“Övladların gələcəyi üçün ən yaxşı sərmayə onları yaxşı yerdə oxutmaqdır”

646
Amerikada abituriyent hansı universitetdə təhsil almaq istəyirsə, valideynləri ilə həmin ali təhsil ocağını gəzirlər, bu müəssənin imkanları ilə ətraflı tanış olurlar. Bizlərdə də belə ailələr var.
Azərbaycanda universitet və iş dünyası arasında əməkdaşlığın düzgün qurulmaması əsas müzakirə mövzularındandır. Müsahibimiz, Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı ilə söhbətimiz də elə bu barədə oldu.

– Hamlet müəllim, hazırda alitəhsilli işsiz vətəndaşlarımızın sayı çoxdur. Buna səbəb nədir?

– Bu qədər alitəhsilli işsizin olmasına baxmayaraq, digər müəssisələr kimi, biz də yaxşı işçi axtarırıq. Bəs bu qədər alitəhsilli ola-ola niyə işçi tapa bilmirik? Hesab edirəm ki, bunun iki səbəbi var. Birinci səbəb budur ki, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının böyük əksəriyyəti dövrün tələblərinə uyğun və keyfiyyətli təhsil verə bilmir. Hansı universitetin ki, dünya ilə səsləşən şəraiti, savadlı müəllimləri var və orada hər şey dürüstdür, o ali təhsil ocağının məzunu işsiz qalmaz. Həmçinin ali təhsil ocaqları tələbələrinin şəxsiyyət kimi formalaşmasına da önəm verməlidirlər. İkincisi isə, universitetlər həm Azərbaycanda, həm də dünyada iş dünyasının ehtiyaclarını öyrənib, ona uyğun mütəxəssis hazırlamalıdırlar. Yəni iş dünyası və universitet əlaqələri çox ciddi qurulmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bizim universitetlərin əksəriyyəti bunun heç birinə əməl etmir.

– İş dünyası və universitet əlaqələri hansı əməkdaşlığı nəzərdə tutur?

– Misal üçün, universitet inşaat mühəndisi hazırlayırsa, bu sahə üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olmalıdır. Bundan başqa, ali təhsil ocaqları inşaat şirkətlərinin hansı biliklərə sahib mühəndislərə ehtiyacı olduğunu bilməlidir. Kadr hazırlığını da ehtiyaclara görə, yeni metodlarla aparmalıdırlar. Təbii ki, bunun üçün də şirkət əməkdaşlarını universitetə dəvət etmək lazımdır və ya universitet rəhbərliyi müəllimlərinin, tələbələrin şirkətlərə gəzintisini, oradadakı məsul şəxslərlə görüşünü təşkil etməlidir.

– Bəs universitetlər iş dünyasının tələblərinə nə səviyyədə cavab verirlər?

– Ümumiyyətlə, bu sahədə ölkədə vəziyyət ürəkaçan deyil. Universitetlərimiz iş dünyası ilə əməkdaşlıq edə bilmirlər. Əslində bu əməkdaşlıq həm universitetlər, həm də şirkətlər üçün faydalıdır. Belə ki, hazırda texnologiya sürətlə inkişaf edir. Bu inkişafla tanış olmağa, ondan istifadə etməyə şirkətlər daha çox maraqlıdırlar. Ona görə də texnologiyada baş verən yeniliklərdən universitetlərdən daha çox, şirkətlər xəbər tutur və istifadə edirlər. Ona görə də universitetlərlə iş dünyası arasında sıx münasibətlərin olması böyük önəm kəsb edir. Misal üçün, universitet neft mühəndisliyi sahəsinə mütəxəssis hazırlayırsa, gərək bu sahə üzrə ölkədə fəaliyyət göstərən böyük şirkətlərlə görüşsün, tədris planını hazırlayarkən onlarla məsləhətləşsin və s. Çünki elə ola bilər ki, universitetin tədris etdiyi fənlərin bəziləri heç o şirkətlərə lazım deyil. Bəlkə onlar universitet rəhbərliyinə daha lazımlı fənlərin tədris olunmasını tövsiyə edəcəklər və s.

– Dünya təcrübəsində iş dünyası ilə əməkdaşlığı gücləndirmək üçün universitetlərdə texnoparklar fəaliyyət göstərir. Bizim universitetlərimizin bu istiqamətdə fəaliyyətlərini necə qiymətləndirirsiniz?

– Azərbaycanda çox az sayda universitet texnopark fəaliyyətinə başlayıb. Düşünürəm ki, texnopark fəaliyyəti universitet və sənaye münasibətlərinin qurulmasında çox böyük əhəmiyyət kəsb edir. Bilirsiniz, universitetlə sənaye ayrı-ayrı qurumlardır. Texnopark bu iki qurumu bir-birilə əlaqələndirən dəhliz rolunu oynayır.

– Azərbaycanda universitet və sənaye münasibətlərinin inkişaf etdirilməsində hansı ölkələrin təcrübələrindən faydalanmaq lazımdır?

– Yaxın Şərq ölkələrində, misal üçün, Yaponiya, Çin, Koreya, Sinqapur və Tayvandda universitet və iş dünyası arasında əlaqələr çox yüksək səviyyədə inkişaf edib. Onlar bu baxımdan Amerikadan öndədirlər. Adlarını qeyd etdiyim ölkələrdə universitetlərdə araşdırma və inkişaf mərkəzləri fəaliyyət göstərir. Hansı ki, bu mərkəzlər böyük maliyyə qaynağıdır. Onların milyonları var.

– Universitetlərlə əməkdaşlıq şirkətlərə nə qazandırır?

– Bilirsiniz, istənilən sənaye müəssisəsində tədqiqat mərkəzləri fəaliyyət göstərir. Əgər  universitet onların bu və ya digər ehtiyaclarını qarşılaya bilsə, şirkət də belə tədqiqat qruplarını saxlamağa əlavə pul xərcləməz. Buna görə də iş dünyası belə tədqiqat qrupları saxlamaq əvəzinə, ali təhsil ocaqları ilə əməkdaşlıq etməyə maraqlıdırlar. Yetər ki, ali təhsil ocaqlarının elə bir potensialı olsun.

– İxtisas seçimi iş tapmaqda nə kimi rol oynayır?

– Qeyri-adi dərəcədə böyük rol oynayır. Günün tələblərinə uyğun ixtisası seçmək çox əhəmiyyətlidir. Birincisi, düzgün, qabiliyyətinə uyğun ixtisasi seçməlisən. İkincisi isə, düşünməlisən ki, seçdiyiniz ixtisası hansı universitetdə daha yaxşı öyrənə bilərsən. Bu da o deməkdir ki, düzgün ixtisas seçimi ilə yanaşı, universitet seçimi də əhəmiyyətli məsələdir. Amerikada abituriyent hansı universitetdə təhsil almaq istəyirsə, valideynləri ilə həmin ali təhsil ocağını gəzirlər, bu müəssənin imkanları ilə ətraflı tanış olurlar. Bizlərdə də belə ailələr var. Amma bunlar təəssüf ki, böyük azlıq təşkil edirlər. Abituriyentlərin valideynləri də bilməlidirlər ki, övladlarının gələcəyi üçün ən yaxşı sərmayə onları yaxşı yerdə oxutmaqdır.

– İş dünyasının daha çox hansı ixtisas sahiblərinə ehtiyacı var?

– Mühəndislərə böyük ehtiyac var. Bacarıqlı mühəndislər heç vaxt işsiz qalmayacaq və yaxşı maaş alacaqlar. Müəllimliyə böyük tələbat var. Onda sual oluna bilər ki, madam ki, müəllimlərə ehtiyac var, onda nə üçün nüfuzları aşağıdır? Problem nədədir? Müşahidələr göstərir ki, ali məktəblərdə müəllimlik ixtisasında təhsil alan tələbələrin əksəriyyəti balları aşağı olan, necə deyərlər, əli hər yerdən üzülən abituriyentlərdir. Müəllimlik ixtisası üzrə oxuyan və oxumaq istəyənlərə demək istəyirəm ki, bu gün elə məktəblər var ki, müəlliminə professorun maaşından üç dəfə çox məvacib verir. Məktəblər tanıyıram ki, yaxşı müəllimi əl-əl axtarırlar. İqtisadiyyat sahələri həmişə populyardır. Siyasi elmlərə də maraq azalmayıb. Psixoloqlara çox böyük ehtiyac var.

– Şirkətlər iş üçün müraciət edənlərin daha çox hansı bacarıqlarına önəm verirlər?

– Xarici dil bilmək işə düzəlməyə qeyri-adi dərəcədə kömək edir. Eyni zamanda şirkətlər ixtisasının peşəkarı olan, öz sahəsi üzrə dünyadakı yeniliklərdən xəbərdar olan və xarici dil bilən kadrlara daha çox üstünlük verirlər.

– Universitetlərimiz şirkətlərlə əməkdaşlığa can atırlarmı?

– Bir neçə universitet var ki, onlar iş dünyası ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Yerdə qalanları özlərinə belə bəraət qazandırmağa çalışırlar ki, ölkədə fəaliyyət göstərən sənaye müəssisələri universitetlərlə əməkdaşlıq edəcək səviyyədə inkişaf etməyiblər. Hansı ki, bu, çox səhv yanaşmadır. Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sənaye müəssisələrinin hamısı universitetlərlə əməkdaşlıq etməyə, onlardan faydalanmağa çalışırlar. Böyük şirkətlərin isə problemləri daha böyükdür. Ona görə də bu tip müəssisələr bir çox məsələlərdə xarici mütəxəssislərin köməyindən istifadə edirlər. Azərbaycanda universitet və sənaye münasibətlərinin inkişaf etməməsində əsas maneə ali təhsil ocaqlarının iş dünyasının ehtiyacını qarşılaya bilməməsidir.

– Sizə görə yaxşı iş nə deməkdir?

– Yaxşı iş məsələsi sadə anlayış deyil. Fikirlərimi isə ümumiləşdirib deyə bilərəm ki, inkişaf perspektivi olan, kadr hazırlığına sərmayə qoyan şirkətdə işləyirsənsə və yüksək əməkhaqqı alırsansa, işin yaxşı iş hesab olunur.

Elvin Əliyev / Allahverdi Cəfərov