Ötən ay son illərin ən yüksək inflyasiyası qeydə alınıb

672
Cari ilin yanvar-fevral pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3 milyard 543,8 milyon manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 1 milyard 76,7 milyon manatlıq pullu xidmət göstərilib. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,5%, pullu xidmətlərin həcmi isə 5,1% artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 1 milyard 775,1 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 1 milyard 768,7 milyon manatlıq qeyri-ərzaq malları alınıb.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri (inflyasiya) fevral ayında yanvar ayı ilə müqayisədə 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6%, qeyri-ərzaq mallarının qiymətləri 3,1%, xidmət tarifləri isə 1,2% bahalaşıb. Qeyd edək ki, ötən ilin fevralında aylıq inflyasiya 0,4%, 2013-cü ilin fevralında 0,5%, 2012-ci ilin fevralında isə 0,1% təşkil edib.   2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,7%, xidmət tarifləri isə 1,4% bahalaşıb.

Neft hasilatı 1,6%, əmtəəlik qaz hasilatı isə 10,5% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% çox sənaye məhsulu istehsal olunub. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,4%, o cümlədən neft hasilatı 1,6%, əmtəəlik qaz hasilatı isə 10,5% artıb. Sənaye məhsulunun 59,9%-i mədənçıxarma bölməsində, 29,2%-i emal bölməsində, 9,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. İki ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 1,5%, kimya sənayesi məhsulları istehsalı 20,6%, rezin və plastmas məmulatların istehsalı 29,3%, hazır metal məmulatların istehsalı 7,6%, tikinti materialları istehsalı 24%, elektrik avadanlıqlarının istehsalı 73,6% artib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 2,3%, elektrik enerjisi istehsalı isə 1,2% artaraq 4,1 milyard kVt saat olub.

İki ay ərzində istehsal olunan məhsulun 99,7%-i istehlakçılara göndərilib. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 312,8 milyon manatlıq hazır məhsul olub və əvvəlki ayla müqayisədə 21,1 milyon manat artıb.

Kənd təsərrüfatının ümumi məhsulu 3,1% artıb

Aqrar bölmədə bitkiçilik məhsullarının əkininə başlanılıb. Mart ayının 1-nə kimi 47,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1031 hektar sahədə dənli və dənli paxlalılar, 11 min hektar sahədə kartof, 7,3 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar əkilib.

Heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 min ton, yaxud 1,9% artaraq 72,3 min ton, süd istehsalı 11,5 min ton və ya 4,3% artaraq 279,4 min ton, yumurta istehsalı 17,1 milyon ədəd, yaxud 7,1% artaraq 257,6 milyon ədəd, bitkiçilik məhsullarından isə 226 ton və ya 6% çox tərəvəz istehsal edilib.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 3,5%, heyvandarlıq məhsulları istehsalı 3,1%, kənd təsərrüfatının ümumi məhsulu 3,1% artıb.

 

İki ay ərzində 262,9 min kvadrat metr yaşayış evləri tikilib

Yanvar-fevral aylarında ölkənin tikinti kompleksində 1 milyard 697,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox vəsaitdən istifadə edilib və onun 1 milyard 247 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 886,5 milyon manatı yerli mənbələrdən daxil olub. Müxtəlif mənbələrdən ayrılan vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadrat metr yaşayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilib.

Büdcənin profisiti ümumi daxili məhsulun 11,6%-ə bərabər olub

Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artaraq 444,4 manat təşkil edib. 2015-ci ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 3,7% artaraq 618 manata çatıb. Gəlirlərin 75,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 1,7 milyard manat vəsait daxil olub, büdcədən 1,3 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranan 421,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 11,6%-inə bərabər olub. Büdcə xərclərinin 812,8 milyon manatı iqtisadiyyatın inkişafına, 202,7 milyon manatı sosial müdafiə və sosial təminata, 38,4 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.

2015-ci il fevralın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,6 milyard manat məbləğində kredit ayırılıb. Verilən kreditlərin həcmi 2014-cü il fevral ayının 1-i ilə müqayisədə 19,6% artıb, onun 79,3%-i və ya 14,7 milyard manatı uzun müddətli olub. Kreditlərin 1 milyard manatının, yaxud 5,5%-nin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 10,4% artaraq fevral ayının 1-i vəziyyətinə 7,1 milyard manata çatıb.