Onun ürəyi nizamsız vururmuş

0
406

İnandırım sizi, ötən ilin oktyabr ayında Berti Foqts bizim millini tərk edəndən elə hey fikirləşirdim: əcəba, birdən-birə nə baş verdi ki, bu kişi gedər oldu? Axı o, bizim milliyə elə pərçim olunmuşdu ki, heç minlərlə azarkeş “istefa” deyib qışqıranda tükü belə tərpənmirdi. Mənə belə gəlir ki, o, belə məqamlarda ürəyində deyirdi: “Heç atılıb-düşməyin, bu yağlı tikədən ayrılıb gedən deyiləm. Unutmayın ki, belə ahıl yaşda burada qazandığım pulu heç bir ölkə, heç bir klub mənə verməz”. Odur ki, “istefa” sözlərini, necə deyərlər, bu qulağından alıb o biri qulağından buraxırdı. Üstəlik, bu kimi çağırışlara bir alman təbəssümü ilə cavab verməklə azarkeşlərə acıq verirdi. Lakin o, günlərin bir günü, daha doğrusu, “Avro-2016″nın seçmə mərhələsindəki Xorvatiya biabırçılığından sonra iki ayağını bir başmağa dirədi ki, bəs gəlin halallaşaq, mən gedirəm.

Sözün düzü, əvvəlcə, bir kimsə onun bu sözlərinə inanmadı. Hətta bunu Berti Foqts zarafatı kimi qələmə verənlər də oldu. Görəndə ki, bu, kişinin ciddi sözüdür, onda bizim futbolumuzun başbilənləri “nə olar, getmə” deyərək (Özü də nə qədər qəribə olsa da o, halallıq üçün o, əgər belə demək mümkünsə, “neytal polya” seçdi) çox yalvarıb-yaxardılar, amma Foqts müəllimi fikrindən daşındıra bilmədilər ki, bilmədilər. Foqts müəllim dedi ki, ay Rövnəq müəllim, sən canın, burax gedim. Dedilər, bəlkə, səhhətində-filanda bir problem var, de, yoluna qoyaq. Dedi, yox, bəs buz baltası kimiyəm, mənim dərdim başqadır. Və başladı dərdini izhar etməyə: “Ay kişilər, mən min ölçüb yüz biçəndən sonra bu qərara gəlmişəm ki, artıq nə altı il çalışdığım Azərbaycan millisinin, nə də bu millidə öz gələcəyimi görmürəm. Bunu dərk edə-edə millidə çalışmaq isə özünəxəyanətdən başqa bir şey deyil. Rəhbərliyim altında milli komandanın seçmə mərhələlərdə bir zaman topladığım ən yüksək göstəricim də (çox böyük nailiyyət olmasa da) “Xoş halalınız olsun!” Beləcə, dedi və çıxıb getdi. Biz də bunu Foqtsun istefa mədəniyyəti kimi qələmə verdik.

Amma bu günlərdə məlum olub ki, sən demə, Berti Foqtsun millimizdən uzaqlaşması heç də onun gətirdiyi arqumentlərdən irəli gəlməyib. Belə ki, Almaniyanın Tübingen Universitetinin klinikasında millimizin sabiq baş məşqçisi 69 yaşlı Berti Foqts ürəyindən əməliyyat olunub. Əməliyyat nəticəsində onun ürəyinə süni klapan qoyulub. Bir neçə gün sonra evinə buraxılacaq Foqts nə desə yaxşdır: “İndi ürəyim çox gözəl çalışır. Əməliyyata hazır idim”. Belə çıxır ki, bu müddətdə Berti Foqts bizim millimizdə nizamsız, başqa sözlə desək, hətərən-pətərən vuran ürəyi ilə çalışıb. Foqtsun müxtəlif eksperimentlər həyata keçirərək oyunçuları öz mövqelərində oynatmamasının, həmçinin “oturaq futbol taktikasını” (bu mənə məxsus ifadədir) seçməklə müəyyən qüsurlara yol verməsinin səbəbini də elə bunda axtarmaq lazımdır. Bir sözlə, sən demə, o neçə ildir ki, heç ürəklə deyib gülmürmüş, işə ürəklə yanaşmırmış. Yəni bizim futbolumuz üçün ürəyi getmirmiş.

Belə nasaz ürəklə çalışmaq, özü də futbolda heç də asan deyil. Zənnimizcə, o, elə bu səbəbdən uğurlar əldə edə bilməyib. Biz isə bütün uğursuzluqlarda öz oyunçularımızı Berti ilə birgə o ki var danlamışıq, onları quru yuyub yaş sərmişik. Bu yerdə ağlıma bir fikir gəldi. Görəsən, Berti ölkəmizdə çalışanda o, müayinələrdən keçmirdi? Görünür, keçmirdi, keçsəydi, onun bu nasazlığı üzə çıxardı. Yaxud da görünür onu yoxlayan həkimlərimiz bilərəkdən buna göz yumublar. Qorxuram ki, bu yerdə kimlərsə məni özümü klassik azərbaycanlı suallarına tutmaqda günahlandıra. Odur ki, bu şübhələri davam etdirmirəm. Uzun sözün qısası, həzarat, bu Berti Foqts bizi yaman aldadıb. Özündən qaynaqlanan problemləri millimizin, onun baş bilənlərinin günahlarını yumaqla yola verib. Bu yerdə “Şərikli çörək” filmindəki: “Uşaqda fərasətə bax… hamını aldadıb” sözləri yadıma düşdü. Bu yazını oxuyanda sizin yadınıza nələr düşəcəyini isə deyə bilmərəm.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here