“Öz işinin vurğunu olan jurnalist dağı dağ üstə qoymağı da bacarar”

533

Esmira Hidayətova, Mingəçevir
Bu günlərdə Mingəçevirdə jurnalistlərlə keçirilən tədbirlərdən birində Bakı Dövlət Universitetinin (BDU) dosenti, jurnalistika fakültəsində elmi işlər üzrə dekan müavini, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, filologiya elmləri namizədi Sevinc xanım Əliyeva ilə həmsöhbət olduq. Sevinc xanım bu fürsətdən istifadə edib, qarşıdan gələn milli mətbuat günü münasibətilə bütün həmkarlarını təbrik etdi. Onlara çətin, məsuliyyətli və həm də şərəfli peşələrində dözüm, səbir arzuladı. Bu arada biz də öz suallarımızı Sevinc xanıma ünvanladıq.
– Sevinc xanım, bir müəllim kimi sizin fikrinizcə, bir jurnalistin sahib olduğu ən ümdə mənəvi keyfiyyət və ümumiyyətlə, əsl jurnalist necə olmalıdır?
– Mən bir müəllim kimi ilk olaraq onu demək istərdim ki, bizim perspektivli gənclərimiz çoxdur, yəni onlar jurnalistikanın bütün sirlərinə yiyələnirlər və peşəkarcasına bu işlə məşğul olmağa can atırlar. Gənclərimizdə bu enerjini görəndə, sözün həqiqi mənasında, adamın ürəyi açılır. Həm də jurnalistika elə bir sahədir ki, bu saat texnika, texnologiya inkişaf edib, əsrimiz texnologiya əsridir, sosial şəbəkələr, internet və s. burada jurnalistə işləmək üçün böyük imkanlar yaranıb. Ona görə də jurnalistlərin informasiya almaq, ötürmək baxımından işləri bir az yüngülləşib. Nəzərə alsaq ki, jurnalistin ümdə vəzifəsi oxucunu məlumatlandırmaq və intellektini artırmaqdır, deməli, o özü də yüksək intellektual səviyyəyə malik olmalıdır. Jurnalistdə operativlik, obyektivlik, jurnalistin özünün fantaziyası, işgüzarlıq kimi keyfiyyətlər də önəmlidir. Onu da demək yerinə düşərdi ki, biliyin olmadığı yerdə bunlar oxucu üçün o qədər də yararlı olmur. Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki, jurnalist, bir tərəfdən, mövzu ilə yaşamalı, digər tərəfdən, bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz həqiqəti özümüzə görə qiymətləndiririk.
– Qarşıdan milli mətbuatımızın növbəti yubileyi gəlir. 141 ildir mövcud olan Azərbaycan mətbuatı müasir dövrdə ictimai-siyasi həyatımızda hansı rola malikdir?
– 1875-ci il, iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirdi. Bu prinsipləri əldə rəhbər tutan “Əkinçi”nin ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə də dövrün mütərəqqi fikirlərini öz səhifəsində əks etdirib, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarıb. Azərbaycanda mətbuatın inkişafı üçün bütün lazımi addımlar atılıb, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizdə mətbuatın inkişafına, azad sözə, azad fikrə geniş imkanlar yaratdı. Onu da vurğulayım ki, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən biri olan “mətbuat cəmiyyətin güzgüsüdür” çağırışı söz və mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi.
– Bu gün mətbuatın qarşıya qoyduğu hədəf nədir, müstəqilliklə bağlı daha çox hansı mövzulara yer verilməlidir?
– Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuat bu sahədə daha güclü, qərəzsiz, vətənpərvər olmalıdır. Bu baxımdan da jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır. Biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Prezidentimizin dediyi kimi, müstəqillik, sadəcə, dövlət atributu deyil. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Bu mövzuda da daha çox rəngarəng yazılar yazmaq olar. Bəzən jurnalist mövzu tapmaqda çətinlik çəkir. Amma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra o qədər inkişaf edib ki, onun hər bir qarışı mövzu, yaxşı xəbər, informasiya mənbəyidir. Yetər ki, jurnalistlərimizdə yazı yazmağa həvəs olsun, səbir olsun.
– Jurnalistika fakültəsinin müəllimi olaraq, “reket nəşr”lərin Azərbaycanda fəaliyyəti sizi narahat edirmi?
– Bu hamımızı narahat edən problemdir. Reket jurnalistlərin arasında bizim məzunlar ola bilməz. Yəni bizim fakültədə təkcə jurnalistika peşəsini öyrətmirlər, burada həm də mənəvi təmizlik dərsi keçirlər. Ona görə inanmıram ki, bizim məzunlarımız reketçiliklə məşğul olsunlar.
– Bugünkü müasir jurnalistikamızda nələr çatışmır?
– Bu gün çox təəssüflər olsun ki, satirik jurnalistika yoxdur. Ötən əsrin jurnalistikasında publisistikaya daha çox üstünlük verirdilər və daha çox reportajlar hazırlanırdı, daha çox publisistik yazılar yazılırdı, satirik jurnalistika inkişaf edirdi. Bu gün satiradan bir az uzaqlaşmışıq. Felyeton yazan yoxdur, ümumiyyətlə, satirik jurnalistika geridə qalıb.
– Əgər sirr deyilsə, jurnalistikaya marağınız necə yaranıb?
– Orta məktəb illərindən, beşinci sinifdə oxuyandan məndə bu sahəyə maraq yaranıb. Bir haqsızlıqla qarşılandım və o haqsızlığı bir beşinci sinif təfəkkürü ilə elə bil içimdən bir yazmaq (türklər demiş, bir hayqırmaq) gəldi. Və mən o yazını yazdım. Azərbaycan pioneri qəzetinə ötürdüm. Bax onda valideynlərim də hiss etdilər ki, məndə yazı yazmaq qabiliyyəti var. O vaxtlar məktəblərdə “gənc müxbirlər” dərnəkləri var idi. Mən də bu dərnəklərə gedirdim və yazımı daha da təkmilləşdirirdim. Daha sonralar yazılarım mətbuatda çıxırdı. Elə o vaxtdan bu sənətin vurğunu oldum. Daha sonra jurnalistika fakültəsinə qəbul oldum və bu gün də fəxr edirəm ki, həmin fakültədə mən artıq öz müəllimlərimlə çiyin-çiyinə işləyirəm.
– Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər üçün Mətbuat Şurasının təşəbbüsü ilə qabiliyyət imtahanı tətbiq edildi və bu qabiliyyət imtahanının üstünlüyü nədən ibarətdir, bundan sonra bu sahəyə yenə də maraq varmı?
– Zaman keçdikcə bu peşəyə əsl istedadı olan gənclər gələcək. Artıq iki ildir ki, bizdə qabiliyyət imtahanı keçirilir. Mən etiraf edim ki, iki il bundan öncə bizim tələbələrin sayı çox idi. Amma bu iki ildə bu say bir az azaldı. Ötən il sənəd verən 500-dən çox olsa da, 47 nəfər qəbul olunmuşdu. Sadəcə, qabiliyyət imtahanında özünü sınaya bilməyənlər kəsildilər. Hətta bəziləri heç qabiliyyət imtahanına belə girmədilər. Çünki onlarda bir xof yaranmışdı ki, keçə bilməyəcəklər. Amma mən fürsətdən istifadə edib bütün gənclərə demək istəyirəm ki, qorxmasınlar, jurnalistikada qabiliyyət imtahanı orta məktəb səviyyəsində yazılmış bir inşadır. Çox adamlar da elə düşünürlər ki, bu, ixtisarlara səbəb olur və uşaqların sayı azalır. Amma biz kəmiyyət arxasınca qaçmamalıyıq, keyfiyyət dalınca qaçmalıyıq. Onu da deyim ki, qabiliyyət imtahanının üstünlüyü ondan ibarətdir ki, birinci, ikinci kursda təhsil alan jurnalistlər bu sənəti seçib sevənlərdir və özünə inananlardır. Onların gələcəkdə perspektivi daha çox olacaq. Ona görə ki, bu insanlar bu sənətin bütün çətinliklərinə dözməyə hazır insanlardır. Amma əvvəllər digər ixtisaslara sənəd verib, o yerə balları çatmayan abituriyentlər könülsüz olsalar da, nəyə görəsə də jurnalistikanı seçirdilər. Jurnalistika isə yaradıcılıq deməkdir, istedadı olmayan adam özünü bu sahədə tapa bilməz. Əvvəllər məzunlarımızın 1 və ya ikisi bu sahəni davam etdirirdi. İndi isə ümid edirik ki, sayından asılı olmayaraq qəbul olunanlar yəqin ki, bu sənətin fanatlarıdır və bu sənəti davam etdirəcəklər.
Sonda Sevinc xanım Mingəçevirdə ilk dəfə olduğunu bildirdi və ümumiyyətlə, Azərbaycanın bölgələrində az olduğunu dedi. Amma onu da qeyd etdi ki, bundan sonra tez-tez bölgələrdə tədbirlərdə iştirak edəcək və bölgə mətbuatında çalışan jurnalistlərin qayğıları, problemləri ilə daha yaxından tanış olmaq üçün əlaqələri genişləndirəcək.