“Oxucu etimadı və etibarını qazana bilmişik”

678

Azərbaycanın bölgələrində mətbuat orqanı ilk dəfə Qubada fəaliyyətə başlayıb. Ona görə də bölgə mətbuatının “qaranquşu” dedikdə, ilk yada düşən “Şəfəq” olur, ondan söz açılır. Qeyd edək ki, bu qəzet ilk dəfə işıq üzünü 1921-ci ildə “Əxbar” adı altında görüb. Sonradan “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba”, “Quba” adları ilə nəşr olunub. 1995-ci ildən yenidən “Şəfəq” adı ilə dərc olunmağa başlayıb. Gələn il bu mətbuat orqanı özünün 95 yaşını qeyd edəcək. Bəli, 95 ildir ki, adını şərəflə qoruyan “Şəfəq” təkcə Qubada deyil, ümumiyyətlə, bölgədə ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə hazırda onu ərsəyə gətirənlərdən birinin – qəzetin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımovun da kifayət qədər əməyi var. O, 33 ildir “Şəfəq”də (korrektor, ədəbi işçi, şöbə müdiri və sairə vəzifələrdə) çalışır. Bu günlərdə “Şəfəq”in baş redaktoru Qəhrəman Qasımovla görüşüb, ona bir neçə sualla müraciət etdik.

– 2006-cı ildən “Şəfəq”in baş redaktorusunuz. Baş redaktor kimi fəaliyyətə başlayanda qəzetdə hansı islahatlar apardınız? Bu islahatlar öz bəhrəsini verdimi?

– “Şəfəq” qəzeti son illərdə mühüm tərəqqi mərhələsi keçib desəm, yanılmaram. Belə ki, bu gün qəzetin, demək olar ki, heç bir texniki problemi yoxdur. “Şəfəq”in kompyuter mərkəzi yaradılıb ki, burada qəzetin dizaynı, şəkillərin yerləşdirilməsi, səhifələnməsi, bir sözlə, çapa qədərki bütün işlər həyata keçirilir. Halbuki 1997-ci ildən Quba Poliqrafiya Müəssisəsi öz fəaliyyətini dayandırdığı gündən 2007-ci ilin mayına qədər bu işlər “Azərbaycan” Nəşriyyatının kompyuter mərkəzində görülürdü. Bir sözlə, yeni alınmış texniki avadanlıqlarla redaksiyanın maddi-texniki bazasını möhkəmləndirmişik. Bu da imkan verir ki, ayda 3 dəfə oxucularımızla görüşək. Üstəlik, redaksiyamız yeni bina ilə təmin olunub. Qəzetə dövlət qurumu tərəfindən “Niva” markalı avtomobil də hədiyyə edilib. Onu da deyim ki, bütün bu görülən işlər yalnız mənim deyil, kollektivimizin əməyinin nəticəsidir.

– Ən çox nəyə üzülürsünüz, nəyə sevinirsiniz?

– Gələn ilin aprel ayında “Şəfəq”in 95 yaşı tamam olur. Fəxrlə deyirəm ki, “Şəfəq” respublikamızın ilk mətbuat orqanıdır. Yəni bu yaşda başqa bir bölgə qəzetimiz yoxdur. “Şəfəq” 95 ildir ki, müxtəlif adlar altında bölgə camaatının xidmətindədir. Nə yazıq ki, bu gün bizim əlimizdə “Şəfəq”in 1921-ci ildə nəşr olunmuş bütün nömrələri yoxdur. Onların axtarışı bu gün də davam edir. Yenə də müxtəlif instansiyalara müraciət edirik. Güman edirəm ki, axtarışlarımız öz bəhrəsini verəcək. İkincisi, ona görə üzülürəm ki, hələ də Quba-Xaçmaz zonasında bir mətbəə belə yoxdur. Bu mənada Bakıdan asılıyıq desəm, yanılmaram. Sevindiyim budur ki, “Şəfəq” Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsi olmaqda davam edir.

“Belə bir qayğı olmasaydı…”

– “Şəfəq”in real tirajı nə qədərdir?

– Bu gün qəzet 1000-1500 tirajla nəşr edilir.

– Amma bir zamanlar onun tirajı daha çox olub…

– Elədir… Bilirsinizmi, o illərdə mətbuat daha kütləvi idi, hamı qəzet oxuyurdu. Lakin keçid dövründə yaşananlar camaatı qəzetdən soyutdu. Artıq xeyli vaxtdır ki, biz bu soyuqluğu aradan qaldırmağa çalışırıq. Qismən də olsa buna nail olmuşuq.

– Qəzetin çap səviyyəsindən razısınızmı?

– Qəzetə daha peşəkər jurnalistlər tapmaqda çətinlik çəkirəm. Bəlkə də bu problem son illər həmin sahəyə olan marağın azlığından irəli gəlir. Nə gizlədim, son illər redaksiyaya müraciət edənlərin də səviyyəsi məni qane etmir. Buna rəğmən, onu da deyim ki, əgər belə demək mümkünsə, babat qələm sahiblərimiz var. Və onların sayəsində qəzeti oxunaqlı etməyə çalışırıq.

– “Şəfəq” Quba Rayon İcra Hakimiyyətinin orqanı kimi fəaliyyət göstərir. Bunun üstün, həm də sizi qane etməyən cəhətləri hansılardır?

– Bəli, bu gün qəzetimiz Quba Rayon İcra Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi ilə işıq üzü görür. İcra hakimiyyətinin yalnız abunə sarıdan bizə köməyi dəyir. Bu isə hər şeydən əvvəl, rayonun aynası sayılan “Şəfəq”ə olan diqqətin nəticəsidir. Etiraf edək ki, belə bir qayğı olmasaydı, bu gün “Şəfəq” 95 yaşına gəlib çıxa bilməzdi.

– Hərdən buna görə qınaqlara tuş gəlirsinizmi?

– Qəzetimizdə ölkəmizin sosial-iqtisadi inkişafını, həmçinin icra hakimiyyətinin fəaliyyətini mütəmadi gündəmə gətiririk. Bununla yanaşı, biz hər sayında çalışırıq ki, oxucunun zövqünü, mənəvi tələbatını da təmin edək.

– Bəzən “Şəfəq”də məmurların tənqidinə də rast gəlinir… Bu, qəzet üçün başağrısı yaratmır ki?

– Bəli, qəzetimizdə rayonun sosial-iqtisadi inkişafına mane olan problemlər mütəmadi işıqlandırılır. Təbii ki, həmin yazılarda işinə səhlənkar yanaşan məmurların da adları hallanır. Biz belə şeylərdən çəkinmirik. Bir də fakt doğrudursa, məmur bizə nə başağrısı yarada bilər axı… Doğru yazdığımıza, həqiqəti dediyimizə görə də oxucu etimadı və etibarını qazana bilmişik. Zənnimcə, bizim üçün ən qiymətlisi budur. “Şəfəq”in 8300-ə yaxın nömrəsi çapdan çıxıb və bu da, hələlik, bölgə mətbuatında rekord göstəricidir. Hazırda qəzetimiz həftədə 3 dəfə (8 səhifə ilə) oxucularının görüşünə gəlir.

“Şəfəq” belə bir

yubileyə layiqdir”

– Dediyiniz kimi, gələn il “Şəfəq”in 95 illiyi tamam olur. Rəsmi səviyyədə təbrik və ya mükafatlandırma gözləyirsinizmi?

– Dövlət başçısı zəhmətimizi yüksək qiymətləndirərək, bu ilin iyul ayında, daha doğrusu Azərbaycan mətbuatının 140 illiyində məni “Əməkdar jurnalist” fəxri adına layiq görüb. Mən bu mükafatı “Şəfəq”ə, onun kollektivinə verilən qiymət kimi dəyərləndirirəm. Buna görə Prezidentimizə bir daha minnətdarlığımı bildirirəm. Prezidentimizə əməyimizə yüksək qiymət verdiyi üçün kollektivimiz adından, ailə üzvlərim adından məktub da göndərmişəm. O ki qaldı təbriklərə… Ümid edirəm ki, bunlar yenə olacaq. Yeri gəlmişkən, işimiz ümummilli lider Heydər Əliyevin diqqətindən də yayınmamış, dahi şəxsiyyət qəzetimizin 75 illik yubileyində, daha doğrusu, 1996-cı il, iyul ayının 27-də kollektivimizə təbrik məktubu ünvanlamışdı. Təbrik məktubunda deyilirdi: “Şəfəq” qəzeti çox zəngin və şərəfli bir inkişaf yolu keçmişdir. Qəzet Azərbaycanın çoxşaxəli mədəniyyətə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümdə problemlərinin həllinə səfərbər etmişdir”. Güman edirəm ki, “Şəfəq”in 95 illiyi də ölkəmizin rəhbərinin diqqətindən yayınmayacaq.

– Yəqin, bu münasibətlə tədbir də keçiriləcək?

– Təbii… Kollektivimiz “Şəfəq”in 95 illiyi münasibətilə rayon miqyasında geniş bir tədbir düzənləmək fikrindədir. Artıq redaksiyada “dəyirmi masa”lar, görüşlər təşkil edilir. Həmin görüşlərdə “Şəfəq”in keçdiyi yola bir daha nəzər salınır. Hə, bir də qəzetin 95 illiyi ilə bağlı rubrika da açmışıq: “Şəfəq-95”. Bu rubrika altında məqalələr, mətbuat tarixi tədqiqatçılarının, eləcə də rayon sakinlərinin yazıları dərc olunur. Yubileylə bağlı xüsusi nömrə də nəşr etməyi planlaşdırmışıq. “Şəfəq”in 95 illiyinə işıq sala biləcək bir kitab da hazırlamaq fikrindəyik. Artıq bu istiqamətdə müəyyən araşdırmalara da start verilib. Zənnimcə, bu həm də bir növ 100 illik yubileyə hazırlıq olacaq. Güman edirəm ki, “Şəfəq” belə bir yubileyə layiqdir.

– Qəhrəman müəllim, hərdən “Şəfəq”in əlinizdə olan saylarını vərəqləyərkən nələr düşünürsünüz?

– Çox maraqlı sualdır… Düzü, gözləmirdim. Müasir dövrümüzdə bu və ya digər məlumatı əldə, əgər belə demək mümkünsə, bir suiçmə kimi şeydir. Yəni kompyuterə bir əmr vermək kifayətdir ki, bu məsələni həll etsin. Amma o zamanlar… Bu barədə hərdən düşünəndə mənə elə gəlir ki, onlar qeyri-adi insanlar olublar. Onu da deyim ki, qəzetin belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov və Elmira Aşurovanın xidmətləri əvəzsizdir.

Qvami Məhəbbətoğlu