“Ordu quruculuğuna görə Azərbaycan regionda liderdir”

564
Əli Həsənov: “Azərbaycan əhalisinin sayına müvafiq olaraq, həm onun milli ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir”.
“Azərbaycanın planet və regional geosiyasi təsirinə həlledici təsir göstərən əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji potensialı, regional və beynəlxalq təhlükəsizlik blokları ilə münasibətləri və təhlükəsizlik siyasəti hesab olunur. Malik olduğu hərbi-geostrateji potensialına, bu sahədə göstəricilərinə və milli resurslarına görə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur”. Bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda “Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri” mövzusunda çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan əhalisinin sayına müvafiq olaraq, həm onun milli ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir: “Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin, yaxud Qonşuluq Siyasətinin əsas fiqurlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda, digər münaqişə bölgələrində Qərbin həyata keçirdiyi sülhyaratma proseslərindəki birbaşa iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması fəaliyyətinə görə də xüsusi fərqlənib”.

Ə. Həsənov qeyd edib ki, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib. Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, “Transxəzər” layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib”.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirilir. Konfransdan öncə dövlət və hökumət rəsmiləri, millət vəkilləri Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Konfransda çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmağın mümkün olmadığını, Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu söyləyib.

Ə. Əhmədov bildirib ki, YAP hər il ənənəvi olaraq Heydər Əliyevin doğum günü ilə bağlı konfranslar keçirir və builki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olması təsadüfi deyil: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi təsadüfi deyildi. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib, ölkəmizin təmsilçisi bu müsabiqənin qalibi olduğu üçün ölkəmiz bu hüququ qazanıb. Bu günlərdə isə çox əlamətdar tarixi hadisənin ərəfəsindəyik. Azərbaycan ilk Avropa Oyunlarını keçirəcək, bu, Azərbaycanın nüfuzundan xəbər verir”.

Ə. Əhmədov Azərbaycanın dünyanın enerji xəritəsində mühüm rol oynadığını söyləyib: “Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin gücləndirdiyi Azərbaycanın dünya birliyində nüfuzu artacaq”.

“Əgər əvvəllər Qərbi Avropaya inteqrasiya arzulanırdısa, bu gün fərqli tendensiyalar səbəbindən bu arzu ilə bağlı xəyal qırıqlığına uğrayanlar çoxdur. Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir, eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir”. Bu sözləri konfransda Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Azərbaycan belə bir dünyada öz müstəqilliyini qorumaq, ayaq üstündə durmaq erasına qədəm qoyub: “Belə bir mühitdə məqsədinə çatmaq üçün yolunu düzgün seçməlisən. Bizim ərazimiz işğal olundu, milyonlarla insanlarımız qaçqın və məcburi köçkün düşdü. Bu gün də bizi təhdid edən təhlükələr var. Biz bu təhdidlərə qarşı çevik reaksiya verməliyik. Heydər Əliyev belə ziddiyyətli dünyada balanslaşdırılmış siyasət yeritməklə xalqımızın maraqlarını təmin etməyin mümkünlüyünü ortaya qoyub. Bu gün Azərbaycan modeli dünyada öyrənilməkdədir”.

“Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu”

“Ərazisinin ölçüsünə, maddi və mənəvi resurslarından yararlanmasına görə Azərbaycan Cənubi Qafqazın ən potensiallı ölkəsi hesab olunur”. Bunu konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Xəzəryanı ölkələr arasında ən əhəmiyyətli geoiqtisadi və geostrateji mövqe Azərbaycana məxsusdur: “Yürüdülən düzgün iqtisadi siyasət Azərbaycanı Avrasiyanın mənəvi mərkəzinə çevirib. Ölkə beynəlxalq birliyin artan enerji ehtiyacına uyğun enerji siyasəti yürüdərək öz əhəmiyyətini artırıb. Hazırda Qazaxıstan, Türkmənistan və Azərbaycan artan enerji tələbatında ən alternativ mənbə hesab olunur.  Azərbaycan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri ilə bağlı strateji seçim etdi, bu, Azərbaycanın geostrateji əhəmiyyətini, nüfuzunu artırdı. Hazırda Bakı-Subsa, Bakı-Novorosiysk, BTC kimi illik gücü 70 mln ton, Bakı-Tbilisi-Ərzurum və digər qaz kəmərləri sayəsində ötürmə qabiliyyəti 30 milyard kubmetr olan şəbəkəyə malikdir. TAP və TANAP bu sahədə imkanları daha da artıracaq”.

Ə. Həsənov bildirib ki, TAP və TANAP Cənubi Qaz Dəhlizinə yeni nəfəs gətirib: “Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu, Cənub Qaz Dəhlizini xilas etdi”.

Ölkənin nəqliyyat dəhlizi kimi oynadığı roldan danışan Ə. Həsənov bildirib ki, nəqliyyat sistemi yenidən qurulub: “Azərbaycan mili vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir və buna söykənərək müstəqil xarici siyasət yürüdür. Heydər Əliyevin nüfuzu və idarəetmə qabiliyyəti sayəsində ilk 10 ildə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq mümkün olub. Nəticədə həm dövlət uğurlu neft strategiyasını reallaşdırıb, həm də iqtisadi inkişafının əsasını yaradıb. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mili maraqlarına söykənən, beynəlxalq aləmdə sözünü deyə bilən dövlətə çevrilib. Bu gün Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarla əməkdaşlıq edərək qlobal siyasətdə çəkisi və rolunu artırır. Azərbaycanın maddi v insan resursları, bu sahədə yürütdüyü siyasət mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hazırda Azərbaycanın 4,6 milyard ton təsdiqlənən,  10 milyard ton ehtimal olunan enerji ehtiyatları var”.

 “Xəzər regionunun geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan asılıdır”

Ə. Həsənov bildirib ki, Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir: “Azərbaycanın geostrateji xarakteristikasının əsas göstəricilərindən biri onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit ictimai-siyasi, mili-etnik və dini vəziyyətin hökm sürməsidir və bu dövlətin bu sahələr üzərində nəzarət imkanları ilə bağlıdır. Ölkənin ümumi demoqrafik göstəriciləri müsbət istiqamətdə inkişaf edir, əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır. Artım balansı da getdikcə müsbətə doğur dəyişir. Respublika üzrə hər kvadrat kilometrə təxminən 96 sakin düşür. Tədqiqatçılar ictimai-siyasi, sosial və mənəvi resursların mili maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasətin və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər”.

Ə. Həsənov qeyd edib ki, qloballaşmanın vüsət aldığı yeni mühitdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur: “Azərbaycan  Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır. Hazırda Azərbaycan öz ictimai-siyasi, sosial-mənəvi vəziyyəti, yekdil mili, dini vətəndaş birliyi, cəmiyyətin vəziyyəti ilə Cənubi Qafqazın ən sabit və tolerant ölkəsi hesab olunur”.

 

“Bölgədə ən sabit cəmiyyət, mili, etnik və dini icmalar arasında sülh və tolerantlıq mühiti məhz Azərbaycanda hökm sürür”

Ə. Həsənov bildirib ki, tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini, mili maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən ziyalıların nümayiş etdirdiyi güclü mili iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü də aid edirlər: “Bu gün bölgədə ən sabit cəmiyyət, mili, etnik və dini icmalar arasında sülh və tolerantlıq mühiti məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir”.

Ə. Həsənov qeyd edib ki, dövlətlərin siyasi, iqtisadi fəaliyyətinin ölçü meyarı, göstəriciləri və uğuru həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən asılıdır: “Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onun regional mərkəz statusuna yüksəldir və beləliklə, geosiyasi dəyərini daha da artırıb. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və mərkəzi fiqurudur. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq və narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı mili və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı-multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul olunur”.