“Oxutmuram əl çəkin”, – deməyin, oxudun

0
553

Cəmiyyətin inkişafının əsasında duran ən mühüm amil insanın formalaşması, təlim və təhsil almasıdır. İnsanın bir şəxsiyyət kimi formalaşmasında aldığı təhsilin rolu böyükdür. Lakin günümüzdə elə insanlar, elə valideynlər var ki, onların övladları üçün qurduqları planlar, sadəcə, maddiyyatdan ibarətdir. Əksər valideynlər övladlarının gələcəyi, rahat yaşamaları üçün hələ kiçik yaşlarından onların həyat planlarını cızmağa çalışırlar. Cızdıqları bu planın əsasını isə maddiyyat və pul təşkil edir, təhsil yox! Ancaq bəzi valideynlər isə təhsilin övladlarına verəcəyi ən böyük hədiyyə olduğunu düşünür və onlara maşın, ev vermək barədə düşünmək əvəzinə, təhsil verməyi üstün tuturlar. Şübhəsiz, bu, doğru seçimdir. Çünki təhsilli, savadlı insan öz gələcəyi haqqında planları onsuz da özü quracaq və istədiyinə nail olmağa çalışacaq. Elm, savad, təhsil həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi ilə, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər. Bu haqda  təhsil üzrə ekspert Nazim Əkbərov dedi: “Hər bir insan müstəqil həyata sərbəst addım ata bilməlidir. Təhsilin, məktəbin vəzifəsi insanı həyata hazırlamaqdır. Ancaq bizim ümumtəhsil müəssisəsi sisteminə baxış tərzimiz hələ də  kommunist sistemindəki kimidir. Savadlı insan əşya və hadisələrə qiymət verməyi, sağlam ünsiyyət qurmağı bacarmalıdır. İnsanın təhsil almasında, gələcək həyata hazırlaşmasında ona təsir edən ən önəmli amil isə valideyndir. Məhz buna görə də valideyn övladını təhsilə, elmə yönləndirməlidir. Mən valideynin var-dövlətini nümayiş etdirmək məqsədi ilə övladına bahalı avtomobil almasını, bahalı paltarlarla geyindirib-kecindirməsini doğru qəbul etmirəm. Bütün bunlar uşağın tərbiyəsinə təsir edir. Valideynin boynuna düşən əsas vəzifə ona bahalı maşın, paltar almaq deyil, ona yüksək təhsil verməkdir. Bundan başqa, onu da deyə bilərəm ki, valideyn övladının yaxşı universitetlərin yaxşı fakültələrində təhsil almasını təmin etməlidir. Bununla da, onu dövlətimiz üçün, insanlıq və bəşəriyyət üçün daha xeyirli, faydalı insana çevirməlidir. Onu geyim-kecimlə, maşınla, pulla bəzəyib-düzəməklə cəmiyyətə təqdim etmək lazım deyil”.

“Hətta müasir dövrümüzdə də bəzi valideynlər övladlarına təhsil verməkdən boyun qaçırırlar” deyən müsahibimiz onu da əlavə etdi ki, bəzi valideynlər Mirzə Ələkbər Sabirin dövründən bəri heç dəyişməyiblər: “Sanki belə valideynlər, sözün əsl mənasında, “oxutmuram əl çəkin” deyirlər. Bu da onu göstərir ki, bəzi insanlarda köhnəfikirli mentalitet heç dəyişməyib. Yüz il keçməsinə baxmayaraq, yüz ildə 1 santimetr irəliyə gedə bilməyiblər. Bu, cəmiyyətin bəlası deyil, onların şəxsi bəlasıdır. Bu cür insanlar ancaq pul, varidat qazanmağa o qədər aludə olublar ki, gözləri heç nəyi görmür. Bəzən küçədə azyaşlı dilənçi uşaqlara rast gəlirik. Onların da valideynləri övladlarına təhsil vermək əvəzinə, onlardan pul qazanmağı tələb edirlər. Mənim fikrimcə, o dilənçinin valideyni ilə övladını oxutmaq istəməyən valideynin əxlaqı və dünyagörüşü eynidir. Onların arasında heç bir fərq yoxdur”.

 “Xarici ölkələrdə də vəziyyət belədir

N. Əkbərov onu da qeyd etdi ki, belə fikirli insanlar təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur: “İnsan hər yerdə insandır. Hər bir insanın düşüncə tərzi fərqlidir. Mən bir neçə xarici ölkədə olmuşam və orada da eyni mənzərəni müşahidə eləmişəm. Yəni xarici ölkələrdə də vəziyyət belədir. Hətta elə ölkələr var ki, orada buna aid atalar sözü də var: “mən gerizəkalı deyiləm ki, universitetə gedim”. Bu da onların düşüncəsidir. Ancaq bu düşüncə tərzinə sahib insanlar, demək olar ki, o qədər də çox deyil”.

 “Təhsil cəmiyyətin tələbidir”

“Təhsil almaq hər kəsin hüququdur. Savadlı insanların çox olması ölkəmizin gələcəyi üçün daha yaxşıdır. Ancaq ümumi götürdükdə, əlbəttə, 9 milyon əhalisi olan bir ölkədə hamının ali təhsil alması böyük bir uğur hesab olunardı. Bunun gerçək olması mənə elə gəlir ki, mümkün deyil. İndi elə bir dövrdür ki, nəinki orta təhsillə, hətta ali təhsillə də kifayətlənmək olmaz. Bu, cəmiyyətin tələbidir və həmişə də belə olacaqdır. Yox, əgər Sabirin dövründə qalmışıqsa, o başqa məsələ… Mənim fikrimcə, hər bir valideyn övladının bu günündən başqa, onun 30 il sonrasını da düşünməlidir. Çünki indi uşaq olan bu vətəndaş 30-40 il sonra Azərbaycanın aparıcı qüvvəsi olacaqdır. Ona görə gələcəyi düşünərək plan qurmaq lazımdır. Həzrət Əlinin də dediyi kimi: “Siz şagird də olsa tərbiyə etdiyiniz insana 40 il bundan sonraya görə baxın”. 40 il bundan sonra Azərbaycan, dünya, insanlar necə olacaqsa, biz necə təsəvvür ediriksə, özümüzü və övladlarımızı ona görə hazırlamalıyıq. Yoxsa, bu gün filan işdə çox pul qazanılır deyə uşaqlarımızı oraya yönləndirməyək. Buna görə də valideynlərə arzum odur ki, övladlarının gələcəyini fikirləşsinlər, onların gələcəyini nəzərə alaraq, ali təhsilə yönləndirsinlər və bacardıqca ali təhsillə də kifayətlənməsinlər. Daha da irəliyə getməyi düşünsünlər”,-deyən N. Əkbərov əlavə etdi.

 “Uşaq tərbiyə sahibi də olmalıdır”

Mövzu ilə bağlı fikirlərini bölüşən “Ailəm” jurnalının redaktoru Aydın Ucal müsahibəsində dedi ki, burada əsasən iki məsələyə diqqət yetirmək lazımdır: “Əgər valideyn uşağa var-dövlət qoyur, ancaq təhsil vermirsə, bu o uşağın o var-dövləti idarə etmək imkanını məhdudlaşdırır. Ancaq bunun əksi olan hal baş verirsə, yəni valideyn uşağa var-dövlət qoymur, ancaq təhsil verirsə, bu valideyn ona gələcəkdə o var-dövləti həm əldə etmək, həm də idarə etmək imkanı verir. Bu baxımdan hər iki halda uşağa təhsil vermək daha əlverişlidir. Ancaq bir şey də var ki, bu təhsilin də, bu var-dövlətin də arxası boş olmamalıdır. Yəni uşaq təhsil sahibi və ya var-dövlət sahibi olmaqla yanaşı, tərbiyə sahibi də olmalıdır. Aşağıdakı olmuş hadisə isə bu fikirləri təsdiq etmək baxımından çox vacibdir: “Bir məktəb direktoru hər dərs ilinin əvvəlində müəllimlərinə aşağıdakı məktubu göndərirdi: “Mən ölüm düşərgəsindən xilas olan çox nadir insanlardan biriyəm. Gözlərim heç kimin görmədiyi şeyləri gördü. Yaxşı təhsil almış mühəndislərin qazla boğduğu yaşlıları, yaxşı yetişdirilmiş həkimlərin dərmanla zəhərlədiyi uşaqları, işini yaxşı bilən tibb bacılarının iynə ilə öldürdüyü körpələri… Ona görə də sizdən bir xahişim var: “Şagirdlərinizin insan olmasına çalışın. Zəhmətinizin nəticəsi məharətli canilər, ya da bacarıqlı qatillər olmasınlar. Əgər ədəbiyyat, ya da riyaziyyat uşaqlarınızın insan olmasına kömək edəcəksə, bunların ancaq onda bir qiyməti var. Sizə uğurlar!..”

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here