Öz himni, öz gerbi, öz parlamenti olan məktəb

534
Prezident İlham ƏIiyev 2013-2014-cü tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. 
Sərəncama əsasən, müsabiqədə müvəffəqiyyət qazanan məktəblər 10 min manat məbləğində olan birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Bu siyahıda yer alan ölkə məktəblərinin sırasında Lənkəran şəhər 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin də adı var. Məktəbin direktoru Yeganə Əskərova ilə müsahibəmizi təqdim edirik.

– Yeganə xanım, “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülən məktəbiniz barəsində danışmağınızı istərdik.

– Vaqif Əliyev adına Lənkəran şəhər 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin tarixi Lənkəran şəhər arxivinə əsasən 1906-1907 ci illərdən “iki sinifli şəhər məktəbi” adı ilə başlanır. Qədim ənənəyə malik bu məktəb həmişə öz işini dövrün tələbinə uyğun qurub. Hər zaman özünün fərqli və uğurlu imici ilə seçilib. Nümunə, yenilikçi olmaq, daim inkişaf etmək və nailiyyətlərə doğru yüksələn xətt üzrə hərəkət etmək – 4 nömrəli məktəbin başlıca xarakteristikası olub. Biz də çalışmışıq bu işi davam etdirək. Məktəbimiz həmişə öz məzunları ilə fəxr edir, onların nailiyyətlərinə sevinir və daim onlarla əlaqə saxlayır.

– Məktəbin bu günkü fəaliyyəti haqda nə deyərdiz?

– Hal-hazırda məktəbdə 1711 şagird təhsil alır. Təlim iki dildə aparılır- azərbaycan və rus dillərində. Məktəbdə 199 müəllim işləyir. Məktəb-liseyin məzunlarının 47%-i ali məktəblərə qəbul olub. Onlarında 14%-i 500-700 bal yığıb. Şagirdlərimiz bəziləri xaricdə fəaliyyət göstərən nüfuzlu universitetlərdə təhsil alırlar. Respublika olimpiadasında kimya fənni üzrə 3-cü yer,  Rusiya səfirliyinin təşkil etdiyi rus dili olimpiadasında 2011, 2012, 2013- illərdə 1-ci yer, 2014-cü ildə isə 2-ci yeri bizim şagirdlər tutublar. Həmçinin  ABŞ-nin “Fleks” layihəsində iki qalibimiz var. 2014-cü ildə Çexiyada keçirilən “Beynəlxalq uşaq rəsm sərgisi”ndə 1-ci yer, Şahmat üzrə coxlu beynəlxalq, respublika, zona, şəhər üzrə keçirilən yarışlarda qalib olublar.  Cənub TV-nin və  Gənclər idman idarəsinin keçirtdiyi “Zəka” məktəblilər arası bilik çempionatında I yeri məktəb-liseyin komandası qazanıb. İdman sahəsində də uğurlarımız coxdur.

– Məsuliyyət varsa, zəhmət olacaq, zəhmət varsa, uğur. 2014-cü ilin ən yaxşı ümumtəhsil məktəbi adına qədər hansı nailiyyətləriniz olub?

– Məktəbimiz 2000-ci il UNESKO-nun Assosiativ Məktəblər Layihəsi”nin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə bizim məktəb-lisey “İlin ən yaxşı ümüm təhsil məktəbi “müsabiqəsinin qalibi olub. 2012-ci ildə Rusiya səfirliyinin və Rusiya əməkdaşliq nümayəndəliyinin rus dilli məktəblər arasında keçirdiyi konkursda “Rus dilinin tədrisinin təşkilində ilin ən yaxşı məktəbi” adını almışıq. Azərbaycan Respublikası Təhsil nazirliyi Akkreditasiya şurasının qərarına əsasən 22 yavar 2013-cü il tarixli 69 nömrəli əmri ilə 5 il müddətinə akkreditə olunmuşuq.

– Qoşulduğunuz layihələr də az deyil yəqin. Nümunəvi məktəb olaraq, onları da sadalayardınız.

– Məktəb-liseyimiz müasir təlim texnologiyalarının tətbiqi üzrə müxtəlif layihələrə qoşulub:  “Debat” beynalxalq təhsil proqramı,  “Addım-addım” ibtidai siniflər üçün təlim texnologiyası,  “İctimai fəal məktəblər” layihəsi,  “Azərbaycan əlaqələr və mübadilə proqramı” layihəsi , “Məktəblərin idarə olunmasında şəffavlığa doğru” layihəsi, Məktəb uşağın dostudur” pilot layihəsi, “Səmərəli məktəb” layihəsi, Şahmat fənninin tədrisi – pilot layihəsi, İngilis dilinin intensiv tədrisi- pilot layihəsi. Bundan başqa,  Azərbaycan Prezidentinin yanında yaranan Bilik Fondunun Lənkəran üzrə numayəndəsi seçildiyim üçün Qardaşlaşmış məktəblər layihəsinə qoşulmuşuq və 28-29 noyabr tarixində Sabirabad 1 nömrəli tam orta məktəbinin 17 nəfərlik numayəndəsini qəbul etmişik. “Vətəndaş təhsili” layihəsi, “Uşaq hüquqları” layihəsi, “Ekoloji tərbiyə” layihəsi, “Uşaq Parlamenti” layihəsi, “Uşaq jurnalistikası” layihəsi, “Sağlamlıq təhsili” layihəsi, “Tolerantlıq təhsili” layihəsini də unutmayaq. O cümlədən,  Müəllimlər üçün Fəal dərs təlimi, Antikorrupsiya təhsili, İnnovativ Müəllimlər Assosiasiyası, Müasir Tədris və Təlimə Yardım Mərkəzi, “Mimio”, “Mədəd” kursları, “Azeta” ingilis dili müəllimləri, Fan İngilis, Kurrikulum kurslarının da gördüyümüz işlərin uğurla davam etməsində böyük əhəmiyyəti var.

– Tədrisin keyfiyyəti naminə hansı işləri görürsüz?

– Məktəbdə dərsin keyfiyətini artırmaq üçün sağlam rəqabət şəraiti formalaşdırmışıq. Metodiki birləşmələr, məktəbdə müəllimlərin dərsə hazırlıqlarını yoxlamaq məqsədilə qarşılıqlı dərs dinləmə keçirilir, təcrübəli müəllimlərin tövsiyyələri dinlənilir. Monitorinqlər mənimsəmə faizini üzə çıxardır, həlli yollarını bir yerdə müzakirə edib qərar çıxardırlar. Bütün fənlər üzrə müxtəlif yarışmalar kecirilir. Yaxşı nəticə göstərən şagirdlər və onların müəllimləri məktəb daxilində təltif olunurlar. Ölkə üzrə isə Təhsil nazirliyi tərəfinfən indiyə kimi 4 müəllim-Döş nişanı ilə, iki müəllim -”Tərəqqi” medalı ilə təltif ediliblər. Hal-hazırda  2 müəllimimiz -İlin müəllimi adını daşıyır, onlardan biri ikinci dəfə eyni ada layiq görülüb.

– Öz himniniz də varmış…

– Bəli, bizim məktəbimizin öz himni, öz gerbi, öz parlamenti və öz qəzeti var. Məktəb-liseyin qeydiyyatdan keçmiş Valideyn Müəllim Assosiasiyası (VMA) var. Onların köməkliyi ilə nəzarət kameraları quraşdırılıb, konfrans otağı televizorla təmin olunub, bu da şagirdlərin təlimində yaxşı nəticə verir. Siniflərə 5 proyektor, 3 televizor, 7 printer -kseroks alınıb və quraşdırılıb. Uşaqların intellektual, yaradıcı və şəxsi potensiallarını aşkar etmək üçün müxtəlif klublar, dərnəklər fəaliyyət göstərir: “İngilis dili”; “Rəqs”; “Dram”; “Xor” ; “Erudit”; “Bədii qiraət”; “Şahmat” , internet və idman bölmələri və s. VMA-nın köməkliyi ilə Məktəb-liseyi “Canım Azərbaycanım”, “Gözəl kəndimiz”,”Sevə-sevə gəzirəm Azərbaycanı “, “Yer günü” Azərbaycanın bölgələrinə öyrədici səyahətlər təşkil edilib. Eyni zamanda Bakının “Qız qalası”, “Şirvanşahlar sarayı”, “Atəşgah”, “İçəri şəhər”, “Fəxri xiyaban”, “Şəhidlər xiyabanı”, “Milli park”, “Zoopark” “Bayraq meydanı” Xalca muzeyi ,Opera və Balet teatrı, Rəsm qalereyası, sirk,Gül bayramında olublar. Həmçinin Gəncə, Ağsu, İmişli, Bərdə, Astara, Masallı, Lerik, Şamaxı, Pirqulu Rəsədxana, Hirkan qoruğu, Qızılağac qoruğu, Neftçala balıqartırma zavodunu da şagirdlərimiz gəzib görüblər. Növbədə Qobustan, Şəki , Quba, Qusar, Zaqatala rayonlarına şagirdlərin səfərini planlaşdırırıq.

– Gələcəkdə həyata keçirmək istədiyiniz nə kimi planlarınız var?

– Planlarımız çoxdur, işin gedişi prosesində də müxtəlif yeni ideyalar olacaq yəqin ki. Təhsil Nazirliyinin həyata keçirəcəyi bütün layihələrdə həvəslə və inamla iştirak etməyə hazırıq. Həm müəllimlərimizlə, həm şagirdlərimizlə, həm də məzunlarımızla hər zaman ən yaxşı nümunələr sırasında olmağı seçmişik. 2014-cü ilin ən yaxşı ümumtəhsil məktəbi kimi bizi görüb seçdiyi, təltif etdiyi üçün bir daha cənab Prezidentə təşəkkürlərimizi bildiririk…

 

CAVI DAN