Ot bağlamalarının qiyməti kəskin artıb

0
672
Azərbaycanın əksər bölgələrində, xüsusən də Mərkəzi Aranda sovet dövründə olduğu kimi, zavod və fabriklər fəaliyyət göstərmədiyi üçün məlumdur ki, gənclərin çoxu iş dalınca ya Rusiyaya üz tutub, ya da ki, Bakıya. İnsafən, bu seçimi edənlər pis dolanmırlar. 
Hər halda, evdə boş oturmaqdansa, pulsuz qalıb mağazaların “nisyə dəftəri”nə adını qırmızı xətlə yazdırmaqdansa ya Bakıda, ya da Rusiyada çətinliklə də olsa pul qazanmaq min dəfə yaxşıdır. İş dalınca heç bir yerə üz tutmayanlar, yəni kənddə qalanlar isə fəhləlik etməklə, mal-qara saxlamaqla ailələrini dolandırmağa çalışırlar. Fəhlə işi belədir ki, ya gərək kiminsə həyətində günü 10 manata səhərdən axşama kimi işləyəsən, ya da ot çalımı mövsümündə əziyyət çəkib, başını saxlayasan. Adətən, hər il ot çalımı dövründə kəndlərdə bikar gənclərin sayı azalır. Gənclərin bir qədər pullanması isə istər-istəməz digər işlərə də öz müsbət təsirini göstərir.Qazanan bir neçə tərəf olurOt çalımı mövsümündə – xüsusən də birinci çalımda təsərrüfat sahibləri daha çox qazanc əldə etməyə çalışırlar. Məsələn, birinci çalım zamanı otlar bağlanır (kənd yerlərində buna “ot presi” deyirlər-N.İ) və heyvandarlıqla məşğul olanlara satılır. Burada qazanan bir neçə tərəf olur. Birincisi, otu çalan, ikincisi, otu bağlayan texnika sahiblərinin işi yaxşı gedir. Üçüncüsü, otun yığımı və daşınması ilə məşğul olan fəhlələr qazanırlar. Dördüncüsü isə otu satanla alan arasında maklerlik edənlər.

Amma bu il mövsümlə əlaqədar olaraq, ot bağlamalarının qiyməti kəskin bahalaşıb. Söhbət ondan gedir ki, hər il birinci çalımda bir yonca bağlaması 1,50;1,80; 2 AZN-ə satılırdısa, indi qiymətlər ən azı yarıbayarı bahalaşıb.

Dizelin bahalaşmasının ot biçiminə təsiri

Bəs bunun səbəbi nədir? Hər il Mərkəzi Aran bölgəsində ot bağlamalarının alışı və satışı ilə məşğul olan Anar Hüseynov deyir ki, qiymətlərin bahalaşmasının səbəbi havaların əlverişsiz keçməsi ilə əlaqədar otun zəif olmasıdır. Onun sözlərinə görə, bir çox təsərrüfat sahiblərinin ot bağlamaları yağmurlu hava ilə əlaqədar sahələrdə tələf olub ki, bu da qiymətlərə təsir göstərib. Anar Hüseynovun sözlərinə görə, bu il sahələrdə otun azlığı təsərrüfat sahibləri üçün də gözlənilməz olub. A. Hüseynovun fikrincə, bir müddət öncə dizel yanacağının qiymətinin bahalaşması da ot bağlamalarının qiymətinə təsirsiz ötüşməyib. Belə ki, dizelin qiymətinin bahalaşması otun biçilmə, bağlanma və daşınma qiymətlərinin artmasına gətirib çıxarıb.

“4-5 manatdan ucuz olmayacaq”

Sahələrdə otun azlığı isə ümumən həm də hər il ot biçini mövsümündə işləyib pul qazanan fəhlələrin qazancını azaldıb. Bu vəziyyətlə əlaqədar maldarlıqla məşğul olanların işi də çətinləşib. Söhbət ondan gedir ki, kənd yerlərində bordağa heyvan bağlayıb (yemləyib kökəldən-N. İ) saxlayanların xərci əməlli-başlı artıb. Hər il fərdi təsərrüfatında 4-5 heyvan yemləyib kökəldən və sonra satışa çıxaran Elvin Məhəmmədov da xərclərinin artdığını təsdiqləyir. Onun sözlərinə görə, ot bağlamasının qiymətinin bu gedişlə qış fəslində daha da bahalaşacağı gözləniləndir: “Ötən il qış fəslində bir yonca bağlamasının qiyməti 2,50-3 AZN idisə, bu il çox güman ki, 4-5 manatdan ucuz olmayacaq. Odur ki, mənim kimi bordaqda heyvan saxlayanların da işi çətinləşəcək, digər heyvandarlıqla məşğul olanların da”.

Bu vəziyyət kimlər üçün sərf edir?

E. Məmmədov hesab edir ki, bu gedişlə ətin qiymətinin bahalaşması qaçılmaz görünür: “Dizel yanacağı bahalaşdı, benzin bahalaşdı, bağlama və daşıma xərcləri artdı, ot bağlamasının qiyməti artdı, ola bilərmi ki, bunların qarşılığında ətin qiyməti dəyişməsin. Ətin qiymətini bahalaşdırmamaq üçün bir çıxış yolu qalır – gərək onda bu işlə məşğul olmayasan. Bu isə, təbii ki, real deyil”.

Lakin mövcud vəziyyətdən yararlanan və yaxşı gəlir əldə edəcəyi şübhə doğurmayan şəxslər də var. Bunlar ot bağlamalarını yayda ucuz qiymətə alıb saxlayan, qışda isə baha satan maklerlərdən gedir. Bu vəziyyət onlar üçün sərf edir desək, yanılmarıq. Odur ki, onlar indidən əl-haya düşüb, kəndbəkənd dolaşıb, ot bağlamaları alırlar. İndi 2 manata aldıqları bir ot bağlamasını qış fəslində 4-5 manata satmaq onlar üçün əla qazanc deməkdir…

Olan isə kasıba olur…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here