Övladlarımızı anlamağa çalışaq

0
436

Dünən saytların yaydığı əsas xəbərlərdən biri Gəncədə 17 yaşlı gəncin intihar etməsi oldu.

Xəbəri oxudum, şəkillərə baxdım, tərtəmiz, çiçək kimi bir bala. Ömrün ilk baharında bir cahillik ucbatından hər şeyi bərbad eləyib getdi. Bu elə bir xətadir ki, düzəldilməsi mümkün deyil. 2-3 gün əvvəl də Kürdəmirdə bir qız eyni motivlə canına qıymışdı. Son dövrdə hər il qəbul imtahanlardan sonra bir neçə gəncin intihar etdiyindən xəbər tuturuq. Düşündükcə adamın içi parçalanır. Həm də nəyin üstündə? – Nə var-nə var, universitetə qəbul ola bilməyib. Bu sətirlərin müəllifi orta məktəbi bitirəndən 7 il sonra tələbə adını qazana bilib. Hələ bu azmış kimi, sağlıq problemləri ilə əlaqədar olaraq bir il də kursda qalmalı olub. Yəni mən universitet bitirib əlimə diplom alanda yaşıdlarım çoxdan ailə qurub ev tikmiş, oğul-uşaq sahibi olmuşdular. Amma mən heç zaman taleyimdən şikayətçi olmamışam və hər halımla məmnun olmağa, elə o cür də görünməyə çalışmışam. Hələ onu da deyim ki, tələbə vaxtı eyni auditoriyada və ya yataqxanada özümdən yaşlıları da görmüşəm. Bir məqamı xatırlatmaq istəyirəm ki, hər ilin avqustunda Bakıdan əli ətəyindən uzun kəndə qayıdanda evdəkilər məni qınamayıblar, təsəlli veriblər, “canın sağ olsun!” deyiblər. Çünki biliblər ki, çəkdiklərim özümə bəsdir, qanımı daha da qaraltmaq kimsəyə fayda verməz. Ona görə də hər zaman o üzüntülü halımla yaxınlarımdan təsəlli görmüşəm. Onu da deyim ki, 30-40 il bundan əvvəl ali məktəbə qəbul olmaq indikindən qat-qat çətin idi. İndi nə var ki?! Amma hər şeyə rəğmən, biz o çətinliyə sinə gərirdik. Xüsusilə də mənim kimi kənd uşaqları, gündüzlər kolxoz işinə gedir, axşam da əl-ayağı sızıldaya-sızıldaya saatlarla kitab oxuyurdular. O vaxt şüar da belə idi: “Bilik yeganə meyardır”. Amma sizi əmin edirəm ki, bilik o zamanlar ən sonuncu meyar idi. Ona görə də bizim kimi iddialı cavanların illəri kolxozun qara-qara işlərində, tövlə tikməkdə, qamış qırmaqda, kol qırmaqda, əhəng yandırmaqda, anbarda taxıl daşımaqda getdi. İllər keçirdi, amma biz iddiamızı yerə qoymurduq. Həm də indiki uşaqlar qədər kövrək deyildik, inamımız, ümidimiz güclü idi. İndi baxıram və məəttəl qalıram, hansı üzüntü, hansı kədərdir ki, 17 yaşlı gənci intihara sürükləyə bilir. Doğrudur, hər kəs istər ki, övladı universitetə girsin, gözəl təhsil alsın, həqiqi ziyalı olsun və faydalı işlə məşğul olsun. Amma o təhsil, o iş sənin övladının canından əziz deyil ki. Ona görə də övlada nəsihət verəndə, bir səmtə yönəldəndə ilkin olaraq onu inandırmaq lazımdır ki, nəticə nə olur olsun, o sizin üçün çox əzizdir, çox dəyərlidir. Həqiqətən də, 17 yaşlı gənc uğursuzluğun pəncəsində çırpınarkən kənardan ona dəstək olmaq əvəzinə, ağzına gələni söyləmək, “sən eləsən”, “sən beləsən” demək bardağı daşıran son damla olur.

Atalarla oğullar arasındakı düşüncə tərzi, həyata baxış heç zaman indiki qədər bir-birindən uzaq, fərqli olmayıb. Həzrət Əli demişkən, övlad valideyndən daha çox öz zəmanəsinə oxşayır. Bu mənada bizim gəncliyimiz, yəni 40 il əvvəllə bu gün arasında yüz illərin fərqi var. Ona görə də ailədə bir-birini anlamaq, qarşı tərəfin istəyini başa düşmək xeyli çətin olub. Bir çox hallarda da öyüd-nəsihət adı ilə yağan bu qınaq, danlaq yağışı əslində şəxsi eqonun istəyindən başqa bir şey olmur: “demədimmi elə eləmə?”, “demədimmi filankəslərlə çayxanaya getmə?”, “demədimmi iki ay dizini qatla, kitabın üstündən durma?”… Və beləcə, bu “demədimmi”lər məsələyə son nöqtəni qoyur. İndi buyurun, o “demədimmi”lərin zəhər kimi meyvəsini ölənə qədər yeyin.

İndiki gənclərin intihara meyilli olmasında sosial məsələrdən tutmuş psixoloji faktorlara qədər çox şeylər saymaq olar, amma bizim demək istədiyimiz odur ki, ailə doğmaların birliyidir və biz ağrıları paylaşmağı öyrənməliyik. Birinin dərdi varsa, onu başa düşmək, könlünü almaq, onun sizin üçün nə qədər dəyərli, əziz olduğunu söyləmək, göstərmək və inandırmaq lazımdır. Yəni odun üstünə su ilə gedərlər, benzinlə yox.

Övladlarımızı anlamağa, onların sıxıntılarını, dərdlərini öyrənməyə və hər imkan anında sevgimizi sübut etməyə çalışaq. Yoxsa, Allah göstərməsin, bir də baxırsan ki, iş işdən keçib. Allah köməyimiz olsun!

Əli Məcid

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here