“Oyuna şirinlik qatmaq istədim”

0
339

Yenə qonşular başladılar oyuna. Dedim, düşüm, baxım görüm bu gün kimin üzü güləcək. Məndən üç mərtəbə aşağıda yaşayan qonşumuz Sədrəddin məhəlləmizin yeni sakini Şirməmməd kişi ilə oynayırdı. O birilər isə dövrə vurub diqqətlə oyunu izləyirdilər. Sədrəddin rəqibinə psixi təsir göstərmək məqsədi ilə ona söz atır, hövsələdən çıxarmağa çalışırdı:

– Qonşu, səni Braziliyanın gününə salacağam e… Yəqin, bilirsən də almanlar futbol üzrə Braziliyada keçirilən matçda meydan sahiblərini 7:1 udmaqla həm də yaxşı aşsüzən istehsal edə bildiklərini dünyaya sübut etdilər. Mən də iki oyundan sonra bir mars verməklə sənə həmin faciəni yaşadacağam. Bu hesabdan sonra heç məhəlləyə çıxmağa üzün belə olmayacaq.

Şirməmməd kişi: “Zərini at, boş-boşuna danışma”, – desə də Sədrəddin ona əhəmiyyə vermədi. O, əlində zərləri oynada-oynada yenə nəsə demək istəyirdi ki, Kəramət dilləndi:

– Qonşu, heç bilirsən bu oyundan sonra Braziliyanın baş məşqçisi Luis Felipe Skolari nə deyib?

Yerbəyerdən qonşular dilləndilər:

– Nə deyib?

– Hə, Skolari bizim “Axırıncı aşırım” filmimizdəki Kərbəlayıfason deyib ki, vallah-billah, oğlum Yadullanın müsibəti heç belə olmamışdı.

Qonşulardan – Nəcməddin kişi dilləndi:

– Amma mən bilən o elə deməyib, ay Kəramət. Deyib ki, filan qədər pul alıblar, oynamaqlarına bax…

Qonşuların hamısı bir nəfər kimi gülüşdü. Gülüşmə səngiməmiş Şirməmməd kişi dilləndi:

– Qoyun oyunumuzu oynayaq da… Ay Sədrəddin, zərləri atsana…

Şirməmməd zərləri atmaq istəyirdi ki, yenə Kəramət söhbətini davam etdirdi:

– Yəqin yadınızdadır da, 3 il bundan əvvəl Almaniya bizim millini 6:1 hesabı ilə məğlub etmişdi. Onda millimizin baş məşqçisi Foqtsun ünvanına nələr demədik? Kişini quru yuyub yaş sərdik e… Halbuki bu hesaba görə o alqışlanmalı idi. Fakt göz qabağındadır da… Almanlar bizim milliyə 6 qolu 90 dəqiqə ərzində vurmamışdımı? Vurmuşdu. Lakin Brazilyaya 30 dəqiqə ərzində 5 qol vurdular. Bu isə o deməkdir ki, bizim futbol Braziliya futbolunu dəqiqələr üzrə üstələyir. Sonra da ağzıgöyçəklər deyirlər ki, Azərbaycan futbolu yerində sayır… Bir sözlə, Braziliya öz məğlubiyyəti ilə göstərdi ki, bizim millimiz onlarla müqayisədə heç də pis deyil.

Kəramət bu sözlərdən sonra mənə üzünü tutub dedi:

– Xahiş edirəm, bu dediklərimi qəzetində əl gəzdirmədən yazarsan a… Çünki indi birinin üstə beş qoyub yazmaq yaman moda minib. O gün də hər zaman “maraqlı” açıqlamaları ilə gündəmə gələn Xalq artisti Səməd Səmədov haray salıb ki, guya onun dediklərini montaj zaman təhrif ediblərmiş. Reportajdan belə məlum olur ki, o: “Qurban Pirimov kimdir”, – sualına “mənim dörd dənə itim var. Hərdən onların da adı yadımdan çıxır, – cavabını verib. Bu isə o deməkdir ki, mən nə bilim Qurban Pirimov kimdir? Amma özü sonradan deyib ki, mən elə yox, belə demişəm: “Çəkiliş vaxtı məkan çox isti idi, ürəyim sıxıldı və “Mümkünsə kameranı söndürün” dedim. Cansıxıcı abu-havaya bir qədər şirinlik qatmaq üçün itlərim barədə söhbət salıb zarafat etmək istədim. Lakin dediklərim elə montaj olunub ki, guya mən Qurban Pirimov kimi tanınmış tarzən haqqında verilən sualı cavablayıram. Bu məsələnin şişirdilmiş formada mətbuata çıxması düzü mənə təsir etdi. İlk dəfə deyil ki, adıma, imicimə xələl gətirmək üçün ətrafımda söz-söhbət yaratmağa çalışırlar. Görün də bu jurnalistlər nələr edirlər?

Kəramətin bu atmacasına biganə qala bilmədim. Odur ki, dedim:

– Elə isə bizim hörməli artistimiz həmin telekanalı versin məhkəməyə, haqqını tələb etsin, biz də deyək, hə, kişi həqiqətən elə yox, belə deyibmiş… Bir də bu, Səmədlə bağlı ilk belə hadisə deyil ki… O, bundan öncə dövlət himnimizin müəllifini tanımamağı ilə gündəmə gəlməmişdimi?

Qonşulardan kimsə ortaya söz atdı:

– Əşi, indi havalar o qədər isti keçir ki… Ola bilər də…

Bu zaman Şirməmməd kişi dilləndi:

– Kəramət, isti demişkən sən evinə kondisioner ala bildinmi?

– Qonşu unutma ki, indi sərinləmək üçün əməlli-başlı tərləmək lazımdır… Məgər görmürsən, indi kondisionerlərin qiymətləri od tutub yanır?.. Bir sözlə, indi məhsulların qiymətlərini havalar nizamlayır.

– Bunu bilirəm. Amma mən sadəcə Səməd müəllim kimi bu cansıxıcı oyuna bir qədər şirinlik qatmaq üçün kondisioner zarafatını etdim.

Qvami Məhəbbətoglu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here