“Ordumuz xalqın özünə inamını qaytardı”

0
399

Xəyalə Sadıqova
Aprelin əvvəlində cəbhədə baş verən 4 günlük müharibədə Azərbaycan düşmən mövqelərinə ağır zərbələr endirməklə üstünlük əldə etdi. Bir sıra strateji əhəmiyyətli məntəqələrin alınması qarşı tərəfə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək iqtidarında olduğunu bir daha sübut etdi. Ölkəmizin cəbhədə üstünlük əldə etməsi xalqda da ruh yüksəkliyi yaratdı. Bundan başqa, vətən üçün canından keçən şəhid əsgərlərimizin nəşi böyük iftixar hissi ilə qarşılandı. Belə bir zamanda siyasi düşüncəsindən asılı olmayaraq, hər kəs birləşdi, bütün xalq bir-birinə dəstək oldu. Cəbhədə əldə edilən uğurlar həm də insanlarımızda sanki ümidləri daha da artırdı, bir oyanışa səbəb oldu, müəyyən kəsim insanlardakı pessimizm müəyyən mənada sanki aradan qalxdı.
“Xalq uzun müddətdir ermənilərə cavab vermək üçün fürsət gözləyirdi”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən sosioloq Əhməd Qəşəmoğlu artıq uzun müddətdir cəmiyyətin Qarabağ məsələsinin həllini gözlədiyini bildirdi: “Azərbaycan cəmiyyəti neçə ildir Qarabağ məsələsinin həllini gözləyir. Nə qədər sosial sorğu keçirilibsə, həmişə istər yaşlılar, istərsə də gənclər Azərbaycanın bir nömrəli probleminin Qarabağ məsələsi olduğunu deyiblər. Bu, xalq üçün bir namus məsələsidir. Uzun illərdir bu məsələdə durğunluq var idi və xalq görəndə ki, bu sahədə tərpəniş var, artıq onlarda ümid yarandı. 1987-ci ilin noyabrından bəri bu problem mövcuddur. 30 ilə yaxındır bizə qarşı tətbiq olunan haqsızlığa cavab vermək üçün fürsətimiz yaranıb. Azərbaycan Rusiyaya birləşdikdən sonra ermənilər ürəyi istəyən hər şeyi edib. Bu neçə ildə ilk dəfə idi ki, ermənilərə cavab vermək üçün fürsətimiz yarandı. Bütün bunlar xalqın daxilindəki milli ruhu oyatdı. Buna görə də insanlar bu məsələ ətrafında yekdil oldular”.
“Hər bir insanın davranışına təsir edən 3 mühüm məsələ var. Birincisi, yaşadığı mühit, ikincisi, aldığı informasiya, üçüncüsü isə, mənəvi dəyərlər. Uzun müddətdir ölkəmizdə əmin-amanlıq, sakitlik hökm sürür. İnsanlar təhlükəsiz şəraitdə yaşayırlar, heç bir qarşıdurma yoxdur. Sakitliyin özü də insanların özlərini sərbəst hiss etmələrinə şərait yaratdı. Gənclər evdə, məktəbdə daim ətrafdan Qarabağ haqqında eşidir, məlumat əldə edirlər. İnsanların üstünlük verdikləri dəyərlər onları ruhlandırır, daha da qorxmaz edir”,-deyə sosioloq vurğuladı.
“Ordumuz üstün olduğumuzu əyani şəkildə göstərdi”
Əməkdar jurnalist Məzahir Süleymanlı xalqımızın belə sevincə, birliyə çox ehtiyacı olduğunu bildirdi: “Son 20 ildə danışıqlar aparılsa da, xalq bunu mətbuatdan oxuyub öyrənirdi. Lakin indi ordumuz üstün olduğumuzu, gücümüzü əyani şəkildə göstərdi. Çox qısa müddət öncə ölkədə devalvasiya oldu, manatın məzənnəsi aşağı düşdü və insanlar arasında müəyyən narazılıqlar baş qaldırdı. Xalq öz iqtisadi vəziyyətindən şikayətçi idi. Amma 4 günlük müharibədə qazanılan uğurlar bütün bu narazılıqları arxa plana keçirdi. Bu müddət ərzində müxalifət qəzetlərini də izlədim və onların söylədikləri fikirlərlə tanış oldum. Şahidi oldum ki, söhbət Qarabağ məsələsindən gedəndə ölkədə müxalifət və iqtidar problemi yoxdur. Bütün xırda məsələlər xalqın iradəsi ilə aradan qaldırıldı. Elə bir insan olmadı ki, bu uğura sevinməsin”.
M. Süleymanlı ordumuzun qəhrəmanlığını xalqda ruh yüksəkliyi yaratdığını dedi: “Dünyanın heç bir yerində görünməmiş bir hadisə idi ki, biz şəhid verdiyimiz üçün də sevinirdik. Əvvəllər bu məsələ bir qədər narazılıqla qarşılanır, etiraz edənlər nəzərə çarpırdı. Lakin indi şəhidlərimizin sayı bir qədər çox olmasına baxmayaraq, insanlar iftixar hissi keçirirdilər. Ona görə ki, xalq o şəhidləri özününkü bilir, övladı, qardaşı olaraq qəbul edirdi. Bu mənada, demək olar ki, insanlarda ruh yüksəkliyi yarandı və xalq Qarabağın düşməndən azad olunacağına inamla baxır. Bu inamı da ölkə rəhbərinin qətiyyəti, ordumuzun qəhrəmanlığı, şücaəti yaratdı. Onlar ölümün qabağına cəsarətlə getdilər. Hətta cəbhəyə getməsələr belə yaşından asılı olmayaraq, minlərlə insan könüllü surətdə cəbhəyə getmək üçün müraciət etdi. Bu inam xalqımıza lazım idi. Biz illərdir bu əhvali-ruhiyyəni görmək arzusunda idik. Ordumuz bizə bu inamı qaytardı. Artıq üstünlük bizim əlimizdədir və ümid edirik ki, torpaqlarımızı geri alanadək vəziyyət belə də davam edəcək”.