Özbək qaçqın terrorçuluqda günahlandırılır

682

Beynəlxalq aləmdə terrorla mübarizəni özünün əsas məqsədinə çevirdiyini elan edən ABŞ ölkə daxilindəki müsəlman ölkələrindən olan miqrantların bütün fəaliyyətini nəzarət altında saxlamağa çalışır.

Bu məqsədlə müxtəlif səbəblərdən ABŞ-a mühacirət edərək bu ölkədə yaşamağa məcbur olan müsəlman miqrantların bütün yazışmaları, onların addımları, nə işlə məşğul olduqları addımbaaddım izlənilir. Bunu ötən gün Özbəkistandan qaçaraq ABŞ-a sığınan Fəzləddin Qurbanovla bağlı keçirilən məhkəmə prosesi də sübut etməkdədir. Belə ki, Aydaho ştat məhkəməsinin qərarı ilə Fəzləddin Qurbanov 25 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçu qruplara yardım göstərmək, qeyri-qanuni partlayıcı maddələr saxlamaqda günahlandırılır. Fəzləddin Qurbanov həbs cəzasını Federal həbsxanada keçirməli olacaq. Lakin Fəzləddin Qurbanovun həbs müddəti artırıla da bilər. Belə ki, Fəzləddin Qurbanovla bağlı hazırda Yuta ştatında da cinayət işi başladılıb. Yuta ştat məhkəməsi özbək miqrantı ştat daxilində partlayıcı cihazları necə düzəltməyin mümkün olduğu barədə informasiya yaymaqda günahlandırır. İddiaya görə, 2013-cü ildə Fəzləddin Qurbanov Yuta ştatı ərazisində terrorçuluq fəaliyyətini təbliğ edib. Bu iddialar təsdiqini tapacağı təqdirdə Fəzləddin Qurbanovu daha 20 il həbs cəzası gözləyəcək. Qeyd edək ki, Fəzləddin Qurbanov 2013-cü ildə ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Elə həmin ildə də onun üzərində məhkəmə prosesi başlayıb. Lakin ilkin mərhələdə həbs edilənin günahı kifayət qədər sübut edilmədiyindən Qurbanovun məhkəməsi bir il təxirə salınıb. 2014-cü ildə, nəhayət ki, ABŞ xüsusi xidmət orqanları Qurbanovun günahını sübut edə biləcək faktlar əldə edə biliblər. Həmin ilin dekabr ayında Fəzləddin Qurbanov üzərində məhkəmə başlayıb. Məhkəmədə Qurbanova qarşı Özbəkistan İslam Hərəkatını dəstəkləmək və bu quruma yeni üzvlər cəlb etmək, ona maliyyə yardımı göstərmək adı altında cinayət işi qaldırılıb. Bundan əlavə, Fəzləddin Qurbanovun partlayıcı qurğular hazırladığı və bununla bağlı onun mənzilindən hərbi sursat və partlayıcı maddələr hazırlanmasında istifadə edilən elementlər tapıldığı bildirilib. Fəzləddin Qurbanovun şəxsi kompüterindən isə onun terrorçularla yazışmaları aşkar edilərək fakt kimi məhkəməyə təqdim edilib. Özbək miqrantın fəaliyyətini izləyən Federal Təhqiqat Bürosunun gizli əməkdaşı onun ABŞ-ın hərbi bazasını partlatmağa hazırlaşdığını sübut edən digər materialları da məhkəmədə nümayiş etdirib. O, Fəzləddin Qurbanovun ABŞ hərbi bazasında partlayış törətmək niyyətində olduğunu sübuta yetirmək üçün evində kustar üsulla bomba hazırladığını söyləyib. 2015-ci ildə keçirilən məhkəmə prosesi zamanı isə Qurbanovun günahı, belə demək mümkünsə, sübuta yetirilmiş hesab edilib. Ona qarşı qeyri-qanuni yollarla partlayıcı qurğular saxlamaq və Özbəkistan İslam Hərəkatına yardım etmə iddiası ilə 25 il müddətinə azadlıqdan məhrum etmək barədə vəsatət qaldırılıb.

Məhkəmə materiallarında Fəzləddin Qurbanovun terrorçu Özbəkistan İslam Hərəkatının üzvləri ilə “Skayp” vasitəsilə danışdıqları, onlarla söhbətində amerikalılara nifrət etdiyini, amerikalı hərbçilərə qarşı uzaqdan idarə edilən cihaz vasitəsi ilə terror aktı törətməyə hazırlaşdığını vurğulaması öz əksini tapıb. İddiaya görə, Fəzləddin Qurbanov Aydaho və Texas ştatlarındakı hərbi bazalara və ya akademiyaya qarşı təxribata hazırlaşırmış. Fəzləddin Qurbanovla bağlı Yuta ştatının məhkəməsinə gəlincə, prosesin bağlı qapılar arxasında keçiriləcəyi gözlənilir. Çünki məhkəmə prosesi zamanı ABŞ üçün sirr hesab edilən bəzi faktların sübut kimi ortaya qoyulacağı gözlənilir. Əlbəttə, Fəzləddin Qurbanovun məhkəməsi ilə bağlı prosesi adi qarşılamaq olar. Hər halda ABŞ-ın öz təhlükəsizliyini təmin etmək hüququ var. Bununla belə, Fəzləddin Qurbanovun məhkəməsi göstərdi ki, ABŞ-da bu ölkəyə gələn miqrantlar üzərində sərt nəzarət rejimi mövcuddur və onların izlənilməsi prosesi həyata keçirilir. Özü də bu zaman miqrantın danışıqları qeydə alınır. Təsadüfən və ya ehtiyatsızlıq ucbatından deyilən hər hansı bir söz isə miqrantın əleyhinə çevrilən fakt ola, onun terrorçuluqda günahlandırılaraq uzun müddət həbsə atılması ilə nəticələnə bilər. Belə davam edəcəyi halda, yaxın gələcəkdə ABŞ miqrantlar üçün arzuedilməz ölkəyə çevriləcək.

Əziz Mustafa