ÖYRƏN RUSCA, ALMANCA…

852

Dil, danışmaq qabiliyyəti Allahın biz insanlara bəxş etdiyi ən möcüzəli lütflərindən biridir. Müxtəlif varlıqların dili insan dilindən böyük olsa da, onlar bir-biriləri ilə sözlü ünsiyyət saxlaya bilmirlər.

Dilin möcüzəli tərəflərindən biri də onun növlərinin çoxluğu və rəngarəng olmasındadır. Hər dilin özünəməxsus hərf, səs, leksik, qrammatik sistemi vardır. Müəyyən məlumatlara əsasən günümüzdə danışılan 6,909 dil mövcuddur. (http://www.linguisticsociety.org/). İnsanlar kimi, dillərin də ömrü əbədi deyil. Onların da çiçəklənən, solan zamanı, hətta ölümü olur. Ekoloji təhdidlərlə yanaşı, dillərin ölüm təhlükəsi də zəmanəmizin acı həqiqətlərindəndir. Alimlərin dediklərinə görə, gənc nəsil bu və ya digər dili öyrənməkdən imtina etdikdə dilin ölümünə sayılı günlər qalır.

Şimali Amerikadakı vəziyyət bu dəhşətli aqibətin bariz nümunəsidir. Bir zamanlar orada danışılan 165 yerli dildən bu gün yalnız səkkizi, özü də cəmisi 10.000 nəfər tərəfindən danışılır. Təxminən 75 dili bir ovuc adam danışır, demək olar ki, bu dillər yox olmaq üzrədir. Bu acınacaqlı hal son 500 ildə artmaqda olan Avropa təzyiqinin məntiqi nəticəsidir və kainatdakı müxtəliflik dillərin taleyinə də hakimdir. Dünyamızda danışılan 6,909 dildən 2300-u Avropada, 2,197-si Asiyada danışılır. Ən böyük dil fərqliliyi olan yer Papua-Yeni Qvineyadır (Papua-New Guinea). Burada insanlar 832 dildə danışırlar. Dillərin əhəmiyyətini artıran əsas meyar onların linqvistik xüsusiyyətlərindən cox arxasında duran sosial, iqtisadi və siyasi məsələlərdir. Dillər müxtəlif olsa da, ayrı-ayrı yerlərdə danışılsa da, onların hər biri Uca Yaradanın qüdrət əsərləridir, hər biri sevimli və hörmətəlayiqdir. YUNESKO tərəfindən hər il fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi elan edilməsi də bütün dillərə verilən ali qiymətin nümunəsidir. İnsanlar, ölkələr, cəmiyyətlər bir-birilərindən nə qədər uzaqlaşsalar da, dillər onları birləşdirir. Düşmənlər də qarşı tərəfin dilini öyrənməyə məcburdurlar. Dilini bilmədən düşmənə qalib gəlmək mümkün deyil. Lakin dillərin sülh şəraitində, əmin-amanlıq zamanı, dostlar tərəfindən öyrənilməsi daha gözəldir. Bu sahədə iyirmi ildən yuxarı dünyanın yüzlərlə ölkələrində, o cümlədən doğma ölkəmizdə uğurla fəaliyyət göstərən, öz müsbət nümunələri ilə həmin ölkələrdə təhsilin, elmin inkişafına təkan verən sabiq türk liseylərinin təcrübəsi diqqətəlayiqdir. Hər il keçirilən Türk Dili olimpiadaları təkcə türk dilinin deyil, bizim gözəl dilimizin təbliğində də böyük rol oynamışdır.

Bir zaman türk dünyasında qürurla izlənilən bu olimpiadaların Türkiyədə qadağan olunması təəssüf doğurur. İngilis dilinin dünya dili statusu qazanması üçün tarixən göstərilən və bu gün də dayanmadan göstərilən səylərin qarşısında belə bir addım lazım idimi? Əcnəbi dilləri öyrənmək, bəlkə də, insanlığın tarixi qədər qədimdir. Rəhmətlik S. Ə. Şirvani xarici dil öyrənməyin əhəmiyyətini aşağıdakı misralarda çox aydın şəkildə vurğulamışdır:

Öyrən rusca, almanca,

Möhtac olma dilmanca.

Xarici dil öyrənmək, özü də mükəmməl öyrənmək bu gün daha vacibdir. Ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə Avropaya inteqrasiyası bir deyil, bir neçə dili bilməyi həyati zərurətə çevirir. Bu və ya digər dili öyrənmək öz dilimizə biganə qalmaq demək deyil, əksinə, ana dilimizi daha da dərindən öyrənməyi tələb edir. Danışdığı dili mükəmməl bilmədən nə xarici dilləri yüksək səviyyədə öyrənmək, nə də onları lazımi keyfiyyətlə tədris etmək mümkündür. Digər tərəfdən, əcnəbi dili bilmək ana dilini daha dərindən öyrənməyə sövq edir. Görkəmli alman şairi Yohan Volfgang Höte bu xüsusda demişdir: – Əcnəbi dillər haqqında heç nə bilməyənlər özlərinki haqqında da heç nə bilmirlər. Cənubi Afrika siyasətçisi, Nobel Sülh Mükafatı laureatı Nelson Mandela bu məsələyə münasibətini daha təsirli ifadələrlə bildirmişdir: – Bir adamla başa düşdüyü dildə danışsan, dediklərin onun başına, onun öz dilində danışsan, ürəyinə gedir.

Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin İdman naziri Vitali Mutkonun ad günündə ona gözlənilməz bir hədiyyə – ingilis dilində danışıq kitabı verməsi bizim ölkəmizdə də böyük marağa səbəb oldu. Mötəbər bir toplantıda ingiliscə sözlərin tələffüzünü təhrif edərək, hətta “my country” – “mənim ölkəm” əvəzinə, rusca “moy country” deyən nazirə çox mədəni bir dərs verən V. Putin bu hərəkəti ilə yüksək postlarda olan hər kəsə səsləndi. Hörmətli prezidentimizin ingiliscə gözəl danışması, onun poliqlot olması, əslində bizlər üçün çoxdan təyin olunmuş bir istiqamətdir.

***

Əcnəbi dilləri öyrənmək haqqında qəribə gülməli fikirlər də mövcuddur. Öz yumoru ilə Mark Tvenə bənzəyən Amerika yazıçısı Ambroz Birs yazırdı: – “Belladonna” italyanca “qəşəng qadın” deməkdir, ingilis dilində isə “öldürücü zəhər” mənasını verir. Bu, iki dilin oxşarlığına heyrətamiz bir nümunədir. Əcnəbi dili, xüsusilə də ingilis dilini öyrənmək ömürlük prosesdir. Bununla bağlı ingilislərin özlərinə söyləyib o ki var güldürdüyüm, bir lətifəni danışım sizlərə: – Bir fransız İngiltərədə törətdiyi cinayətə görə ölüm cəzasına məhkum olunur. Edam günü məhkumun vəkili və keşiş tərcüməçi vasitəsilə ondan son arzusunu soruşurlar. Məhkum susur. Keşiş ona fransız olaraq bir şampan şərabı istəyəcəyini xatırladır. Məhkum etiraz edir. Bir siqar təklif edirlər, istəmir. Nəhayət, vəkil onu ürəkləndirməyə çalışır, hər hansı bir arzusunu yerinə yetirəcəklərini deyir. Zavallı məhkum ingilis dilini öyrənmək istədiyini bildirir və ölüm cəzasından qurtulur. Əcnəbi dili nə qədər mükəmməl bilsək də, dövlət dilimizin əcnəbi sözlərlə kirlənməsinə yol verməməliyik. Elmi-texniki tərəqqi dillərə alınma sözlərin daxil olması prosesini sürətləndirsə də, bu iş elmi yolla həyata keçirilməlidir. Gündəlik danışığımızda sadə, aydın dildə danışmaq hamımızın qayğısı olmalıdır. Ziyalılarımızın belə yerli-yersiz yad sözləri işlətməsi xoş səslənmir. Bununla bağlı dostum, həmkarım Mülkəmir müəllimin danışdığı bir əhvalatı sizlərlə də bölüşmək istərdim. Müəllimin bir zamanlar işlədiyi məktəbdə Kəbir adlı, çox baməzə bir rus dili müəllimi varmış. Bir gün məktəbin xadiməsi məktəbin həyətinə dəfələrlə girən qoyunları qovalayıb, direktora məlumat vermək istəyirmiş. Öz işində olan direktor ona “niçevo”, yəni rusca “eybi yox” deyirmiş. Direktorun nə dediyini anlamayan xadimə fikirli-fikirli həyətə çıxarkən Kəbir müəllimə rast gəlir. Rus dili müəllimi qadını fikirli görüb səbəbini soruşur, yeni bir zarafatına qapı açır. Qadın əhvalatı danışıb, direktorun ona “niçevo” deyə cavab verdiyini bildirir. Kəbir müəllim elə buna bənd imiş. Başlayır öz işinə.

– Nə dedi?

– Mən dedim ki, bu qoyunlar məni bezdirib, o da “niçevo” dedi.

– Ola bilməz. O boyda kişi sənə “niçevo” deməz axı.

– Vallah, Kəbir müəllim, dedi.

– İnanmaq istəmirəm ki, o belə desin. Heç inanmıram. O boyda kişi belə bir sözü necə dilinə gətirə bilər, heç ağlım kəsmir.

Odlanmış qadın dönür direktorun otağına və gül ağzını açır:

– Bayaq sən mənə “niçevo” dedin? Ayıb olsun! “Niçevo” sən özünsən, sənin arvadındır, qızındır…

Nə deyəcəyini bilməyən direktor başa düşür ki, arğac Kəbir müəllimdən keçib. Güc-bəla qadını inandırırlar ki, “niçevo” pis söz deyil, “eybi yox” deməkdir. Allah bizləri qismətinə yazılmış ömür payı boyunca gözlərini, qulaqlarını, əllərini, dillərini təmiz saxlamağa çalışanlardan və bu çətin işin öhdəsindən gəlməyi bacaran taleli bəndələrindən eləsin. Amin!

RAHIB ALPANLI,