“Onun “qayıdış”ında daha önəmli məqamlar hifz olunur”

459

Aprelin 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Cəlal Ağayevin “İslam Həmrəyliyi ili”nə həsr olunmuş “Yeddi gözəl” adlı sərgisi açılacaq.

İndiyədək əsərlərim Türkiyədə, Rusiyada, Koreyada, Ukraynada digər rəssamlarımızın əsərləri ilə birgə nümayiş olunub. Bu isə mənimi ilk fərdi sərgimdir”. Bu sözləri sərgi ilə bağlı suallarımızı cavablandıran Cəlal Ağayev deyib. O bu sərgisində 50-dən çox işini sənətsevərlərə təqdim edəcəyini vurğulayıb: “Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan dördüncü poeması – “Yeddi gözəl” əsasında ərsəyə gətirdiyim 7 gözəl (Hindistan, Çin, Xarəzm, Slavyan, Məğrib, Rum, İran) sərginin əsas personajları olacaq. Onu da deyim ki, mən öz işlərim barədə fikir söyləmək istəməzdim. Məncə, əsas sözü sərgiyə gələnlər, bu əsərlər baxanlar deyəcəklər”. Rəssam həmçinin vurğulayıb ki, o, ümumiyyətlə, yaradıcılığında dünənlə bu gün arasında bir əlaqə yaratmağı sevir. Elə bu sərgidəki əsərlər də bunun bir daha əyani sübutu olacaq.

“Cəlal Ağayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1998-2002), sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika sənəti (2006-2010) üzrə ixtisas təhsili alıb. 2010-cu ildən isə müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır…

Onun yaradıcılığı üçün janr və mövzu məhdudiyyəti yoxdur. Düşüncələrini yağlı boya ilə yanaşı, həm də akvarel texnikasında asanlıqla ifadə etməsinin qarşılığında demək olar ki, o, istedadlı rəngkar olmaqla bərabər eyni zamanda gözəl qrafikdir. C. Ağayevi başqalarından fərqləndirən başlıca cəhət isə onun sənətdə mövcud olan bütün qiymətli bədii məziyyətlərdən istifadə etməyə çalışmasıdır”. Bu sözləri isə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Cəlal Əliyevlə bağlı fikirlərini saytımıza bölüşərkən deyib

O daha sonra qeyd edib ki, rəssamın yağlı boya ilə çəkilmiş “İçərişəhər”, “Mis qablar və xurcun”, “Başmaqlar”, “Nuhun gəmisi”, “Samovar”, “Kəndin şəcərə ağacı”,”Gözləmə”, Aşıq”, “Çarıqlar”, “Rəhil”, “Nərdivanlar”, “Mənim xəyali şəhərim”, “Zamanın ipi”, “Qara çıraqlar” və s. tablolar bədii-estetik məziyyətləri özündə yaşadan sənət nümunələridir: “Onlarda mövzunun obrazlı-bədii həlli bir qayda olaraq gözlənilməz, şaşırdıcı bir tutumdadır. Yəqin ki, elə bu səbəbdən Cəlal Ağayevin əsərləri janrından asılı olmayaraq cəlbedici və təsirli, eləcə də düşündürücüdür. Yeri gəlmişkən onu da deyim ki, Cəlal Ağayevin bir şox kompozisiylarının detal və atributları arasında artıq dəbdən düşmüş kimi qəbul olunan maddi-mədəniyyət nümunələri çoxluq təşkil edir. Onun bu müraciəti əslində heç də bizlərə nə vaxtsa nələrə malik olduqlarımızı xatırlatmaq fikrindən daha ciddi tutumludur. Qənaətimizcə, bu “qayıdış”da daha önəmli məqamlar hifz olunur. Rəssam keçmişimizi artıq toza basdırğımızın fərqində olmayanlara “dərd”i yaxın buraxmayan mis qablarda, ziya qaynağına dayaq duran rəhildə, əzəmətli samovarda, qaytanı qırılmış çarıqlarda, ilmələrin sehrindən boylanan xalça saplarında, daş binaların “əsir”liyində, gil küpələrin dad qoruyuculuğunda bizim çağdaş firavanlığımıza təkan və qüvvət verən mənəvi və maddi gücün olduğunu xatırladır. Sanki müəllif “Keçmişə daş atanları gələcək topa tutar” deyimini xatırlatmaqla, bizi başqalarından fərqləndirən milli ənənələrimizi qorumağa çağırır…” O həmçinin bu fərdi sərgisinin də Cəlal Ağayevə uğur gətirəcəyin əminliklə vurğulayıb.

Qvami