Öz işinin memarı

 

Kəndimizdəki sonuncu avtobus dayanacağının 10-15 metrliyində bir ev var. Öz quruluşuna görə digər evlərdən fərqlənir həmin ev… Hazırda sabiq sovxoz direktoru Bahəddin Bayramovun oğlu Səlahəddin Bayramovun (o da bir müddət sovxoz direktoru vəzifəsində çalışıb) ailəsinin yaşadığı həmin ev bir zamanlar Müsənnif Məmmədova məxsus idi.

Müsənnif Məmmədov 1930-cu ildə Alpan kəndində anadan olub. Orta təhsilini Alpan kənd məktəbində alan Müsənnif Məmmədov 1953-cü ildə Quba DMU-nun dil-ədəbiyyat fakültəsini bitirib və həmin ildə təyinatla Yardımlı rayonunun Nisəkələ kənd yeddiillik məktəbinə göndərilib. Bu təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı fənninin aşağı səviyyədə tədrisindən, həmçinin qızların məktəbə müntəzəm gəlməməsindan narahat olan gənc müəllim orada çalışdığı iki il ərzində bu sahələrdə dönüş yaratmağa nail olub.

Onun bu fədakarlığı, həm də təşkilatçılıq bacarığı diqqət mərkəzindən kənarda qalmayıb. Odur ki, Müsənnif müəllim bu rayonun Dağüzü kəndinə direktor təyin olunub. Gənc müəllim bir il ərzində burada da etimadı doğruldub. Daha sonra isə o, Yardımlının Porsava kəndindəki məktəbdə direktor vəzifəsində çalışıb. 1957-ci ildə ailə vəziyyəti ilə əlaqədar Yardımlıdan ayrılan Müsənnif müəllim dogma kəndi Alpandakı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib və 13 il burada çalışıb. Bu illərdə, daha doğrusu,  1965-ci ildə o, APİ-nin dil-ədəbiyyat fakültəsini də bitirib.

Müsənnif Məmmədov həyat yoldaşı Gülsüm xanımla

1970-ci ilin dekabr ayından 1977-ci ilin aprelinə qədər Rayon Xalq Maarif Şöbəsində metodist vəzifəsində işləyən Müsənnif müəllif ərizəsinə əsasən bu işindən uzaqlaşıb və Quba şəhərindəki   5 saylı orta məktəbdə öz fənnini tədris edib. 1 sentyabr 1977-ci ildə isə 4 saylı orta məktəbinə müəllim və tədris işləri üzrə direktor müavini təyin olunub. İki ildən sonra  o,  şəhər 1 saylı məktəbində müəllim və direktor kimi fəaliyyətini davam etdirib. O, bu vəzifədə 2003-cü ilin avqust ayına kimi fəaliyyət göstərib və pensiyaya çıxması ilə əlaqədar işindən uzaqlaşıb.

Müsənnif Məmmədov  10 mart 2014-cü ildə infarktdan dünyasını dəyişib.

Qayğılı insan

“Müəllim adı yüksək və şərəfli addır. Bu adın arxasında ömrünün ziyasını, gözlərinin nurunu, ürəyinin sevincini şagirdləri ilə bölüşməyi bacaran bir sima durur… İlk müəllimimin dediyi bu sözlər arzuma qanad vermis, sənətimə məhəbbətimi daha da artırmışdır”. Müsənnif müəllim müəllimlik peşəsini seçməsinə  həmişə bu sözlərlə cavab verərdi.

Müsənnif müəllim bir müəllim kimi həmişə qayğılı görünərdi. Onun baxışlarından bunu sezməmək mümkün deyildi.  O, mənim yaddaşıma ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə  çalışan və ömründən ömürlərə pay verən müəllim kimi həkk olunub. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənər, ürəyi qürurla dolardı. Müsənnif müəllimdən söz düşəndə “o, müəllim olanda özünü direktor, direktor olanda isə müəllim kimi aparardı” deyən atamdan eşitdiklərimə istinadən bildirirəm ki, “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunan Müsənnif müəllim  ictimai işlərdə də  həvəslə, can-başla çalışardı. Belə ki, o, rayonda pedaqoji bilikləri yayan xalq universitetinin prorektoru, respublika MMTİ-nin ştatdankənar metodisti, rayon xalq məhkəməsinin iclasçı kimi də fəaliyyət göstərərdi. O eyni zamanda rayonda ilk  kooperativ yaşayış binası (Qəçrəş yolunda) tikdirməyə də nail olmuşdur.

Müsənnif Məmmədov

 

Haşiyə

Cabir Məmmədovun yaddaşından: “Babam Paşa kişinin 4 oğlu (Əlhadi, İsrafil, Əziz, Müsənnif) olub. Müsənnif əmim ailənin kiçik övladı olmasına baxmayaraq, o, həmişə fərqlənib. Belə ki, o, bu ailənin üzvlərinə, həmçinin onların ardıcıllarına yol göstərən olub. Hətta mənim də həkim olmağıma Müsənnif əmim vəsilə olub. Bir dəfə əmim Müsənnif müəllim məndən soruşdu ki, orta məktəbi bitirəndən sonra hansı sənət sahibi olacaqsan. Mən də dedim ki, bəs hüquşünas-prokuror olmaq istəyirəm. O, mənə həkimliyi tövsiyə etdi, üstəlik, öz arqumentləri ilə mənə bu peşəni sözün həqiqi mənasında sevdirdi”.

 

Nümunəvi ziyalı

Zöhrə Qasımovanın yaddaşından: “Müsənnif müəllim mənə də dərs deyib. O, cox savadlı müəllim idi. Tale elə gətirdi ki, sonradan onun rəhbərlik etdiyi 1 saylı məktəbdə müəllim kimi çalışdım. Məhz burada mən onun digər xüsusiyyətlərinin də şahidi oldum. Şahidi oldum ki, o, nizam-intizamı sevən, işinə vicdanla yanaşan, haqqını tələb etməyi, rəhbərlik etdiyi məktəbi göz bəbəyi kimi qorumağı, həmçinin sözünü açıq deməyi bacaran şəxsdir. Bu mənada onu öz işinin memarı da adlandırardılar. Həmişə də özünü ağayana aparardı. Bu  kimi müsbət keyfiyyətlərinə görə Müsənnif müəllim rayon miqyasında sayılıb-seçilən şəxslərdən biri idi. Elə Rayon İcra Hakimiyyəti tərəfindən onun 70 illik yubileyinin məktəbimizdə təşkili də buna misal ola bilər. Bu gün də o, kollektivimizdə ehtiramla yad olunur.

Yeri gəlmişkən onu da deyim ki, o mənim bibim Gülsüm xanımın (Əlibala kişinin qızı) həyat yoldaşı idi (Müsənnif müəllim 1954-cü ildə ailə həyatı qurub). Özü də çox qohumcanlı kişi idi. Lakin o mənim öz çalışdığı məktəbdə işə düzəlməyimə razı olmadı. Dedi ki, işdə qohumluq olmaz”.

Müsənnif müəllim (ortada) məktəbdə keçirilən tədbirlərin birində

İsmayıl Süleymanovun yadddaşından: “Ciddi xasiyyəti vardı Müsənnif müəllimin. Özünə qarşı çox məsuliyyətli idi. Rejim gözləyən adam idi. Adamda nöqsan tutanda da onu ikinci dəfə təkrar etməzdi.  Yəni sözü bir dəfə deməyi sevərdi. Onun dərs dediyi sinifdə kimsə artıq hərəkət edə bilməzdi.”

Neman Qədirbəylinin yaddaşından: Müsənnif Məmmədov mənə 6-cı sinifdə dərs deyib. Heç vaxt dərsə gecikməzdi. Dərsi bilməyən şagirdləri özünəməxsus formada cəzalandırardı. Əgər belə demək mümkünsə, intizamsızlara qarşı o bir qədər qəddar idi. Hə…bir də.. O, geyiminə ciddi fikir verərdi. Hətta mən deyərdim ki, geyim məsələsində onun qədər tələbkar müəllim görməmişəm.

Zabit Babayevin yaddaşından: Musənnif müəllim öz mədəni rəftarı ilə seçilən bir şəxs idi. O həm də prinsipiallığı ilə fəqlənərdi. Məsələn, adını unutduğum bir vəzifəli şəxs onun qardaşı oğluna qarşı haqsızlığa yol verilmişdi. Müsənnif müəllim həmin adama elə dərs verdi ki… Bir də o, hər bir işdə nailiyyətlər əldə etməyi ilə fərqlənərdi. Elə Quba şəhərində məktəb direktoru olduğu dövrdə çox yüksək nailiyyətlər əldə etməsini buna misal göstərmək olar. Bir sözlə o mənim yaddaşıma nümunəvi bir ziyalı kimi həkk olunub.

 

“Hər bir nailiyyətin əsasında məhz sevgi dayanır”

 

Hazırda təqaüddə olan 1 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Elxan Musayev: 

Bəri başdan deyim ki, Müsənnif müəllim şagird psixologiyasına çox yaxşı bələd idi. Onun uşaqlarla rəftarından da bunu görmək olurdu. Öz övladının olmamasına baxmayaraq, o, uşaqlarla elə səmimi rəftar edərdi ki… Yeri gələndə atalar sözlərindən, tanınmış şəxsiyyətlərin fikirlərindən elə ustalıqla istifadə edirdi ki, qarşısında olan şagird istəsə də, istəməsə də ona diqqətlə qulaq asar və özü üçün lazım olanı götürərdü. O, uşaqların arzu və təkliflərinə də sevə-sevə yanaşırdı. Məktəbimizdə idman zalının tikilməsi də elə bu qarşılıqlı anlaşmanın nəticəsi idi. Bu barədə söz düşəndə də Müsənnif müəllim bir qayda olaraq belə deyərdi: “Direktor, ümumiyyətlə müəllim şagirdləri sevmədən nəyə isə nail ola bilməz. Hər bir nailiyyətin əsasında məhz sevgi dayanır”. Bu mənada onun yüksək səbrinə, rəftarına, uşaqlara olan sevgisinə həsəd aparmamaq mümkün deyildi.

Müsənnif müəllim həya yoldaşı Gülsüm xanım və qayını Cəlal Bayramovla

O illərdə məktəbimizdə Müsənnif müəllimin sayəsində viktorinaların, ədəbi-bədii gecələrin, əmək və müharibə veteranları ilə görüşlərin keçirilməsi adi hala çevrilmişdi.

Müsənnif müəllim həmişə çalışardı ki, rəhbərlik etdiyi məktəbə savadlı müəllimləri cəlb etsin. Bununla bağlı hərdən özü də axtarışa çıxardı. Məsələn, şəxsən o, məni bir vaxtlar riyaziyyat müəllmi kimi fəaliyyət göstərdiyim Qəçrəş məktəbində dərslərimi izlədikdən sonra özünün rəhbərlik etdiyi məktəbə dəvət etmişdi. Özü də tədris işləri üzrə direktor müavini vəzifəsinə… Mən onunla 20 ildən çox birgə fəaliyyət göstərmişəm. Bu müddət ərzində ondan çox şeylər əxz etmişəm.

Hə, onun bir neçə özəlliyindən də söz açmaq istəyirəm.  O, ümumiyyətlə, məktəbdə təmizliyə ciddi fikir verərdi. Elə buna görə də biz onu hərdən təmizlik aşiqi adlandırardıq. Bir də, o heç zaman bu və ya digər yoxlamaların qarşısında boyun əyməzdi.

Cəlal Bayramov, Vahid Qubatov və Müsənnif müəllim

Onun yumor hissi güclü idi

Müsənnif müəllimin həm də yumor hissi güclü idi, zarafatlarından da qalmazdı, bədbinliyə qapılmağı isə əsla xoşlamazdı. Müsənnif müəllimin qardaşı oğlu Cabir Məmmədovun sözlərinə görə, Müsənnif müəllim Quba rayon Təhsil Şöbəsində işləyərkən Ürfan adlı bir müəllimlə dag kəndlərindən birindəki məktəbə yoxlamaya gəlirlər.  İş elə gətirir ki, onlar həmin kənddə gecələməli olurlar. Gecənin bir aləmində Ürfan müəllim ondan soruşur ki, ay Müsənnif müəllim, görəsən, adam belə ucqar dağ kəndində qəflətən agır xəstələnsə, neyləyir? Müsənnif müəllim halını pozmadan ona belə cavab verir: “Üzünü qibləyə cevirib, Kəlməyi-şəhadətini söyləyir”.

Bir də… Günlərin bir günü onun rəhbərlik etdiyi məktəbə yoxlama gəlir. Müsənnif müəllim yoxlamaya gələn şəxsin sözlərindən, davranışından onun nəsə umduğunu başa düşür. Odur  ki, həmin şəxsə deyir: “Bir qonaq kimi qulluğunda hazıram, o ki qaldı hədiyyənizə, narahat olmayın, səni yola salanda iki şagird də verəcəyəm, apararsan”. Müsənnif müəllimin bu sözlərindən sonra yoxlamaya gələn şəxs sözlərində və hərəkətlərində əgər belə demək mümkünsə, müəyyən korrektələr etməyə məcbur olur”.

Ümumiyyətlə, çalışdığı kollektivlər də əmimin şux zarafatlarına öyrəşmişdi. O, dostluqda da səmimi idi. Belə ki, əmim onların bütün qayğılarına, nigarançılıqlarına və dərd-sərlərinə şərik olmağı da yaxşı bacarırdı.”

Son

Yadımda deyil, ya kimdənsə eşitmişəm, ya da hansısa kitabdan oxumuşam: “Müəllim yeganə sənətkardır ki, əsərinin üzərində imzası olmur”. Amma mənə elə gəlir ki, adının mənası müəllif anlamı verən Müsənnif müəllimun imzası onun bir vaxtlar çalışdığı hər bir məktəbdə var.

Qvami Məhəbbətoğlu (Rəsulov)