Ötən mövsümün uğursuz transferləri

503

Azərbaycan Premyer Liqasının təmsilçilərinin də ötən yay və qış dönəmini düzgün keçirdiklərini demək olmaz. Çünki “Xəzər Lənkəran” istisna olmaqla, heyətinə onlarca oyunçu cəlb edən elita klubları onların çoxundan xeyir görmədi.
Ötən sayımızda mövsümün ən uğurlu transferləri ilə sizi tanış etdik. Bu dəfə isə uğursuzları müəyyənləşdirməyə çalışdıq.
Əl-Hərbi Əl Jadeyui
Qurban Qurbanovun gəlişindən sonra uğurlu transferlərlə diqqət çəkən “Qarabağ”da bu dəfə əksinə oldu. Komanda ötən yayda heyətinə düz 12 futbolçu qatdı. Lakin onlardan cəmi 2-si ümidləri doğrultmağı bacardı. Həmçinin qış fasiləsindəki transferlər də uğursuz olması ilə diqqət çəkdi. Yerlilərdən Elvin Məmmədov, Elvin Yunuszadə gözləniləni vermədilər. Nəticədə Məmmədov qışda yola salındı, Yunuszadə isə gününü ehtiyatda keçirdi. Yanvarda “Xəzər Lənkəran”dan alınan Rahid Əmirquliyevin başı zədələrə qarışdığından, millimizin üzvü cəmi 2 çempionat matçında iştirak etdi. Əcnəbi transferlərində isə yalnız Migel Madera uğurlu alındı. Samuel Armenteros mövsümə yaxşı başlasa da, ardını gətirə bilmədi. İkinci yarıda komandaya qaytarılan Muarem Muarem də hələlik əvvəlki oyununu göstərə bilmir. Ağdamlıların 3 əcnəbi transferi isə fiasko ilə nəticələndi. Bəh-bəhlə gətirilən Makedoniya millisinin müdafiəçisi Vladimir Dimitrovski cəmi 3 görüşdə meydanda oldu. Hücumçu Raydell Pupon isə 15 qarşılaşmada 1 qolla kifayətləndi. Məşqçilər korpusu hər ikisinin artıq oyunçu olduğunu vaxtında başa düşüb, yanvarda onlarla yollarını ayırdı. Mərakeşli yarımmüdafiəçi Əl-Hərbi Əl Jadeyuiyə isə mövsümün sonuna qədər səbr edildi. 30 yaşlı futbolçu nə avrokuboklarda, nə də daxili yarışlarda ümidləri doğrultdu. Əl-Hərbinin lazımsız olduğunu görən Qurban Qurbanov onu əvəzedici heyətə göndərdi. Premyer Liqada cəmi 9 görüşdə iştirak edən legioner mövsümün böyük hissəsində əvəzedicilərin heyətində hansısa gəncin yerini tutdu. Müqavilə müddəti davam etdiyindən, rəhbərlik onu hələ də yola sala bilmir.
Dieqo Souza
Premyer Liqanın debütantı ötən mövsümün əvvəlində heyətini sıfırdan yığdı. Baş məşqçi postuna təcrübəsiz Adil Şükürovu gətirən paytaxt təmsilçisi düz 25 futbolçu transfer etdi. Onların çoxunun ümidləri doğrultması komandanın ilk mövsümündəcə gümüş mükafata yiyələnməsi ilə nəticələndi. Ancaq təbii ki, ümidləri doğrultmayanlar da oldu. Yerlilərdən Kamal Bayramov, Tərzin Cahangirov, Tellur Mütəllimov, Hacı Əhmədov, Mirkamil Haşımlı kimi oyunçular əsas heyətə düşməkdə çətinlik çəkdilər. Nəticədə bəziləri yanvarda, bəziləri də bu yay yola salındılar. Əcnəbilərə gəlincə, burda konkret bir uğursuz seçmək çox çətindir. Viktor İbekoyi müntəzəm iştirak etsə də, AZAL-dakı kimi çıxış edə bilmədi. Rihairo Meulens və mövsümün əvvəlində son anda heyətə cəlb edilən Eduardo Makielin komandaya bir faydası dəymədi. Bunun nəticəsi idi ki, hər iki oyunçu yanvarda yola salındı. Ancaq Çimezi Mbah və Dieqo Souza mövsümün sonuna qədər komandada saxlanıldı, boyunlarından gümüş medalı asıb, sonra ayrıldılar. Nigeriyalı müdafiəçi həm əsas, həm də əvəzedici heyətdə çıxış etdi, amma heç birinə xeyri dəymədi. Souzanın isə ölkəmizə ikinci gəlişi fiaskoya səbəb oldu. Cəmi 10 matçda meydançaya çıxan “sambaçı” gah zədəli oldu, gah da əvəzedici heyətdə iştirak etdi.
Derlis Meza Kolli
Mövsümün əvvəlində heyətində ciddi dəyişikliklər edən “Qəbələ” 17 futbolçu ilə anlaşdı. Komanda Avropa Liqasının qrupunda oynamasına və çempionatda bürünc medala sahib çıxmasına baxmayaraq, kifayət qədər uğursuz transferləri oldu. Məsələn, yerlilərdən Andrey Popoviç, Vadim Abdullayev, Vaqif Cavadov, Vüqar Nadirov və milliləşdirilən daha bir futbolçu Pavel Paşayevin nəyə görə heyətə cəlb edildiklərini başa düşmək mümkün deyil. Asif Məmmədov və qışda alınan Rəşad Eyyubov da gözlənilən səviyyədə oynamadılar. Əcnəbilərdən isə David Pietrzkeviç və Georgi Floresku cəmi 1 çempionat oyununda meydançaya çıxdılar. İkincini vaxt itirmədən yanvarda yola saldılar. Həmçinin baş məşqçi Roman Qriqorçukun istəyi ilə alınan Vitali Vernidub da uğursuz transferlərdən oldu. Kobud səhvləri ilə diqqət çəkən mərkəz müdafiəçisi cəmi 11 qarşılaşmada iştirak etdi. “Qəbələ”nin ötən yayda ən böyük ümidlə transfer etdiyi oyunçulardan biri də Derlis Meza Kolli oldu. Ancaq “İnter”dəki performansını burada təkrarlaya bilməyən paraqvaylı yarımmüdafiəçi çempionatın cəmi 4 görüşündə meydançaya çıxdı və qış fasiləsində ölkəmizi tərk etdi.
Stepan Polyak
Ötən yay heyətində ən böyük dəyişikliyə əl atan komanda “İnter” oldu. Daha çox yerli futbolçularla güclənməyə çalışan “bankirlər”də zəif təsir bağışlayanlar heç də az olmadı. Baş məşqçi Zaur Svanadze müxtəlif səbəblərdən Rauf Əliyev, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Ruslan Əmircanov, Vüqar Nadirov və Kamran Ağayev kimi yerlilərin xidmətindən düz-əməlli yararlana bilmədi. Əcnəbilərdən Laşa Kasradze və qış fasiləsində geri qaytarılan Sezar Meza Kolli meydançada olduqları görüşlərdə lazımi köməyi edə bilmədilər. Xuan Fransisko və Stepan Polyakı isə ən uğursuz transfer saymaq olar. Xüsusən də ikinciyə ümid böyük idi. Çünki “Simurq”da parlaq çıxışla seçilən Polyak “İnter”də cəmi 14 görüşdə iştirak etdi ki, onun da çoxunda meydançaya sonradan daxil oldu. Nəticədə Fransisko ilə birlikdə Stepan da qış fasiləsində göndərildi.
Aleksandr Sitnik
Debütant “Zirə” kimi, çempionata qaytarılan “Kəpəz” də mövsümə tam yeni heyətlə başladı. Kasad heyətlə mübarizə aparan gəncəlilərin əksər üzvü ümidləri doğrultdu. Təcrübəli yerlilərdən Murad Ağakişiyevin Premyer Liqaya dönüşü yenə uğursuz alındı. Dario Federiko da Silva mövsümə əla start götürsə də, zədə ucbatından cəmi 12 görüşdə iştirak edə bildi. Ancaq onu uğursuz keçid saymaq düzgün olmaz. Ən diqqətçəkən oyunçu Aleksandr Sitnik oldu. Ukraynadan gətirilən hücumçu ilk yarıda iştirak etdiyi 17 qarşılaşmada cəmi 2 qol vura bildi. Nəticədə yanvarda onunla yollar ayrıldı.
Məhəmməd Qurbanov
“Neftçi”də Türkiyədən qayıdan Cavid İmamverdiyevin əvvəlki formasından uzaq olduğu görünürdü. Mixal Peskoviç və qış fasiləsində “Xəzər Lənkəran”dan alınan Elşən Rzazadə də heç nə etmədilər. Ancaq ən uğursuz keçid kimi Məhəmməd Qurbanovun adını çəkmək olar. “Sumqayıt”dan qol “silahı” kimi alınan milli komandamızın hücumçusu meydançada olduğu 13 qarşılaşmada rəqib qapılarına yol tapa bilmədi.
Mirzağa Hüseynpur
AZAL-ın yığdığı heyət komandanın iddialılar sırasında olmayacağını göstərirdi. Yeni gələnlər arasında elə bir futbolçu yox idi ki, ona ümidlər böyük olsun. Yalnız Mirzağa Hüseynpuru qeyd etmək olar. Qış fasiləsində “Sumqayıt”dan gətirilən millinin sabiq oyunçusu əsas heyətə düşməyi bacarmadı.
Rasim Ramaldanov
“Sumqayıt” da əsasən gənc oynçuların ümidinə qalmışdı. Nuran Qurbanov, Elnur Abdulov və Tural Rzayev kimi ümid bəslənilən futbolçular heç nə ilə yadda qalmadılar və qışda göndərildilər. İkinci yarıda heyətə cəlb edilən təcrübəlilərdən isə Rasim Ramaldanovdan müdafiədəki problemi yoluna qoymaq gözlənilirdi. Millimizin keçmiş üzvü nəinki kömək edə bilmədi, heç əsas heyətə düşmədi. Cəmi 9 matçda iştirak edən Ramaldanov bu günlərdə “Sumqayıt”la sağollaşdı.
Fərid Quliyev
Çempionatı 9-cu pillədə başa vuran “Rəvan”a ötən yayda bir neçə təcrübəli oyunçu cəlb edildi. Hücumçu Fərid Quliyevə əsas qol ümidi gözü ilə baxılırdı. Ancaq yığmamızın sabiq forvardı cəmi 7 oyun keçirdi və qışda yola salındı. Həmçinin geri qaytarılan Şerif Suma və Samuel Barlay da komandada cəmi 6 ay qala bildilər.
Qeyd: “Xəzər Lənkəran”ın transfer qadağası olduğundan, cənublular nə ötən yayda, nə də qış fasiləsində heyətə yeni oyunçu qata bildilər.
Ömər Məmmədli