Optimist və ya pessimist olmağın gələcək həyatımıza nə kimi təsirləri ola bilər?

1197

Həyatda hər hansı bir sahədə uğur qazanmaq istəyiriksə, birinci növbədə özümüzə inanmalıyıq. İnsan hər şeyin yaxşı olacağını düşündüyü zaman, bir sözlə, bardağın dolu tərəfindən baxdığı zaman həyat ona asan gələr.

Çoxlarının fikrincə, həmişə optimist olmaq asan deyil. Optimist nəinki sabahın daha yaxşı olduğunu düşünür, həmçinin vəziyyətə uyğun olaraq hərəkət etməyi bacarır, gələcəyinin daha yaxşı olması üçün hərəkət edir. Nəticədə isə optimistlərin gələcəyi həqiqətən də uğurlu olur. Pessimistlərdə isə vəziyyət həmişə ürəkaçan olmur. Optimist insanlar baş verən hadisələrə sadə yanaşırlar, hər şeyin düzələcəyinə, yaxşı olacağına inanırlar.

“İnsanın psixologiyası əsasən

ailə içərisində formalaşır”

ABŞ-ın “Duke University Fuqua School of Business” biznes-məktəbinin araşdırmasına əsasən, optimistlər biznesdə də uğur qazanırlar. Statistik hesablamalar göstərir ki, optimist insanlar pessimist insanlarla müqayisədə orta hesabla daha çox yaşayır, ağır xəstəliklərdən daha tez sağalırlar. Çünki onlar özlərinə əmindirlər. Pessimist olmaq isə çox sadədir. Öz üzərində işləməli olmursan. Həyatını daha yaxşı etmək planları qurmursan. “Məni heç kim başa düşmür və hər şey mənə qarşıdır” sözləri ilə yaşamağa davam edirsən. Bütün bu düşüncələr də insanı dəlalətə düçar edir. Bəs görəsən, belə düşüncə tərzi nədən qaynaqlanır? Optimist və ya pessimist olmağın gələcək həyatımıza nə kimi təsirləri ola bilər? Mövzuya aydınlıq gətirən psixoloq Məleykə İsmayılova bildirdi ki, optimist və ya pessimist olmaq insanın temperamenti ilə bağlıdır: “Melanxolik temperamentli insanlar daha çox pessimizmə qapılırlar. Bu tip insanlar utancaq olur, hər şeyə tez alışa bilmir, sıxılır və ən əsası da, özlərinə inamları olmur. Pessimist və ya optimist olmaqda insanın fərdi psixologiyası əsas rol oynayır. İnsanın psixologiyası əsasən ailə içərisində formalaşır. Əgər ailə içində insana dəstək yoxdursa, ona stimul verə biləcək biri yoxdursa, insan tez-tez pessimist fikirlərə qapıla bilər. Stresə meyilli, uğursuzluğa düçar olmuş insanlar çox vaxt pessimist düşünürlər”.

“Pessimist və ya optimist olmaq insanın gələcək həyatına da dərindən təsir edə bilir”

“Optimist insan olmaq düzünü desəm, hazırkı dövrdə çox çətindir”,-deyərək sözlərinə davam edən psixoloq əlavə etdi ki, bunun üçün insan daima öz üzərində işləməli, özünü fərdi inkişaf etdirməlidir. Fərdi inkişafla məşğul olan insanlar düşdükləri hər vəziyyətdən özlərini çıxara bilirlər. Artıq onlara ikinci insan lazım deyil. Əslində 21-ci əsrin insanı belə də olmalıdır. Çünki keçmiş dövrlərə baxanda zəmanəmizin insanları daha çox bilgilidir, məlumatlıdır. İnsan öz-özünə kömək etməyi bacarmalıdır. Ağıllı insan başqalarından çox, öz gücünə inanmalıdır, etibar etməlidir. Pessimist və ya optimist olmaq insanın gələcək həyatına da dərindən təsir edə bilir. Bu iş həyatı da ola bilər, ailə həyatı da. Yaxşı düşünmək lazımdır ki, hər şey yaxşı olsun. Daim pis düşünən insanın həyatındakı hər şey əlbəttə ki, pis olacaq. İnsanın özünə inamı olmalıdır ki, ətrafındakı insanlar da ona inansın, güvənsin. Hamımız insanıq, hər gün həyatda bir çox problemlərlə üzləşirik, stress alırıq. Amma belə şeylərə qapılıb qalmaq olmaz. Həyat davam edir. Mən insanları karandaşa bənzədirəm. Çünki karandaşın ucu sındıqda onu yonub yenidən işlətmək olur. Atmağa ehtiyac yoxdur. İnsanlar da belədir. İnsan var ki, yıxılır, ancaq yenidən durub yoluna davam edir. Ancaq elə insanlar da var ki, elə yıxıldıqları yerdəcə qalırlar. Belə insanların psixoloji dəstəyə ehtiyacları var. Bu haqda Con Henrinin bir sözü var: “Hər bir insan tədqiqatçı olmalıdır. Özünün fizioloji və psixoloji qüsurlarını bilməli və vaxtında onları aradan qaldırmalıdır. Ancaq bunları hər kəs təkbaşına edə bilmir”.

Nərmin Haqverdiyeva