Onlayn dərslərin müsbət və mənfi cəhətləri

0
737

  Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmamışdır. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir. Müsahibimiz Ağdam rayon 62 saylı köçkün tam orta məktəbin müəllimi Mehparə Rəqhimqızı  onlayn dərs zamanı üzləşdikləri problemlərə və digər suallarımza aydınlıq gətirib.

Mehparə müəllimə hesab edir ki, onlayn dərslərdə keyfiyyəti təmin etmək tək müəllimin üzərinə düşə bilməz:

– Valideynlər üçün də tələblər olmalıdır. Onlayn dərslərdə uşağa nəzarət və dəstək məsələsində valideynin üzərinə böyük məsuliyyət düşür. Onlayn dərslərin müsbət cəhəti odur ki, valideynin müəllimin canlı dərsini izləmək imkanı olur. Valideynlər həmişə can atırdılar ki, dərslərdə iştirak etsinlər. Pandemiya dövründə valideynlərin çoxu evdə olduğundan, onlar üçün bu imkan yarandı. Onlayn təhsil şagirdlərdə müstəqil İKT bacarıqlarının formalaşmasına kömək edir. Şagirdlərin çoxu bu dövrdə valideyn köməyi olmadan kompyuterini açıb proqram yükləyərək onlayn dərslərə qoşulmaq bacarığına yiyələndilər”.

 – Mart ayında dərslər bağlandı, bəs sonra?

-Martın 2-si dərslərə ara verəndə cəmisi bir həftəlik vaxt vermişdilər, amma beş aydan çox keçib, hələ də vəziyyətin düzəlməyinə ümidimiz yoxdur.

 Martdan bir həftə keçəndən sonra şagirdlərimlə əlaqə saxlamağa başladım. Əslində, dərs dediyim uşaqların hamısının telefon nömrəsi məndə var idi, onlar dərsə gəlməyəndə maraqlanıb soruşardım, dərslərindən geri qalmasınlar deyə mövzuların adını yazıb, bir balaca da izah verərdim. Lakin vəziyyət daha ciddi olmağa doğru gedirdi, odur ki, votsap nömrəsi olanlara ardıcıl olaraq, gün ərzində mövzuları və izahlarını yazıb göndərirdim, uşaqlar isə başa düşmədiklərini yazıb soruşardılar. Sonra hər bir sinfin qrupunu yaratdım və valideynlərə müraciət etdim ki, uşaqlara telefondan müntəzəm istifadəyə icazə versinlər. Sağ olsunlar, valideynlər də uşaqlara bu imkanları yaradırdılar. Lakin getdikcə başqa çətinliklərin olduğu üzə çıxırdı.

-Çətinliklər nə idi?

-5,7 və 8-ci sinif şagirdlərimdən, sadəcə, hər sinifdən bir şagirdimin daimi interneti  vardı. Bu isə onların dərslə müntəzəm məşğul olmaqlarına çətinlik yaradırdı. Riyaziyyat fənni həftənin beş günü olduğundan onlarla hər gün canlı olaraq birbaşa məşğul olmağa çalışırdım, lakin bu heç də hamısı ilə mümkün olmurdu. Odur ki, həftənin beş günü daimi interneti olan uşaqlarla məşğul olurdum, şənbə və bazar günləri isə internet paketi ilə qoşulan uşaqlarla. Hər dərsin vaxtı isə ən azı bir saat çəkirdi. Dərslərin bir neçəsini videoya çəkib qruplara yerləşdirmişdim ki, daimi interneti olmayan uşaqlar imkan tapanda dərslərə baxa bilsinlər. Online dərslərin keyfiyyətinə gəlincə, təbii ki, sinifdə keçilən dərsin yerini heç bir halda verə bilmirdi. Çünki riyaziyyat dərslikləri yetərincə mürəkkəbdir, informasiya yüklüdür, mövzular çoxdur, uşaqlar bir mövzunu düz-əməlli mənimsəyib anlamamış, yeni bir mövzu başlayır. Bəzən bir tapşırığı bir neçə dəfə izah etməli olurdum. Bu isə uşaqları çox darıxdırır və dilxor edirdi, çünki aydınca görürdük ki, mövzuları keçib qurtara bilməyəcəyik. Elə də oldu, dərs ili qurtarsa da, mövzular yarımçıq qaldı. Online dərslərin daha bir çətinliyi isə internetin zəif olması, işıqlar sönərkən əlaqənin itməsi və internet kəsintiləri idi. Eyni zamanda, uşaqların əksəriyyəti valdeynin telefonundan istifadə edirdi və telefona zəng gələrkən dərs yarımçıq qalırdı. Bu isə uşaqların dərsi yaxşı anlamasına, mənimsəməsinə, cavab verməsinə mane olurdu. Bütün bunlar isə məktəblərin açılmasını zəruri edən səbəblərdir.  Elə şagirdimiz var ki, başqa məktəbli bacı-qardaşları da vardır. Bu isə vəziyyəti daha da ağırlaşdıran hallardır, çünki biri ilə məşğul oluram, növbəti saatda da başqa müəllimlərimiz məşğul olurdu və elə olurdu ki, digər bacı-qardaşlara vaxt qalmırdı. Çünki evdə  bir sensorlu telefon varsa, onu da yalnız bir uşaq istifadə edə bilirdi. Çox vaxt, həftənin yeddi günü və gün ərzində 4-5 saat uşaqlarla məşğul olurdum, bəzən bu da yetərli olmurdu, həm uşaqlar yorulurdu, həm də mən. Elektron cihazların mənfi təsiri də bir yandan. Uşaqlara həmişə tapşırırdım ki, telefonu mümkün qədər özlərindən aralı qoysunlar.

– Deməli, məktəb şagirdlərinin hamısı online dərslərə qoşula bilmədi?

-Təbii ki, xeyr, çünki sensorlu telefonu olmayanlar da çoxdur və belə telefon almağa imkanı olmayanlar da. Bizim məşğul olduğumuz şagirdlər isə məktəbin bütün şagirdlərinin 20-25 faizini təşkil edir.

 -Teledərslər necə, uşaqlara kömək etdimi?

-Bu layihə də çox maraqla qarşılandı və şagirdlərə də köməyi olurdu, təbii ki, televizoru Azərbaycan televiziya kanallarını göstərən evlərdə, çünki bildiyim qədəri ilə, bir çox ərazilərdə bəzən Azərbaycan kanalları göstərmir. Mən həmin dərslərin videolarını da siniflərimin votsap qrupunda paylaşırdım ki, imkanı olanlar vaxtını bilsin və baxsın. Əsasən, yuxarı sinif şagirdləri üçün sərfəli idi, aşağı sinif şagirdləri başa düşmədiklərini soruşa bilmirdilər.

 -Belə görünür ki, bu vəziyyətdə yeni dərs ilində dərslərə davam etmək çətin olacaq, həm də məktəblərin əksəriyyətində vəziyyət bundan yaxşı olsa da, çoxunda  isə bundan da pisdir, hələ ucqar rayonları və kəndləri düşünsək daha betər vəziyyətlə qarşılaşa bilərik. Sizcə nə etmək lazımdır?

-Məncə bu haqda hamı düşünməlidir və yekun qərar verilməlidir. Fikrimcə, ilk olaraq məktəblərin daimi su ilə təmin olunması vacibdir, çünki yoluxmanın qarşısını almaq üçün müntəzəm olaraq əllər yuyulmaldır. Məktəblərə yuyucu vasitələr verilməlidir, ayaqyoluların təmizliyinə ciddi nəzarət olunmalıdır. Eləcə də, sinif otaqlarının və partaların təmizliyi də önəmlidir. Hər gün uşaqlara məktəbə girərkən maska verilməli və hər səhər uşaqlara necə davranacaqları barədə təlimatlar və tapşırıqlar verilməlidir. Bu tapşırıq və təlimatlar bütün sinif otaqlarında və dəhlizlərdə də yazılıb asılmalıdır. Hər səhər məktəbə girərkən əllər dezinfeksiyaedici maddələrlə yuyulmalı və hər bir uşağın, müəllimin, işçilərin istiliyi ölçülməlidir. Bütün bunlara riayət olunsa, məncə yeni dərs ilini məktəblərdə keçirə bilərik.

– Bəzi valideynlər fikirləşir ki, dərs açılmasa da olar, çünki uşaqlar onsuz da yuxarı siniflərdə repetitor yanına gedəcəklər?

  -Onlar çox yanlış düşünürlər. Doqquzuncu sinfə qədər uşaqların mütləq şəkildə məktəbə getməsi vacibdir, həm də məcburidir. Çünki heç bir bünövrəsi olmayan, yazıb-oxumağı düzgün bacarmayan, oxuduğunu anlamayan, dərslərin ilkin mərhələsindən xəbəri olmayan uşaqlar birdən-birə repetitor tərəfindən öyrədilə bilməz, valideynlərin bunu bilməsi lazımdır. Təsəvvür edin ki, vurma cədvəlini, faizi, Pifaqor teoremini, müxtəsər vurma düsturlarını, perimetri, sahəni, kəmiyyətləri və başqa vacib olanları bilməyən uşağa repetitor nə öyrədə bilər? Bu isə, təkcə riyaziyyatla bağlı olanlardır, digər fənnləri də yada salsaq mənzərə aydınlaşar. Bir də ki, ali məktəbə daxil olmaq naminə təkcə test əzbərləməklə iş bitmir, məktəb həm də şəxsiyyət, düşünən insan, vətəndaş yetişdirir, ona özünü , insanın malik olduğu duyğuları, hiss və həyəcanları anladır, dünyagörüş verir. Bütün bunlardan isə imtina etmək nə deməkdir, bunu da valideynlər yaxşı-yaxşı düşünsünlər.

Esmira Hidayətova, Mingəçevir