovun Pekinə səfəri və orada apardığı danışıqlar Özbəkistanın xarici siyasətində ABŞ-n boşalmış və ya boşalmaqda olan yerini Çinin müəyyən qədər tuta biləcəyini göstərir”,- deyir.

Digər tərəfdən də Özbəkistan- Çin münasibətlərinin daha da inkişaf etdirilməsinə şərait yaradan səbəblər var. Belə ki, ABŞ-la müqayisədə Çin Özbəkistanı insan hüquqlarını pozmaqda, demokratik və hüquqi dövlət quruculuğu siyasəti yeritməkdə günahlandırmır. Yeri gəlmişkən xatırladaq ki, son vaxtlar məhz ABŞ-ın yüksək səviyyəli dövlət rəsmiləri dəfələrlə Daşkəndə səfər edərək  Termez şəhərində  və ya digər şəhərdə hərbi baza yaratmaq üçün Özbəkistan rəhbərliyinn razılığını almağa çalışıblar. Hətta Termezdə hərbi baza üçün ABŞ-ın ildə 1 milyard dollar icarə haqqı verməyə razı olduğu barədə Özbəkistan rəhbərliyinə rəsmi təkliflər edildiyi də iddia edilir.

Buna nail ola bilməyəndə isə Özbəkistanda insan hüquqlarının pozulması barədə hay-küy qaldırıblar.  ABŞ-ın bu cür cəhdləri isə təbii ki, Özbəkistanın Çinlə daha da yaxınlaşma siyasəti yeritməsində az rol oynamır. Nəhayət, Özbəkistan Çinin ərazi bütövlüyünü dəstəkləyərək Tayvanı bu ölkənin ayrılmaz hissəsi hesab edir. Daşkənd Tayvanı Çinin işğal edilmiş ərazisi hesab edir. Digər tərəfdən də Özbəkistanın bölgədə ABŞ-a münasibətdə digər qonşu ölkələri, o cimlədən Çin və Rusiyanı qıcıqlandıra biləcək addımlar atmaması Pekində məmnunluqla qarşılanmaqdadır.  Ona görə də Çin Özbəkistanın simasında regionda əsas iqtisadi, hərbi, siyasi və strateji tərəfdaşını görməkdədir. Buna paralel olaraq Çini Özbəkistanda insan hüquqlarının pozulması və bu müstəvidə çoxsaylı spekulyasiyalara baş vurulması ümumiyyətlə maraqlandırmır. Çin bölgədə siyasi deyil, ilk növbədə iqtisadi maraqlarını önə çıxararaq həvəslə Özbəkistanda müxtəlif sahələrə yüz milyonlarla dollar sərmayə qoymaqdadır.  Bu da öz növbəsində Özbəkistanda razılıqla qarşılanır. Buna paralel olaraq Çin eyni zamanda Özbəkistana Əfqanıstandan gələ biləcək təhlükənin qarşısını almaqda da önəmli rol oynaya bilər.

 

6 milyard dollarlıq anlaşma

Özbəkistanın özünün xarici siyasətində Çinlə əməkdaşlığı genişləndirmə xəttinə üstünlük verdiyini İslam Kərimovun Pekinə səfərində orada Çin rəhbərləri ilə keçirdiyi görüşlər də bir daha sübut etdi.

Belə ki,  səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı ticarət dövriyyəsinin  6 milyard dollara çatdırılmasını nəzərdə tutan 22 anlaşma imzalandı.  Xatırladaq ki, ötən il İslam Kərimovun Pekinə səfəri zamanı  iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 5,2 milyard dollara çatdırılması barədə razılıq əldə edilmiş və buna nail olunmuşdu.  Bu baxımdan tərəflərin bu il qarşılıqlı ticarət dövriyyəsini 6 milyard dollara çatdıra bilməsi nəzəri və praktiki baxımdan şübhə doğurmur.  Hər halda İslam Kərimovun Çinə səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 22 anlaşma imzalanması Pekin-Daşkənd münasibətlərinin zirvəsi hesab edilə bilər. Çin Xalq Respublikasının sədri Si Tszıpin öz növbəsində İslam Kərimovun Pekinə səfərini yüksək qiymətləndirərək iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkişaf etdiyini xüsusi vurğulayıb. O deyib ki, Çin Özbəkistanda iqtisadi sahələrə, o cümlədən yanacaq-energetika komplekslərinə, kənd təsərrüfatına, nəqliyyat-inşaat infrastrukturuna, birgə sənaye müəssisələrinin  inşa edilməsinə, sənaye parklarının yaradılmasına yardım etməyə,  Çin-Mərkəzi Asiya qaz kəmərinin yeni qollarının istifadəyə verilməsində, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşasının reallaşdırılmasında, o cümlədən təhlükəsizlik sahəsində, terrorizmə və radikal dini qruplaşmalara qarşı mübarizədə Daşkəndə ən yüksək səviyyədə dəstək verməyə hazır olduğunu bəyan edib.

İslam Kərimov da Çinlə münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsindən razı qaldığını və bu əməkdaşlığın strateji tərəfdaşlıq səvəiyyəsinə çatdırılmasında maraqlı olduğunu xüsusi qeyd edib. Kərimovun Pekinə səfərinin yekunlarına həsr olunan birgə bəyannamə imzalanıb Bəyannamədə Özbəkistanın Çinin “Vahid Çin” siyasətini dəstəklədiyi və Tayvanın müstəqilliyinə qarşı çıxdığı da vurğulanıb.

Bundan əlavə Çin rəhbəri mədəniyyət, turizm, təhsil, səhiyyə sahəsində də Özbəkistanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını  bəyan edib. Beləliklə bu gün başa çatacaq İslam Kərimovun Pekin səfəri Çin- Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq” səviyyəsində inkişaf etdirildiyini və Pekinin Orta Asiyada daha da möhkəmlənməkdə olduğunun nümayişinə çevrilməkdə olduğunu göstərir.

ƏZIZ MUSTAFA,