Övladlığa götürdüyü oğlu Qarabağda şəhid olan ananın həyat hekayəti

0
433

Nicat İntiqam
Qarabağ müharibəsi başlanandan məcburi köçkünlərin, şəhidlərin, şəhid ailələrinin taleyi ilə bağlı çox hadisələr eşitmişik. Ancaq Məmmədova Dursun Yolçu qızının başına gələnlər yəqin ki, az-az rast gəlinən hadisələrdəndir. Əslən Laçın rayonunun Sadınlar kəndindən olan Dursun ana hazırda Bakının “Dərnəgül” qəsəbəsində, Koroğlu Rəhimov küçəsi 53 A ünvanında yerləşən qaçqın yataqxanasında məskunlaşıb. Onunla elə bu yataqxanadakı otağında həmsöhbət olduq. Övladlığa götürdüyü bacısı oğlu, öz dili ilə desək, övladı Birinci Qarabağ müharibəsində şəhid olan Dursun ananın həyat yolunu öz dilindən eşidək:
“İşğaldan əvvəl kəndimizdə iki yaxşı yaşayan var idisə, biri də biz idik. Laçının Sarğınlar kəndində yaşayırdıq. Böyüyüb həddi-büluğ yaşıma çatandan sonra öz uzaq qohumumuzla ailə qurdum və Sumqayıta köçdüm. İnsafən, yoldaşımla pis dolanmırdıq. Lakin 8 il ailəli olmağımıza baxmayaraq, övladımız olmadı. Yoldaşım evin tək oğlu idi deyə mən də narahat idim. Sonra o, mənə dedi ki, ailə qurmaq istəyir. Bildirdi ki, ailə qurum, övladım olsun, sən də bizimlə yaşa. Razılaşmadım və dedim ki, evlən, ancaq bir yerdə yaşamaq istəmirəm. İstədim Sumqayıtda ayrı yaşayım, amma qohumlarım razı olmadılar və məni Laçına gətirdilər. Atamın evində heç bir şeydən kəmliyimiz yox idi. Atamın oğlu yox idi, fikirləşdim ki, həm atamın oğluyam, həm qızıyam, həm də gəliniyəm. Kəndimizdə kitabxanaçı işləməyə başladım. Atamın malı-qarası, var-dövləti də var idi. Günlərimiz çox xoş keçirdi. Atamın oğlu yox idi deyə, öz nəvəsini, yəni mənim bacım oğlu Elçini götürüb saxlayırdı. Mən də həmin uşağa bir ana kimi baxırdım, qayğı göstərirdim. İllər keçdi və atam rəhmətə getdi. Anam isə qaçqınlıq dövründə dünyasını dəyişdi. Beləcə, bacımın uşağını mən övladlığa götürdüm. Elçin mənə o qədər uyğunlaşdı ki, anasına sarı getmirdi.
Laçından çıxanda mal-qaramızı gətirdim Ağcabədidəki yatağa. Hər kəs məəttəl qalmışdı ki, o cür çətin yollardan keçib, mal-qaranı mən Laçından necə çıxara bilmişəm. Lakin çətin də olsa bunu bacardım. Bir müddətdən sonra mal-qaranı verdim bacıma. Elçini də götürüb gəldim Bakıya. Burada yataqxanada məskunlaşdıq. Ana-bala yaşayırdıq. Oğlum el-obasına, vətəninə çox bağlı idi. Qabiliyyətli oğlan idi, şeirlər də yazırdı. Qulluğumda dururdu, elə mən də onun nazını çəkirdim. Arzum onun toyunu görmək idi. Orta məktəbi başa vurdu və sonra hərbi xidmətə yollandı. Xidməti başa vurub gələndən sonra Qarabağ müharibəsinin şiddətli vaxtlarında yenidən könüllü olaraq cəbhəyə yollandı. Narahat idim, deyirdim, ay oğul, ehtiyatlı ol, səndən başqa kimim var mənim? Deyirdi, ay ana, narahat olma, Vətən uğrunda şəhid olmaqdan gözəl nə ola bilər. Mənimlə elə dərin və ciddi söhbətlər edirdi, deməyə söz tapmırdım. Yazdığı şeirlərdə də sanki şəhid olacağını bildirirdi. Marquşavan (Tərtər rayonunun Şıxarx kəndi) istiqamətində gedən döyüşlərdə yaralandı və bir müddət müalicə olundu. Lakin sağalandan sonra yenidən cəbhəyə yollandı. Çox cəhd elədik, qohum-əqrəba dedi ki, ay oğul, sənin başına bir iş gəlsə, anan necə olacaq. Onsuz da borcundan çıxmısan, döyüşlərə getmisən, yaralanmısan, daha getmə. Müalicəni davam etdir və ananın qulluğunda dur. Lakin razı olmadı və cəbhəyə qayıtdı. Həmin dövrdə Ağdərə istiqamətində ağır döyüşlər gedirdi. Ürəyim cəbhədə qalmışdı. Dözmədim, qohumları da götürüb görüşünə yollandım. Evə gəlməyimizdən heç bir həftə keçməmişdi, xəbər gəldi ki, şiddətli döyüşlərin birində şəhid olub”.

“Öləndə qəbrimə qoyarsınız”
Oğlu 1994-cü ildə cəbhədə şəhid olandan sonra Dursun ana uzun müddət özünə gələ bilməyib, yeganə təsəllisi oğlunun Vətən uğrunda şəhid olmasıdır: “Elçinim şəhid olandan qısa müddət sonra atəşkəs müqaviləsi imzalandı. Neyləmək olar, bu da onun qisməti imiş. O, rəhmətə gedəndən sonra paltarlarını verdim məscidə. Onun içi şəkillərlə, fotolarla dolu olan diplomatını indi də saxlayıram ki, öləndə qəbrimə qoyarsınız. Oğlum şəhid olandan sonra toylara, xeyir işlərə gedə bilmirəm. Onun xoşladığı yeməklərdən, meyvələrdən yeyə bilmirəm. Əncir mürəbbəsini xoşlayırdı. O, şəhid olandan əncir mürəbbəsini dilimə də vurmamışam. Deyirəm, yox ey, Elçin yeməyibsə, mən də yemirəm. Ölməmək üçün yaşayıram. Laçından çıxanda götürdüyümüz heç nəyə əlimi vura bilmirəm. Deyirəm qoy çürüyürsə, orada çürüsün. Bacılarım özlərinə lazım olanları aparıblar, qalanları qalıb. Mənə lazım deyil. Belə də, deyirəm, axşamımı yola salım, səhərimi açım – yaşayıram”.

“Dedilər səni oradan gətirək rayona, demişəm yox”
Dursun Məmmədovanın bir təsəllisi də yataqxanadakı qonşularının onu ana kimi qəbul etmələridir: “Allah qonşularımın başından töksün. Bu qonşular burada mənə anadırlar, bacıdırlar. Qohumlar tez-tez mənə deyirlər ki, səni oradan gətirək rayona, demişəm yox. Mənim qohumlarımdan, yaxşı mənim qonşularımdır. Hay deyəndə hayıma gəlirlər, xəstələnəndə su gətirib ayağımı yuyurlar. Oğlumun dostu Yaşar bu gün də mənimlə tez-tez əlaqə saxlayır. Elçin deyirdi ki, mən olmasam, Yaşarı mən bil. Şükür ki, ailə qurub, yoldaşı da mənimlə tez-tez danışır. Ancaq bala, camaatın vəziyyəti onsuz da yaxşı deyil. Hər kəs indi öz dərdinin, probleminin hayındadır. Heç Yaşara da qıymıram”.
Bu söhbətdən sonra Dursun ana Elçinin sevdiyi qıza yazdığı məktubu, şəkillərini, diplomlarını, onun illərdir qoruyub saxladığı diplomatını bizə göstərir. İnsan bu yadigarları gördükcə həm kədərlənir, həm də qürur hissi keçirir. Bəli, bir vaxtlar təkcə Dursun ananın övladlığa götürdüyü Elçin indi bütöv bir ölkənin, bütöv bir xalqın övladıdır. Dursun ananın isə cəmi bir oğlu var idisə, indi bütöv bir xalq onun övladı, anası, bacısı, qardaşıdır…
Yəqin ki, Elçinin ruhu həm də torpaqlarımız işğaldan tam azad olunandan sonra rahat olacaq…