Onun xoş sədası ürəkləri oxşayır

666

Sevilən klarnet ifaçısı

Doğma yurdumuz Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Dünyanın eləcə də, Azərbaycanın yüzilliklərdən bəri neçə-neçə alimləri tarix, etnoqrafiya, arxeologiya, təsviri incəsənət və musiqi sahəsindəki tədqiqatları nəticəsində sübut etmişlər ki, Azərbaycanın tarixinin maddi-mənəvi dəyərlərinin kökü Şumerdən də qat-qat əvvəlki dövrlərə təsadüf edir. Bu da əcdadlarımızın tarixinin mədəni səviyyəsinin başqa xalqlardan daha qədim olmasını göstərir. Xalqımızın mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri də musiqi mədəniyyətimizdir.

klAzərbaycanın xalq musiqisi çox janrlı və rəngarəng olduğu kimi onu səsləndirən musiqi alətləri də öz quruluşuna və səslənməsinə görə müxtəlifdir. Milli musiqi alətlərimiz olan–sazın, qarmonun? Tarın, kamançanın, qara zurnanın, klarnetin, nağara və qoşa nağaranın, qaboyun, pianinonun …. Azərbaycanın musiqi mədəniyyətinin inkişafında müstəsna rolu vardır.

Bu yazıda həmin alətlərdən birinin gözəl ifaçısı kimi tanınmış – klarnetçalan Akif Mirzəyev haqqında söz açacağıq.

Akif 1951-ci ildə Bakıda doğulub. Onların ailəsi Xaçmazda musiqiçilər ailəsi kimi tanınırdı. “Baba gördüyünü çağırar” – deyiblər. Akif də bu sənətə genindən gələn istedad sayəsində gəldi. Hələ kiçik yaşlarından atası Qulamhüseyn kişinin, qardaşı – Azərbaycanın əməkdar artisti, qarmon ustası Zakir Mirzəyevin balabanla klarnetin dəyişməsinin şahidi olduğundan bu sənət güclü bir qüvvə ilə onu özünə çəkirdi. Qardaşı Zakir onun nağaraya olan marağını duyub, onunla tez-tez məşq edirdi. Yaşının azlığına baxmayaraq Akifi özü ilə toylara aparırdı. Balaca Akif bərkə-boşa düşsə də, canındakı həvəs, qolundakı təpər onu yorulmağa qoymurdu. Yaş üstünə yaş gəldikcə Akif əsl nağaraçalan oldu.

1971-73-cü illərdə hərbi xidmətini başa vuran Akif Mirzəyev klarnet çalmağa başladı. Böyük sənətkarlar – Bəhruz Zeynalov, Ələkbər Əsgərov, Vəli Qədimovun qramafon vallarını, radio lentlərini həssaslıqla dinlədi. Və get-gedə klarneti yaxşı ifa etməyə başladı. Sərbəst klarnetçalan kimi toylara çağırılan bu gənc oğlan sənətdə bişdi, bərkidi, tanındı və şöhrətləndi.

1977-ci ildə Zakir Mirzəyev ümumxalq radiosuna dəvət olunanda Akif də onunla birlikdə idi. Üç rəqs melodiyasını klarnetlə qarmonda Zakirlə Akif birgə ifa etdilər. Iki oyun havasını isə Akif tək çaldı. Ümumxalq radisosunun fonduna qəbul edilən bu rəqs havaları keçmiş – SSRİ respublikalarına yayılmışdı. Bu Akifin ən böyük uğuru idi.

Akif Mirzəyev 2002-ci ildə Avropa ölkələrinin nəfəs alətləri ifaçılarının festivalında iştirak etdi və diploma layiq görüldü. 2003-cü ildə isə Fransada keçirilən festivalda yüksək peşəkarlıqla çıxış edərək diplom aldı və lauerat adını qazandı.

Qubada yaşayan Akif Mirzəyev təkcə bu rayonun deyil, bütün şimal bölgəsinin ən papulyar və çox sevilən klarnet ifaçısıdır. Hətta Dərbənd və Mahaçqalanın toy şənliklərində də Akifin klarnetinin xoş sədası ürəkləri oxşayır. Akifin ifasına zəngin çalarlarla, şirin xallarla səslənən “Gəlin atlandı” (“Vağzalı”) havası dillərdə dastandır.

26 ildir ki, A.Mirzəyev Quba İncəsənət məktəbində klarnet ixtisası üzrə dərs deyir. Neçə-neçə yetirmələri var. Akifin qardaşı, klarnet ustası Qulam – Mirzə ilə birlikdə ifa etdikləri melodiya Az TV-yə təqdim olunub. Bu melodiyaya klip də çəkilərək dəfələrlə televiziyada nümayiş etdirilib.

Atası Qulamhüseyn kişinin Özbəkistanda çoxlu dost-tanışı olduğundan atasının tövsiyəsi və xeyir-duası ilə Akif 1985-89-cu illərdə tez-tez Özbəkistana gedir, orada özbəklərin, Azəri və Axsxa türklərinin toylarını çalırdı. Səmərqənddə gözdən əlil olan qarmon ustası Yaşarla dostluq edir, toylara gedirdi. Əvvəllər yoldaşlarından əliəyrilik görən Yaşar Akiflə yoldaşlıq edəndən sonra deyirdi:

Allah köməyin olsun, Akif. Sən gələndən sonra əlim yaxşı pul görür. Sən çox halal ocağın oğlusan. Bundan sonra Mirzəyevlər ailəsi ilə bərk dost olan Yaşar hətta Bakıya gələrək burada özünə ev alır.

Akif Mirzəyevin yeganə övladı olan İlkinin çox gözəl, məlahətli səsi var. Şagird olandan bəri müxtəlif baxış müsabiqələrində yaxşı nəticələr əldə edib. İnanırıq ki, o da gələcəkdə sənət aləmində öz sözünü deyəcəkdir.

Nəcib insan, vəfalı dost, gözəl ifaçı, xeyir işlərin carçısı olan, Qubada yurd-yuva quran Akif Mirzəyev hamımızın sevimlisidir.

Sərvər Məmmədov