Orfoqrafiya təkcə ziyalılar üçün deyil

430

İstənilən ziyalının mövqeyinə hörmətlə yanaşmaq lazımdır, amma elmi prinsipləri də kənara qoymaq olmaz.

alpaninfo.com xəbər verir ki, bu sözləri teleqraf.com-a Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov 100-dən artıq ziyalının orfoqrafiya qaydaları ilə bağlı müraciətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bir həftədən sonra yeni orfoqrafiya lüğəti ilə bağlı layihənin bir daha müzakirəsi keçiriləcək: “Bu məsələlərə bir daha baxılacaq. Orfoqrafiya Komissiyasının təklif etdiyi dil qaydaları layihəsindəki 22, 37 və 69-cu bəndlər barədə söylənilən fikirlər bir daha saf-çürük olunacaq. Dillə, onun qayda- qanunları, orfoqrafiya lüğəti ilə bağlı çıxarılan istənilən qərar yazı qaydalarının tənzimlənməsinə, insanların asan yazması üçün yaradılmış vərdişlərdən düzgün istifadə olunmasına xidmət etməlidir. Burada subyektiv fikirlərdən uzaq durmaq gərəkdir.

Dil elə taleyüklü məsələdir ki, o, ayrı-ayrı subyektlərin, insanların mənafeyinə xidmət edə bilməz. Orda ümumi prinsiplər və millətin marağı əksini tapmalıdır.

Orfoqrafiya lüğəti ilə bağlı iclasda hörmətli ziyalıların qaldırdığı məsələlər bir daha təhlil olunacaq.

Amma istəyərdim ki, qaldırılan məsələlər konkretləşsin. Tutaq ki, apostrof işarəsi ilə bağlı məsələ çoxdan həll olunub. Təzədən ona qayıtmağın özü, yaradılmış qaydanı ləğv edib, yenidən köhnəyə yer verilməsi də bir qaydasızlıqdır. İkinci məsələyə, -iyyət şəkilçilərində qoşa “y” samitinin yazılması qaydasına isə yenidən baxılacaq.

Şeir, feil sözləri artıq yazıya düşüb, təzədən onu dəyişmək qaydaları pozmaq deməkdir”.

Buludxan Xəlilov hər bir vətəndaşın mövqeyinə hörmətlə yanaşmağın lazım olduğunu vurğulayıb: “Əsas odur ki, müzakirələr düzgün, obyektiv baş tutsun, yekun nəticə Azərbaycan dilində yazan hər bir adam üçün rahat və başa düşülən olsun.

Orfoqrafiya və dil qaydaları təkcə ziyalılar üçün deyil, bu qaydalar yazmağı bacaran hər bir kəsə uyğun və asan olmalıdır. Elə olmalıdır ki, ziyalı, alim, yazıçı-şairlə bərabər adi protokol, çıxarış yazan, Azərbaycan dilində yazmağı bacaran sıravi insan da ona əməl edə bilsin, yadında saxlasın. Ona görə də ziyalılar əl-ələ verib bu məsələni rahat yoluna gətirməliyik.

Müzakirələr davam edir və inanıram ki, bu məsələlər müsbət həllini tapacaq”.

Qeyd edək ki, bu yaxınlarda 100-dən artıq ziyalı Dövlət Dil Komissiyasına müraciət edərək orfoqrafiya qaydalarına təklif edilən dəyişikliyə etiraz bildirib.