“Onlayn media da mediadır”

464

“Təşviqat prosesinin onlayn mediada aparılması hələ Azərbaycan qanunvericiliyində tənzimlənməyib”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, sosial şəbəkədə fəal olan Azərbaycan vətəndaşları da bu məsələlərdə vətəndaş mövqeyindən çıxış etməlidirlər.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir: “Əgər onlar seçki prosesində jurnalist kimi çıxış edir, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olurlarsa, jurnalist məsuliyyəti də daşıyırlar. Bloqger öz səhifəsində nəsə yazırsa, bu, başqa məsəllə. Lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu, artıq mediadır. Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır”.