Ordu quruculuğu Azərbaycan Prezidentinin siyasətində prioritet istiqamətdir

44

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri bunu bir daha təsdiqləyir

Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” jurnalının 5-ci sayında “Prezidentin fəaliyyəti ictimai rəydə” sorğu sənədində ölkə başçısının  ordu quruculuğu və ordunun təkmilləşdirilməsi istiqamətində gördüyü işlər yüksək dəyərləndirilib.

Böyük Qayıdış Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, respondentlərin belə qənaəti heç də təsadüfi deyil: “Belə ki, Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin komanda məntəqələrinə sarsıdıcı zərbələr endirməklə onun çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini sıradan çıxarması, düşməni döyüş meydanında məğlubiyyətə uğratması, erməni barbarlarının ağ bayraq qaldırmaqdan başqa yolunun qalmaması, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması ölkə başçısımızın, Ali Baş Komandanımızın ordu quruculuğu və ordunun təkmilləşdirilməsi sahəsində zaman-zaman atdığı müdrik addımların, səbir, təmkin və dərin siyasi-diplomatik zəkası ilə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasətin məntiqi nəticəsi idi.

Bəli, həqiqətən də  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində ordu quruculuğu daim diqqət mərkəzində saxla­nılıb. Azərbaycan gənclərində Vətənə, orduya dərin sevgi hissi aşılanıb. Bu məqamda “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir” deyən Ali Baş Komandanımızın çıxışlarının birində söylədiyi bu sözlərini də xatırlatmaq istərdim: “Əlbəttə, biz güclü ordu qur­muşduq, təlimlər keçirirdik, mü­asir silahlar əldə etmişdik ki, bu, müharibədə bizə Qələbə qazan­mağa və əsgərlərimizin həyatını qorumağa kömək etdi. Bu silahlar olmasaydı, itkilərimizin sayı daha çox olardı. Ermənistan ordusu ilə müqayisədə bizim itkilərimiz 2.5-3 dəfə az olmuşdur…” Prezidentimizin sözlərinə istinad edəndə, daha doğrusu, ordu quruculuğunun təməlində düşünülmüş siyasət dayandığını düşünəndə bir daha belə qənaətə gəlmək olar ki, bütün bunlar bizim Qələbəmizi şərtləndirən əsas amillərdən olub. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticəri də bu deyilənlərə əsaslanır. Yeri gəlmişkən onu da qeyd edim ki, ulu öndər Heydər Əliyev də ordu quruculuğuna ciddi fikir verirdi. Ümummilli Liderimiz yaxşı bilirdi ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycana hər şeydən öncə güclü ordu lazımdır. Odur ki, Ümummilli Liderimiz də ordumuzun tez-tez genişmiqyaslı təlimlərdə iştirak etməsinə, əsgərlərin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi.”

Müsahibimizin fikrincə, sorğunun nəticələri bir daha göstərir ki, ölkə əhalisi ulu öndər Heydər Əliyevin ordu quruculuğunda qazandığı uğurları davam etdirən, Ali Baş Komandanın ordunun təkmilləşdirilməsi istiqamətində gördüyü işləri dərindən təhlil edir və lazımınca dəyərləndirir: “Şübhəsiz, bu da  30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edən və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandanımıza olan ümumxalq məhəbbətinin ən bariz göstəricisidir.”

Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Dövlətimiz bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Azərbaycan Ordusunun bu günlərdə keçirilən növbəti əməliyyat-taktiki təlimləri də bunu bir daha sübut edir. Digər tərəfdən, ölkələrlə ikitərəfli əməkdaşlıqlarını genişləndirir. Elə bir neçə gün öncə Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Çünki bizim ordumuz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an hazır və layiqli cavab verməyə qadir olmalıdır. Doğrudur, artıq Dağlıq Qarabağ problemi həll olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Lakin heç bir halda arxayınlaşmaq olmaz. Çünki düşmən həddindən artıq məkrlidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”