Oradan Mahmudlar, Vidadilər çıxmayacaq

646

Ötən saylarımızın birində Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevə bir şanlı məktub yazmışdım. Bilmirəm, o məktubum ona yetişdi, ya yox? Bunu araşdırmaq istəyirdim ki, birdən Məşqçilər Komitəsinin digər üzvü Ağasəlim Mircavadovun bir açıqlaması diqqətimi cəlb etdi və ona da isti-isti bir məktub yazmaq qərarına gəldim. (Bundan sonra mənim işim, deyəsən, yalnız məktub yazmaq olacaq).

Bəli, “Kəpəz”in Premyer Liqaya qayıdışına sevinən Ağsasəlim müəllim ərz edir ki, bəs, ay camaat, yaxın vaxtlarda Gəncədən yeni Mahmudlar, Vidadilər çıxacaqlar. Bilmirəm, bu nikbinlik sizdə nədən qaynaqlanır, ay Ağasəlim müəllim?

Bəli, bir zamanlar Gəncədən Mübariz Zeynalov, Ruslan Abdullayev, Sergey Kramarenko, Maşallah Əhmədov, Yunis Hüseynov, Vəli Qasımov kimi futbolçular çıxıb və onlar respublika, eləcə də beynəlxalq miqyasda öz sözlərini deyiblər. Amma indi bu mümkün deyil. Niyə? Axı indi Gəncə kimi bir şəhərin bir babat stadionu belə yoxdur. (Ölkəmizin ikinci böyük şəhərində bir stadionun olmamasına nə ad vermək olar?) Elə bu səbəbdən “Kəpəz”in ev oyunlarını Bakıda – “Dalğa Arena”da keçirmək niyyətində deyilmi? (Halbuki “Kəpəz” ev oyunlarını yaxın rayonların birində də keçirə bilər, lakin nədənsə bunu özünə sığışdıra bilmir). Odur ki, deyirəm. Yox, sözümü deməmişdən qabaq “Bəyin oğurlanması” filmindən bir epizodu yadınıza salmaq istəyirəm. Həmin epizodda kənd sakini qurama toy kadrlarını çəkən rejissora deyir ki, tutalım, siz bu toyu çəkdiniz, amma bu toy olmayacaq axı, bu kinoooo olacaq: “Bax əsl toyu çəksəniz, bu başqa məsələ. Əsl toy da ki daşa dirənib. Ya gərək gedək oturaq İsrafilin elçi daşının üstünə, çıxaq çənə-boğaza, ya da gərək bir kişi oğlu tapıla ki, götürüb o daşı vura İsrafilin başına”.

İndi onun sözü olmasın, ay Ağasəlim müəllim, bu, bölgələrdə futbolun inkişafı olmadı axı… Bütün komandaları Bakıya toplamaqda görəsən məqsəd nədir? Bəs gəncəli balaları kimə, nəyə baxıb öyrənəcəklər? Bu gedişləmi biz bölgələrdə futbolu inkişaf etdiririk? Amma hər dəfə danışanda deyirik ki, bölgələrdə futbolu inkişaf etdirmədən Azərbaycan futbolunun gələcəyindən danışmağa dəyməz. Budurmu bölgələrdə futbolun inkişafı? Axı bu inkişafın daşa dirəndiyini hər kəs yaxşı bilir. Amma di gəl o daşı götürüb…

Bəli, bu gün bölgələrimizdə idmanın bir sıra növlərində inkişaf nəzərə çarpır. Bunu danmaq insafsızlıq olar. Ancaq idmanın şahı sayılan futbolda, təəssüf ki, bölgələrimiz çox geri qalır. Odur ki, deyirəm, bu gedişlə, vallah-billah, Gəncədən Mahmudlar, Vidadilər çıxmayacaq… (Bu yerdə Aqil Abbasın bir məşhur kəlamını da xatırlamaq lap yerinə düşər: “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”).

Ağasəlim müəllim, belə cəsarətimə görə, daha doğrusu, sözünüzün qarşısına söz çıxardığım üçün sizdən dönə-dönə üzr istəyirəm. Neyləyim, vallah, özümü saxlaya bilmədim. Eh, futbolla bağlı o qədər deməli sözüm var ki… Mən yalnız onlardan birini dilimə gətirdim. Bu da təbii ki, hər şeydən əvvəl, sizə olan hörmətimdən irəli gəlir. Əgər buna görə məni dilə-dişə salsanız, məndən inciməyin, onda futbol tifaqınızı, sözün həqiqi mənasında, topa tutacağam. Xahiş edirəm, bu ifadəmi sadəcə, açacağam sandığı, tökəcəyəm pambığı kimi qəbul etməyəsiniz…

Ağasəlim müəllim, yəqin, bu məktubumu oxuyandan sonra “Bəyin oğurlanması” filmindəki rejissorun həmin kənd sakininə dediyi:” A kişi, sənin işin-gücün yoxdur, iş başına qəhətdir? Get öz işinlə məşğul ol də”, – sözlərini mənə ünvanlayacaqsınız. İnandırım sizi, bundan əsla incimərəm də… Çünki həmin kişidən fərqli olaraq, belə məsələlərlə məşğul olmaq mənim işimdir.

Qvami Məhəbbətoğlu