Ordumuz qarşıya qoyulan istənilən hədəfə çatmağa qadirdir

0
44

İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan  vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadı. Çünki hesab edildi ki, özlərini demokrat adlandıran yeni qüvvələr, yeni hakimiyyət özündən əvvəlki rəhbərlərin  Dağlıq Qarabağ problemindəki yanlış siyasətindəə düzəlişlər edəcəklər. Amma bu, belə olmadı. Əksinə, hakimiyyəti zəbt etmiş Nikol Paşinyan Azərbaycana qarşı daha sərt bəyanatlar səsləndirməyə başladı. Üstəlik, o, rəsmi Bakının çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayaraq, “Dağlıq Qarabağ Ermənistandır” kimi sərsəm fikirlər söyləməklə yanaşı, cəbhə bölgəsində təxribatlara  əl atdı, danışıqlar prosesini tamamilə pozdu. Bütün bunlarla  vəziyyəti daha da gərginləşdirdi.

Təbii ki, Azərbaycan beynəlxalq hüquq normalarını ard-arda pozan və 30 il müddətində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışlar edən Ermənistanın həyasız gedişlərinə seyrci qala bilməzdi və qalmadı da…

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli telekanallara müsahibəsində növbəti dəfə bildirmişdi ki, ermənilər öz çirkin planlarından əl çəkməsələr nəticələr ağır olacaq: “Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.”  Üstəlik, Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların tribunalarından, həmçinin sentyabrın 24-də keçirilən BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarda videoformatda çıxış edərkən faşist ideologiyasına xidmət edən Ermənistanın törətdiyi bütün təxribatlar barədə bir daha söz açmış və BMT-ni, beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət etmişdi. Amma rəsmi İrəvan bunlardan da bir nəticə çıxarmadı.

Nəticədə işğalçı ölkə BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə, daha doğrusu,  cari ilin sentyabrın 27-də Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutdular və mülki əhaliyə ciddi ziyan vurdular. Bununla da Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirdi. Beynəlxalq normalar çərçivəsində əks-hücuma keçən Azərbaycan Ordusu Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etdi. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postlarını darmadağın etdi, hakim yüksəklikləri, o cümlədən Murov dağı silsiləsindəki, eləcə də Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklikləri nəzarətə götürdü.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, düşmənin 24 ədəd tankı və digər zirehli texnikası, 15 ədəd zenit-raket kompleksi, 15 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itki verib. Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi ordusundakı döyüş itkilərinin real sayını hər zaman olduğu kimi, yenə də ictimaiyyətdən gizlədir. Bir sözlə, Azərbaycan Ordusu 2018-ci ildə, bu ilin iyul ayında olduğu kimi, yenə də  düşmən təxribatlarının qarşısını mətinliklə alaraq işğlaçı ölkəyə öz yerini göstərdi. Bununla da Azərbaycan Ordusu Ermənistana növbəti dərs verdi.

Müasir texnika ilə təchiz edilmiş, keçirdiyi  təlimlər nəticəsində daha da püxtələşmiş ordumuz bir daha göstərdi ki, onun qüdrəti yenilməzdir. O, qarşıya qoyulan istənilən hədəfə çatmağa qadirdir. Şübhəsiz, Vətən sevgisi, dədə-baba torpaqlarımıza qovuşmaq həsrəti bizi yeni qələbələrə səsləyir. Bu gün hər bir əsgərimiz və zabitimiz də yaxşı dərk edir ki, ölkəmizdə xalq-Prezident, xalq-ordu birliyi özünün ən yüksək mərhələsindədir. Elə ordumuzun hər dəfə zəfər əldə etməsi də bu birliyin nəticəsidir. Prezident İlham Əliyevin səsləndirdiyi “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi” və “Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır” fikirləri də xalqımız tərəfindən dövlətimizin başçısının birlik, həmrəylik amilinə verdiyi dəyərin ən bariz nümunəsi kimi qiymətləndirilməlidir. Bu aspektdən çıxış etsək deyə bilərik ki, Azərbaycan Ordusunun sayəsində xalqımızı daha xoş müjdələr gözləyir. Sentyabrın 27-də keçirilən  Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı vurğulamışdır: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.”

Qvami Məhəbbətoğlu, “İki sahil”