“Özəl kanallara baxanda düşünürsən ki, biz ən xoşbəxt millətik”

572

“Milli Televiziya və Radio Şurası” haqqında əsasnamədə deyilir ki, şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Milli-mənəvi dəyərlərin qorunması vəzifəsi də şuranın üzərinə düşür. Hesab edirəm ki, şura bütün bu vəzifələri tam həyata keçirmir”. Bu fikirləri Milli Məclisin deputatı Elmira Axundova səsləndirib. E. Axundova Milli Məclisdə çıxışı zamanı bildirib ki, cəmiyyətimizin əksər təbəqələri yerli televiziya kanallarının fəaliyyətindən narazıdır: “Onlar televiziyaların fəaliyyətində köklü islahatlar aparılmasını tələb edirlər. Bəzi kanallarda həddən çox şou proqramlar, mətbəx verilişləri, şadlıq saraylarının və restoranların reklamları verilməkdədir. Amma milli qəhrəmanlarımız, tanınmış şəxslərimiz haqqında verilişlər, demək olar ki, yox dərəcəsindədir”.

“Axı hökumət pulları bu tip seriallar üçün ayırmayıb”

Millət vəkili milli seriallara da diqqəti yönəldib: “Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən yerli serialların çəkilməsi üçün xeyli vəsait ayrılıb. Təəssüf ki, yenə də şit, ucuz şou xarakterli seriallar ekranlarda görünür. Axı hökumət pulları bu tip seriallar üçün ayırmayıb. Milli-mənəvi dəyərləri təbliğ edən, bizim yaxın və uzaq keçmişimizi əks etdirən, müharibə, repressiya illərimizi göstərən, azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən müsibətləri nümayiş etdirən seriallar yoxdur. Xocalı faciəsi ilə bağlı bircə dənə də olsun serial çəkilməyib – Vahid Mustafayevin filmini nəzərə almasaq. Bütün bunlar zamanın tələbidir, cəmiyyət bunları görmək istəyir. Nəyə görə seriallar klassiklərimizin əsərləri əsasında ekranlaşdırılmır? Qoy il ərzində 2-3 yox, 1 serial çəkilsin, amma keyfiyyətli olsun. Biz “Reklam” haqqında qanun qəbul edərkən sosial reklam haqqında bənd də əlavə etmişdik, amma biz bu gün bunları görmürük. Bu sahədə ciddi nöqsanlar var. Kanallarımızda sosial reklamlar çox azdır, amma bunlar vacibdir”.

 “Hər gün yoğun-yoğun qadınlar səhər verilişlərində yemək yeyirlər”

Elmira Axundova Xalq yazıçısı Çingiz Abdullayevdən də sitat gətirib: “Çingiz Abdullayev müsahibələrinin birində dedi ki, Xocalının 4 milli qəhrəmanından danışan yoxdur. Onlar kişi kimi döyüşüblər. Çingiz Abdullayev soruşur ki, bu haqda niyə yazmırsınız? Onları bizlər üçün ermənilər gəlib tanıtmalıdılar, ya ruslar? Onlar haqqında verilişlər olmalıdır ki, budur bizim milli qəhrəmanlarımız. Bizdə isə hər gün yoğun-yoğun qadınlar səhər verilişlərində yemək yeyirlər, bütün günü yeyib-içib oynayırlar, telekanallarda səhərdən-axşama qədər restoran və şadlıq evləri reklam edilir”. Diqqət yetirin, bunu mən demirəm, Xalq yazıçısı deyir. Nə rus, nə türk telekanallarında şadlıq saraylarının reklamlarını görə bilməzsiniz. Hesab edirəm ki, bizim telekanallardan da bu reklamlar yığışdırılmalıdır, onların əvəzində sosial reklamlar verilməlidir. Bizim cəmiyyətimiz faktiki olaraq müharibə şəraitindədir. Özəl kanallara baxanda düşünürsən ki, biz ən xoşbəxt millətik. Elə bil heç 20 faiz torpağımız, doğma Qarabağımız işğal altında deyil. Mən demirəm ki, gəlin qara çadra taxıb yas tutaq, amma ən azından hər bir işğal olunmuş rayonumuz haqqında ətraflı verilişlər hazırlansın. Həmin rayonların təbiəti, gözəllikləri, yetişdirdikləri məşhur şəxslər haqqında geniş proqramlar olsun. Özəl kanallar milli qəhrəmanlarımız haqqında seriallar çəksinlər. Şou proqramlara ekspert qismində dəvət olunan bəzi incəsənət nümayəndələrinin davranışları, geyimləri, danışıq tərzləri insanlarda ikrah hissi oyadır. Axı buna bir nəzarət edən olmalıdır, ya yox?”

 “Səlahiyyətlərdən işin xeyrinə istifadə etmək lazımdır”

E. Axundova hesab edir ki, bütün bu kök salmış dərin nöqsanlar Milli və Televiziya və Radio Şurasının köməkliyi ilə aradan qaldırılmalıdır: “Çünki bu qurumun nəzarət mexanizmləri mövcuddur, kifayət qədər səlahiyyətləri mövcuddur. Sadəcə, bu səlahiyyətlərdən işin xeyrinə istifadə etmək lazımdır”.

Məsələyə münasibət bildirən millət vəkili Nizami Cəfərov isə telekanallarımızda hökm sürən bu vəziyyətə görə, MTRŞ-nin ittiham edilməsi ilə tam razılaşmayıb: “Elmira xanımın dedikləri, əlbəttə, narahatedici məqamlardır, televiziyalarımızda, radiolarımızda problemlər var, amma “MTRŞ-nin fəaliyyəti görünmür” fikri ilə qətiyyən razı deyiləm. Çünki bu 10 il ərzində böyük bir təcrübə qazanılıb. Bir də axı MTRŞ-nin səlahiyyətinə daxil deyil ki, hər bir televiziya üçün proqram siyasəti müəyyənləşdirsin. Bəs onda demokratiya? Xalqın müğənnisinin, xalqın aparıcısının səviyyəsi nədirsə, xalqın televiziyası da elə olacaq. Bunu MTRŞ-nin inzibati qaydada aradan qaldırmaq imkanı yoxdur. Görülən işlər kifayət qədər çoxdur, amma problemlərimiz də var. Bunlar MTRŞ-dən irəli gəlmir, ümumi səviyyədən irəli gəlir”.

 “Qarabağ müharibəsində döyüşmüş, böyük şücaətlər göstərmiş xanımlarımız var”

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas isə bizimlə söhbətində telekanallarımızda maarifləndirici, vətənpərvərliyi təbliğ edən verilişlərə üstünlük verilməsinin vacib olduğunu söylədi: “Qarabağ müharibəsində döyüşmüş, böyük şücaətlər göstərmiş xanımlarımız var. Bu gün onların həyat yolunu işıqlandırmaqla gənclərimizdə ruh yüksəkliyini artırmaq olar. Bundan başqa, onlardan bəziləri bu gün ağır sosial problemlərlə üz-üzədirlər. Təsəvvür edin, şou proqramlardakı bayağılıqları görən bu insanlar nə düşünürlər?”.

Radə Abbas işğal olunmuş rayonlarımızın tarixi, zənginlikləri ilə bağlı verilişlərə də ciddi ehtiyac olduğunu söylədi: “Bu gün gənclərimizdə tutaq ki, Şuşadan söz düşəndə ancaq işğalla bağlı fikirlər yada düşür. Halbuki onlar bizim həmin rayonlarımızın, bölgələrimizin zənginliklərini də bilməlidirlər. Bu gün məcburi köçkün həyatı yaşayan yaşlı insanlar var. Onları danışdırmaq, işğaldan öncəki xatirələri efirə vermək kimə maraqlı olmaz ki? İnanaq ki, zamanla sadaladıqlarımızın hər biri bütün telekanallarda reallaşacaq”.

Nicat İntiqam