Onun heykəlini mərmərdən deyil…

1275

Müəllimlik şərəfli peşədir, çünki o öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki o ən qiymətli kapital olan insanla işləyir. Müəllimlik çətin və mürəkkəb işdir, çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkəndir. Gəncliyi də vətənpərvər yetişdirən müəllimdir. Müəllim haqqında nə qədər yazsaq da, desək də, yenə də azdır. Çünki uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən də dəyərli müəllimlərimizdir. Ulu öndər hələ sağlığında müəllim əməyini yüksək qiymətləndirərək “mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demişdi. Bəs gəlin görək, bu dəyər sahiblərinə bizlər yetərincə qiymət verə bilirikmi? Hər bizimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Düzdür, hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Amma yenə də bunlar azdır. Bu gün cəmiyyətimizdə elə valideynlər də var ki, onlar bizə sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı öyrədən müəllimə abidə ucaldılmasını istəyirlər. Belə valideynlərdən biri Mingəçevir sakini Vəli Hüseynovdur. Vəli müəllim bir təşəbbüs irəli sürüb. Müəllimə abidə qoyulmasını istəyən müsahibimiz bizimlə söhbətində bildirdi ki, əgər “Ana dili”mizə abidə ucaltmışıqsa, bu dili bizə öyrədən müəllimə niyə abidə ucaltmayaq?” Qoy bu təşəbbüs biz azərbaycanlılardan olsun: “Hər bir sahəyə aid abidələrimiz var. Amma adını şərəflə andığımız müəllimlərimizin abidəsinin olmaması bir vətəndaş kimi məni çox sarsıdır. Ölkəmizdə müəllimlərin günü qeyd olunur. Amma elə müəllimlərimiz var ki, onlar dünyalarını dəyişiblər. Biz onları ziyarət etmək üçün qəbirləri üstünə gedib ziyarət edirik. Bizim bacarıqlı heykəltəraşlarımız var. Onlar bunu yaxşı bacararlar. Əgər bu abidə xalq tərəfindən hazırlanarsa, daha məqsədəuyğun olar. Xalq öz öyrədəninə belə qiymət verir və onu həmişə yaşadır”.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşə olduğundan insanlar həmişə müəllimə hörmətlə yanaşıblar. Müsahibimiz hələ şagird olarkən sinif müəllimi Almaz müəllimənin evində bir gün qonaq olduğu  anları hələ də unutmadığını deyir: “Yaxşı yadımdadır, əlim yaralanmışdı, valideynlərim evdə olmadığına görə müəllimə məni evlərinə apardı. Həmin gün müəllimimin çörək yeməyini, su içməyini öz gözlərimlə gördüm. Məndə qəribə bir hiss yaranmışdı ki, yəni bunlar, doğrudan da, mənim gözlərim önündə baş verir? Gördüklərimi səhəri gün uşaqlara elə maraqla anladırdım ki… Yəni biz müəllimi müqəddəs sayırdıq. Aldığımız o təlim-tərbiyə bu gün imkan verir ki, müəllimə olan hörmətimiz bu gün də davam edir. Müəllim valideynlə bərabər, uşağın hər cür şıltaqlığına dözür, kədəri ilə kədərlənib, sevinci ilə sevinir. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Gəlin hamılıqla bu təşəbbüsə qoşulaq, ölkəmizin hər bir bölgəsində müəllim abidəsini ucaldaq”. Xalq şairi Bəxtiyar Vahabzadə bu yerdə yaxşı deyib:

Gəl ey heykəltəraş, bu mərmər, bu gil,

Düşün müəllimi, sonra alış yan.

Onun heykəlini mərmərdən deyil,

Yarat özü kimi nurdan işıqdan…

Sonda onu da qeyd edək ki, görkəmli dövlət xadimi Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyələrindən birində yazırdı: “Vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır. Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl, pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir.

Esmira Hidayətova, Mingəçevir