“Öz tarımı da ona bağışlayacağam”

520

Azərbaycanın ən görkəmli xanəndələri əsrlərdən bəri tarın müşayiəti ilə oxumuş və bu günümüzə gəlib çatan muğamların formalaşmasında tarzənlərin xidmətlərindən istifadə etmişlər. Bu günlərdə Mingəçevir Şəhər Üzeyir Hacıbəyli adına 1 saylı Musiqi Məktəbində tar müəllimi kimi fəaliyyət göstərən və bu sənət yolunda saç ağartmış Tariyel Hidayətovla həmsöhbət olduq. Tariyel müəllim tarı sinəsinə basıb barmaqlarını simlərə toxundurduqca, tellərdən qopan xoş, ürəkoxşayan səda dinləyənləri heyran edirdi.

Bəli, “Qarabağ Azərbaycan musiqisinin beşiyidir” deyiblər. Boş yerə deyilməyib ki, Ulu Tanrı qarabağlılara comərdlik verməklə  kifayətlənməyib, həm də sözlə avazın vəhdətindən yaranan ecazkarlıq bəxş edib. Qarabağlılar danışanda da sanki oxuyurlar. Bəlkə də dünyada ən çox musiqiyə bağlı çalarları özündə təcəssüm etdirənlər bu yurdun oğul və qızlarıdır. Bəli, Tariyel müəllim də belə qarabağlılardandır. Qarabağın suyunu içib, torpağından quvvət alıb. Qarabağda anadan olan tarzən, “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində bu sənətə anasının arzusu ilə gəldiyini bildirdi: “Anama həmişə rəhmət oxuyuram ki, əlimdən tutub məni musiqi məktəbinə yazdırdı”. Taleyini Mingəçevirə bağlayan tarzən 48 il ürəkdən vurğunu olduğu tar sənətindən dərs deyib. Tariyel müəllimin istedadlı yetirmələri bu gün də  onun adını ucaldırlar. Tələbələri fəxrlə: “Tariyel müəllimin yetirməsiyik”,- deyirlər.

“Tar sizin üçün nədir?” sualımıza müsahibimiz belə cavab verdi: “Əvvəlcə, onu deyim ki, sadə bir azərbaycanlı ailəsində dünyaya gəlmişəm. Məncə, Azərbaycanda tarın sevilmədiyi ailə yoxdur. Musiqiyə həvəsi məndə anam oyadıb. Anamın ən böyük arzusu məni bir tarzən kimi görmək idi. İndi bu sənətdə nə qazanmışamsa, anama borcluyam. Tar mənim üçün əziz, doğma musiqi alətidir. O həm də mənə təkcə sənət üçün yox, eyni zamanda həmdəm kimi yaxındır. Tənha qalanda, kövrələndə tarımla danışıram. Tarı sinəmə sıxanda onu dindirməmiş anlayıram ki, əlimin hənirtisinə, ürəyimin döyüntüsünə tanışdır. Onun simlərinin ahənginə, məlahətli səsinə vurğunam. Tələbələrimə də demişəm ki, əllərinizi qoruyun, çalışsanız, bu əllərin sehrindən süzülən musiqi hər kəsi heyrətə sala bilər. Onlar da mənim nə demək istədiyimi çox yaxşı anlayırlar”. Tariyel müəllimin çalışdığı Mingəçevir Şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbi indi də sayılıb-seçilən, adı qabaqcıllar çərçivəsində çəkilən məktəblərdən biridir. Bu məktəb respublikamızın mədəniyyətinə və musiqisinə, adlı-sanlı istedadlı musiqiçilər bəxş edib. O cümlədən Tariyel müəllim də bu musiqi məktəbinin məzunudur. Gənc musiqiçilərin yetişməsində böyük xidmətləri olan Tariyel Hidayətov dəfələrlə Mədəniyyət Nazirliyinin, o cümlədən Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərman və diplomları ilə təltif edilib. “Tar mənim var-dövlətimdir”,- deyə qeyd edən müsahibimiz bu dünyada  var-dövlətə həris insan olmadığını söylədi: “Tələbələrimin uğuru mənim üçün ən böyük var-dövlətdir. Tələbələrimin içərisində cəmi iki qız tələbəm var. Onu da bildirim ki, elə ilk tələbəm də Məlahət İsayeva adlı bir qız olub. İkinci qız tələbəm Məryəm isə hələ tarda 4-cü sinifdədir. Tar fiziki güc tələb etdiyi üçün çox zaman qızlar bu sənətdən imtina edirlər. Amma həmin tələbə qızlarım bu sənətə elə alışıblar ki, onlar tar çalanda heyrətimdən gözlərim yaşarır”.

“Övladlarınızdan sizin yolunuzla gedən varmı?”-sualımıza müsahibimizin cavabı belə oldu: “Üç övladımın hər biri musiqi məktəbini bitirib. Onlardan tək böyük oğlum Müşfiq tar sənəti ilə məşğuldur. Amma nəvəm mənim davamçımdır. Öz tarımı da ona bağışlayacağam, çünki mənim atam Məhəmmədin adını daşıyır”.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına 1 saylı Musiqi Məktəbinin nəzdində 2011-ci ildə xalq çalğı alətləri orkestri yaradılıb. Tariyel Hidayətov bu orkestrin bədii  rəhbəridir: “Sonda istedadlı gənclərə demək istəyirəm ki, çətinliklərdən qorxmasınlar, sənətə gəlsinlər. Əgər ürəklə bir işə girişsən, ona vicdanla  yanaşsan, pillə-pillə yüksəlib vətən üçün layiqli övlad ola bilərsən. Bu gün Azərbaycanımızda tariximizə, mədəniyyətimizə, musiqimizə böyük diqqət yetirilir. Gün o gün olsun ki, torpaqlarımızı işğaldan azad edib, nəğmələrimizi Qarabağımızda səsləndirək. Bizim nəğmələrimizə həsrət qalan Qarabağ torpaqlarımız musiqilərimiz səsi ilə bütün dünyaya səs salsın”.

Esmira Hidayətova, Mingəçevir