Özbəkistan beynəlxalq aləmdə baş verən hadisələrdən narahatdır

Rusiyanın Ukraynaya qarşı təcavüzünün genişlənməkdə davam etməsi və bu müstəvidə münaqişə zonasında hadisələrin təhlükəli istiqamətdə inkişafı və bölgədə əmələ gələn gərginlik  bölgəyə qonşu digər ölkələr kimi, Özbəkistanda da xüsusi narahatlıqla qarşılanmaqdadır.
 Bunu Özbəkistanın məsələ ilə bağlı ciddi narahatlıq keçirdiyini artıq nümayiş etdirməsi də sübut etməkdədir. Bu çərçivədə də Özbəkistan dünyada geosiyasi qarşıdurmanın və gərginliyin artmasından narahat olduğunu növbəti dəfə bəyan edib. Bununla bağlı məsələyə münasibət bildirən Özbəkistan Prezidenti İslam Kərimov dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin bəşəriyyətin gələcəyi üçün real təhlükəyə çevrildiyini də xüsusi vurğulayıb.

İslam Kərimov: “Özbəkistan sülhsevər dövlət kimi beynəlxalq aləmdə tanınan sərhədlərin zorla dəyişdirilməsinin əleyhinədir, eyni zamanda geosiyasi toqquşmaların, təsir dairəsi uğrunda mübarizə aparan dövlətlər arasında gərginliyin artmasından təşviş keçirir. Biz əksər sülhsevər dövlətlər kimi terrorun, radikalizmin, ekstremizmin əleyhinəyik və bəşəriyyətin yeni müharibə fəlakətinə sürüklənməsinin qarşısının təcili şəkildə alınması üçün tədbirlərin görülməsini tələb edirik”,-deyib.

İslam Kərimov qeyd edib ki, Özbəkistanın qarşısında duran əsas vəzifələrdən biri də bütün ölkələrlə, o cümlədən qonşuları ilə də sıx, səmimi, qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq etmək, onlarla bəşəriyyəti gözləyən qlobal təhlükələrə qarşı birgə mübarizə aparmaq və bununla bağlı müvafiq tədbirlər həyata keçirməkdir. İslam Kərimov bu müstəvidə də ölkəsinin hər hansı hərbi bloka qoşulmayacağını xüsusi vurğulayıb. Özbəkistan Prezidenti: “Biz öz ərazimizdə hər hansı ölkəyə məxsus hərbi bazanın yerləşdirilməsinə, ondan digər dövlətə və ya dövlətlərə qarşı istifadə edilməsinə imkan verməyəcəyik. Biz eyni zamanda hər hansı hərbi bloka qoşulmayacağıq, öz hərbi qüvvələrimizi də ölkə ərazisindən kənara göndərməyəcəyik. Özbəkistanın təhlükəsizlik konsepsiyasının əsasında da məhz bu önəmli amillər öz əksini tapıb. Beynəlxalq aləmdə baş verən hadisələr bizim məsələyə belə yanaşmağımızı tələb edir və belə hesab edirəm ki, biz ən doğru yolu seçmişik”,- deyib.

Siyasi müşahidəçilərin fikrincə, İslam Kərimovun son açıqlaması Ukraynada baş verən hadisələrlə bağlıdır. Belə ki, bu gün Ukraynada yalnız Avropanın deyil, həm də postsovet məkanı ölkələrinin taleyi həll olunur. Putinin Ukrayna problemini uğurla həll etdikdən sonra növbəti hədəfinin məhz postsovet məkanı ölkələri olacağı və onları da Ukraynanın taleyindən daha ağır talenin gözləyəcəyi ehtimal edilir. Belə bir vəziyyətdə isə postsovet məkanı ölkələrinin Ukraynada baş verənləri həssaslıqla izləməsi təsadüfi deyil. Bir sözlə, Putin Ukrayna münaqişəsini özü istədiyi kimi həll edəcəyi təqdirdə MDB məkanı ölkələrinin taleyi bir tükdən asılı olacaq.

Digər tərəfdən də, sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılması istiqamətində atılan addımlar və nəticədə “Taliban”ın yenidən regionda hakimiyyəti ələ keçirməsi təhlükəsi də Özbəkistanda təşvişlə qarşılanmaqdadır. Belə ki, “Taliban”ın Özbəkistanla sərhədə nəzarəti ələ keçirməsi regionda dini radikal güclərin fəallaşması və onların yerli hakimiyyətə qarşı açıq mübarizəyə başlaya bilməsi ehtimalını gündəmə gətirib. Bölgədə baş verən hadisələrə münasibətdə olduqca həssas davranan Prezident İslam Kərimovun məsələ ilə bağlı həyəcan təbili çalması da məhz həm Ukraynadan, həm də Əfqanıstandan gözlənilən təhlükə ilə bağlıdır.

ABŞ yardım əli uzadır

Prezident İslam Kərimovun bölgədə baş verənlərlə bağlı həyəcan təbili çaldığı bir vaxtda ABŞ Özbəkistanın təhlükəsizliyini təmin etmək üçün ona yardım əli uzatdığını nümayiş etdirib. Belə ki, ABŞ Əfqanıstandan çıxardığı hərbi texnikanın bir hissəsini Özbəkistana verdiyini bəyan edib. Bununla bağlı “Amerikanın səsi” radiostansiyasının Özbək Xidməti Redaksiyasına verdiyi açıqlamada ABŞ dövlət katibinin köməkçisi Daniel Rozenblyum deyib ki, Əfqanıstandan çıxarılacaq ABŞ hərbi texnikasından 308 ədəd zirehli avtomobil, 20 ədəd zirehli texnika Özbəkistana verilib. Daniel Rozenblyum: “Özbəkistana verdiyimiz hərbi texnika yalnız terrora və narkotik maddələrin alverinə qarşı mübarizə məqsədi ilə istifadə ediləcək”,-deyib.

Əslində Daniel Rozenblyum  açıq deməsə də, aydın məsələdir ki, bu hərbi texnika Özbəkistanın təhlükəsizliyinin təmininə və ona xaricdən gözlənilən təhlükələrə qarşı yönəlib. ABŞ-ın Özbəkistana etdiyi hərbi yardımın gələcəkdə də davam edəcəyi istisna edilmir. Lakin bu yolla  Özbəkistanın təhlükəsizliyini təmin etmək mümkün olacaqmı? Bu suala birmənalı cavab vermək çətin olsa da, bir şey aydındır: Bu gün postsovet məkanı ölkələrinin taleyi Ukraynada həll olunur…

Əziz Mustafa