Ordumuz dünyanın ən güclüləri sırasında olduğunu döyüş meydanında göstərir

185

Azərbaycan Ordusu bütün istiqamətlər üzrə uğurlu əməliyyatlar keçirərək erməni ordusuna sarsıdıcı zərbələr endirməkdə davam edir. Xəbər verildiyi kimi, düşmənin illərdən bəri qurduğu müdafiə səddini darmadağın edən ordumuz artıq torpaqlarımızın bir hissəsini işğalçılardan təmizləyib və xalqımızı sevindirib. Ordumuz bu döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsi ilə yanaşı, neçə-neçə hərbi texnikasını sıradan çıxarıb, üstəlik,  saz vəziyyətdə olan hərbi texnikasını da qənimət kimi ələ keçirib. Düçmənin əlində isə bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə  açıqlamasında bildirdi ki, bütün bu uğurlar ordumuzu müasir texnika və silah-sursatla silahlandırmış, ordu quruculuğunu hər zaman prioritet sahə hesab etmiş Ali Baş Komandanın zəfəridir: “Azərbaycan Ordusunun potensialı dünyaya məlumdur. Yəni, bizim nələrə malik olduğumuz heç kəs üçün sirr deyil. Bu gün ordumuz  Rusiya, İsrail, Belarus, İran, Ukrayna, Şərqi Avropa ölkələri, o cümlədən Türkiyə istehsalı olan ən müasir hərbi avadanlıqlardan istifadə edir. Bu silahlardan bacarıqla istifadə edən Azərbaycanın əsgər və zabitləri döyüş bölgəsində “maksimum nəticə, minimum itki” prinsipi ilə hərəkət edərək düşmənə göz açmağa imkan vermirlər. Ali Baş Komandanımıza istinadən bir faktı qeyd etmək istəyirəm: “Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik.”

Yeri gəlmişkən qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Bu gün fəxrlə deyə bilərəm ki, dünyanın 50 ən güclü ordusu sırasında yer alan ordumuz bu fikri döyüş meydanında doğruldur. Yəni, ordumuz dünyanın ən güclüləri sırasında olduğunu döyüş meydanında göstərir”.

Müsahibimiz daha sonra vurğuladı ki, hazırda ordumuz ən müasir silahlarlar, texnikalarla təchiz edilib, bu proses davam etdirilir: “Onu da bildirim ki, Silahlı Qüvvələrimizin Aprel və Tovuz döyüşlərində, eləcə də sentyabrın 27-də işğalçı dövlətin növbəti təxribatına cavab olaraq həyata keçirdiyi əks-həmlələrdə qazanılan uğurlar qısa bir dövrün nailiyyətləri kimi xarakterizə olunmamalıdır.  Belə ki, bütün bunlar həm ulu öndər Heydər Əliyevin, həm də  hər zaman “Ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik” deyən Prezident İlham Əliyevin ölkəmizdə nizami ordu quruculuğu istiqamətində həyata keçirdikləri islahatların məntiqi nəticəsidir. Təkcə bir faktı qeyd edək ki, 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi kifayət qədər artırılıb. Təbii, bu, belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir.”

Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə böyük sevinci yaşadacaq. Mən buna tam əminəm. Çünki Ali Baş Komandanımızın bildirdiyi kimi, biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Qarabağ bizimdir, Qa­rabağ Azərbaycandır!”

Qvami Məhəbbətoğlu, “İki sahil”