Ordumuz qələbəyə köklənib

428

Son illər Azərbaycanın iqtisadi potensialı kifayət qədər güclənib. Bu da müharibə şəraitində yaşayan ölkəmizin hərbi qüdrətinin artırmasına imkan yaradıb. Ən müasir texnika, silahlarla təchiz olunmuş ordumuz bu il keçirilmiş iki hərbi paradda hərbi gücünü bütün dünyaya da göstərib. Qeyd edək ki,  hazırda beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer tutur.

Bu isə o deməkdir ki, bu gün Ermənistan və Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Azərbaycan hərbi sahədə əldə etdiyi bu uğurla kifayətlənmək fikrində deyil. Belə ki, dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacağını bəyan edib və bu sahədə heç bir məhdudiyyətin olmayacağını bildirib. Yeri gəlmişkən, hazırda ölkəmizin dövlət büdcəsində də  hərbi xərclər birinci yerdədir.   Qeyd edək ki, bu il bu istiqamətdən bir çox önəmli kontraktlar imzalanıb. Həmin kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcək. Ordumuz həm də ölkə daxilində istehsal edilən silahar hesabına gücləndiriləcək.

Ekspertlərin fikrincə, müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycanın öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırması, hərbi qüdrətini daha da yüksəltməsi başadüşüləndir.

Şübhəsiz ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, eləcə də hərbi qulluqçulara göstərilən diqqət və qayğı ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə müsbət təsir göstərir, eyni zamanda, əsgər və zabitləri Ali Baş Komandanın əmr və göstərişlərini daha məsuliyyətlə yerinə yetirməyə sövq edir. Ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğu bir vaxtda torpaq uğrunda döyüş meydanına atılanların bu cür diqqət mərkəzində saxlanılması çox önəmlidir.

Təbii ki, orduya belə yanaşma torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ildə həyata keçirilmiş Günnüt əməliyyatı ordumuzun artan gücünün, eyni zamanda, qarşıya qoyulan missiyanın ən yaxşı göstəricisidir. Bununla Azərbaycan Ordusu döyüş meydanında da qalib gəlmək iqtidarında olduğunu göstərib. Bütün bunlar belə deməyə əsas verir ki, ordumuz qələbəyə – Şuşanı, Xankəndini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Kəbəcəri, Laçını… azad etməyə, həmin məkanlarda üçrəngli bayrağımızı dalğalandırmağa, qələbə paradını keçirməyə çox yaxındır.

Artıq Azərbaycanın belə möhtəşəm ordu quruculuğu Ermənistanı vahiməyə salıb. Belə ki, son vaxtlar erməni mediası daha çox bu məsələyə diqqət ayırır. Məsələn, bu günlərdə dərc olunmuş yazıların birində qeyd olunub ki,  Azərbaycanın son illər aldığı silahlar heç də  muzeylər üçün nəzərdə tutulmayıb, o silahlardan bir gün atəş açılacaq. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçəcəyi təqdirdə, bu Ermənistanın tam iflası ilə nəticələnəcək.

Rəsmi Bakı bunu heç də inkar etmir. Belə ki, dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin  istifadəyə verilməsi mərasimindəki nitqində Prezident İlham Əliyev bir daha bəyan edib ki,  qədəm qoyduğumuz 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Prezident “Rossiya-24” telekanalına müsahibəsində isə belə deyib: “Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir”.

Buradan belə aydın olur ki, strateji hövsələ, dözüm, səbir və öz inkişafına diqqət Azərbaycanın 2019-cu ildəki seçimidir. Bu, bir daha o deməkdir ki, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə həllinə hələ ümidləri tükənməyib, odur ki, məsələnin hərbi müstəvidə həllinə o qədər də səy göstərmir. Amma bununla belə Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlarla ərazilərini düşməndən təmizləmək iqtidarındadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”