“Özəl kanallardakı ən pis verilişlər bizə Türkiyədən, Rusiyadan gəlir”

438
“Özəl kanallar öz fəaliyyətlərini reklam və sponsorlardan gələn gəlirlər üzərində qururlar və onların bütün fəaliyyəti kommersiya xarakterlidir. Biz onları günahlandıra bilmərik. Onlar haradan gəlir götürürlərsə, o işi görürlər. Özəl kanalların işi o qədər də asan deyil. Bu gün sizin də dediyiniz kimi, AzTV, İTV var, amma əhalinin əsas baxmaq istədiyi verilişlər haradadır? (Gülür) Özəl kanallarda. Bizim də marağımız odur ki, televiziya kanallarımızın maddi-texniki bazası, kadr potensialı güclənsin və onların reklam vəziyyəti yaxşı olsun. Telekanallar işçilərinin hər birinə, aparıcılara yüksək məvacib verə bilsin ki, o aparıcı, operator reklam haqda düşünməsin. Lakin bizim televiziya kanallarında bütün işçilər düşünür ki, kim haradan gedib reklam, sponsor tapıb gətirə bilər. Bu problem var və bu problem tədriclə həll olunmalıdır”. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya verdiyi müsahibəsində qeyd edib.
N. Məhərrəmlinin sözlərinə görə, avropalılar üçün hazırlanan verilişlər bizim üçün xarakterik ola bilməz: “Azərbaycanda həm müsəlman Şərqinin, həm də Avropa dəyərlərinin hər ikisi cəmləşib. Burada balansı gözləmək lazımdır. Avropa ölkələri, Avropa xalqları üçün xarakterik olan verilişlər, filmlər Azərbaycan üçün xarakterik ola bilməz. Çox təəssüf ki, bəzən bizim televiziya kanallarında Avropadakı verilişləri, özü də çox aşağı səviyyədə “kopya”lamaqla xalqa göstərirlər. Bu isə yaxşı hal deyil. Həmişə demişəm, bir daha qeyd edirəm ki, televiziya kanallarında, xüsusən özəl telekanallardakı verilişlərin keyfiyyəti təkcə onların istəyi ilə bağlı deyil, həm də real vəziyyətlə bağlıdır. Əgər Azərbaycanda praym-taym vaxtında reklamın bir dəqiqəsi 1000-2000 manat həcmində olursa, Türkiyədə, Rusiyada söhbət 50-60 mindən gedir. Bizdə hər hansı bir serialın çəkilişinə 10-15 min manat arasında vəsait xərclənirsə, Türkiyədə 250-300 mindən gedir söhbət. Və biz bu fərqi də görməliyik. Bəzən bizim aktyorlarımız seriallara çəkilmək üçün yüksək məbləğ istəyir. Bu normal bir istəkdir. Bunu başa düşürəm. Ancaq telekanalın həmin aktyora yüksək məbləği vermək imkanı yoxdur axı. Həm də reklam bazarı Azərbaycanda o qədər də ürəkaçan vəziyyətdə deyil. Bu reallıqları da mütləq nəzərə almaq lazımdır. Özəl kanallar da çalışır ki, daha yüksək keyfiyyətli verilişlər yaratsınlar ki, insanlar ona baxsınlar. Amma bu gün özəl kanallarda intellektual tipli verilişlər qazanc gətirmirsə, bayağı verilişlər qazanc gətirirsə, onlar bunu seçirlər. Çünki ilk növbədə onlar qazanc ardınca gedirlər. Ona görə də biz “Mədəniyyət” kanalını yaratdıq. Əvvəllər belə bir kanal yox idi. Bu, hər hansı bir ciddi dəyişikliyə səbəb oldumu?! Şəxsən mən hesab edirəm ki, “Mədəniyyət” kanalı öz üzərinə düşən funksiyanı yerinə yetirir. “Mədəniyyət” kanalının olması çox böyük hadisədir. İntellektual insanlar bu kanala baxırlar. Bunu da qeyd etməliyik. Eyni zamanda AzTV-də, İTV-də bizim əhalinin baxa biləcəyi verilişlər kifayət qədərdir. İndiki dövrdə bütün dünyada dəyərlərin çox aşağı səviyyəyə düşməsi bizim özəl kanallarda da var. Özəl kanallardakı vəziyyət təkcə Azərbaycanda deyil ki. Bu, dünyada gedir. Azərbaycanın özəl kanallarındakı ən pis verilişlər bizə xaricdən, qonşu Türkiyədən, Rusiyadan gəlir. Mən televiziya kanallarının rəhbərlərinə həmişə deyirəm ki, xarici ölkədən gələn verilişlər yerli mühitə uyğunlaşdırılarkən Azərbaycanın spesifikası, milli xüsusiyyətlər nəzərə alınmalıdır. Televiziya kanalların rəhbərləri həmişə bizə deyirlər ki, biz özümüz də o verilişlərə baxa bilmirik, xoşlamırıq. Amma bu gün məcburiyyət qarşısında buna getdiklərini dilə gətirirlər”.