“Onlayn” alış-veriş bizə nələri qazandırır?

600
“Onlayn” qiymətlərin daha ucuz olduğu bildirilir. Bunun da səbəbləri çox bəsitdir. Belə ki, malını intenet vasitəsi ilə satan sahibkar bir çox şeyə qənaət etmiş olur. Birincisi dükan açmaq, burada satıcı işlətmək, dükanın kommunal xidmətlərindən və başqa saymadığımız onlarla əlavə ödənişdən azad olur. Bu zaman o, istər-istəməz satdığı malı ucuz qiymətə müştəriyə təklif edə bilir.
“Onlayn” alış-veriş ölkəmizdə yenicə inkişaf etməkdə olan bir sahədir. Artıq bir çoxları ehtiyaclarını məhz “onlayn” şəkildə qarşılayırlar. Yəni internetdən istifadə edərək lazım olan məhsulları alırlar. Çoxları bu sahəyə barmaqarası baxır, ciddi yanaşmır. Ancaq ölkəmizdə bu sahədən kifayət qədər gəlir əldə edənlərin sayı kifayət qədərdir. Bəs “onlayn” alış-verişin müsbət və mənfi cəhətləri nələrdir? “Onlayn” alış-veriş bizə nələri qazandırır?Əvvəlcə “onlayn” bazarlığın müsbət yönlərindən bəhs edək. Birincisi, evinizdən və ya iş yerinizdən ayrılmadan istədiyiniz məhsulu sifariş edə bilirsiniz. Bu zaman müştəri həm vaxt baxımından, həm də maddi baxımdan qazanmış olur. Sifariş edən zaman məhsulu araşdıra və şəkillərinə baxa bilərsiniz. Məsələn, siz internet vasitəsi ilə telefon sifariş verdiniz. Telefonun bütün parametirlərini müqaisə edə bilərsiniz. Bu zaman dükanda işləyən satıcı tərəfindən sizə əlavə “təzyiq” də olmayacaqdır. Məlumdur ki, telefon dükanına girdiyiniz zaman satıclar sizə hər hansı bir modeli bəyəndiməyə çalışacaqlar. Bu da təbii olaraq dükanda çalışan satıcının vəzifəsidir. Ancaq bu təzyiqdən xoşlanmayan kifayət qədər insan vardır. Məhz “onlayn” alış-veriş bu tip insanlar üçün bu şəraiti yaradır. Bundan başqa, “onlayn” qiymətlərin daha ucuz olduğu bildirilir. Bunun da səbəbləri çox bəsitdir. Belə ki, malını intenet vasitəsi ilə satan sahibkar bir çox şeyə qənaət etmiş olur. Birincisi dükan açmaq, burada satıcı işlətmək, dükanın kommunal xidmətlərindən və başqa saymadığımız onlarla əlavə ödənişdən azad olur. Bu zaman o, istər-istəməz satdığı malı ucuz qiymətə müştəriyə təklif edə bilir.

İnternet saytlarında qiymətlər daha ucuz olur?

İndiki dövrdə avtomobil almaq üçün belə maşın bazarına getməyə ehtiyac yoxdur. Məsələn, bunun üçün çoxumuzun tanıdığımız turbo.az, avtomobil.az saytlarına girmək kifayət edir. Bu zaman siz avtomobilin ilini, rəngini, mühərrikin gücünü və başqa xarakteristik göstəricilərini asanlıqla müəyyən edə bilərsiniz. Bu saytlar vasitəsi ilə hər gün onlarla maşın satılır. Avtomobil saytlarında satılan maşınların qiymətində də fərqlər müşahidə olunmaqdadır. İnternet saytlarında avtomobillərin satış qiyməti daha aşağı olur. Bunun da təbii səbəbləri vardır. Əvvəla onu deyək ki, bir avtomobil maşın bazarını çıxarılırsa və onun qiyməti aşağı olarsa, o zaman dəllallar tərəfindən, o dəqiqə satın alınır. Daha sonra baha qiymətə yenidən bazarda satışa çıxarılır. Bundan başqa, maşın bazarında avtomobilini satışa çıxaran şəxs əlavə xərclər də çəkir. Bazar isə yalnız şənbə və bazar günləri işləyir. Ancaq intenet saytında sizin avtomobiliniz həftənin 7 günü “vitrin”də olur. Hələ bir neçə il öncə avtomobil alarkən maşın bazarına getdim, burada seçim az idi. İnternet vasitə ilə bir neçə maşına baxdım. Daha sonra həmin maşınlaradan birini bəyəndik, saytda göstərilən nömrəyə zəng vurub görüşdük və maşına yerində baxıb aldıq.

Amerikadan kompyuter sifarişi verib, yerinə isə oyuncaq tank gəlib

Bəzi intenet saytları isə “onlayn” alış-verişi forum şəklində istifadəçilərinə təqdim edirlər. İnternet istifadəçiləri belə saytlara daxil olaraq heç bir ödəniş etmədən öz elanlarını yerləşdirirlər. Forumlarda satılan mallar daha çox işlənmiş, ikinci əl əşyalar olur. Bunun da öz xeyri vardır. Məsələn, siz yeni bir televizor almısınız və köhnəsini satmaq istəyirsiniz. Bu zaman daha geniş kütləyə xitab etmək üçün məhz bu forumlardan faydalana bilərsiniz. Bunun üçün siz sadəcə bu forumlarından birində qeydiyyatdan keçməli, daha sonra satdığınız məhsul haqqında qısa da olsa məlumat verməlisiniz. Məhsulun şəklini çəkib sayta yerləşdirməyiniz şərtdir. Ancaq təbii ki, forumlardan mal alarkən ehtiyyatlı olmaq lazımdır. Çünki forum xidməti göstərən sayt, burada satılan malların keyfiyyəti haqqında sizə heç bir zəmanət vermir. Belə olan hallarda malı satan adamla görüşməli və satılan əşyaya yerindəcə baxmalısınız. Bundan başqa, həmin şəxsdən, malın sertifikatının və ya zəmanətinin olub-olmadığını da soruşmaq lazımdır.

“Onlayn” alış-verişləri ölkəmizlə yanaşı, xaricdən edənlər də kifayət qədərdir. Məsələn, Amerikadan və ya Çindən telefon sifariş verənlər bu yolla malı daha ucuza aldıqlarını bildirirlər. Ancaq bu üsulla mal alanların aldıqları əşya uzun müddətə (təxminən bir aya) ölkəmizə gəlib çatır, həm də malın keyfiyyətinə heç kim zəmanət verə bilmir. Tanışım Asif Bəşirovun Amerikadan kompyuter sifarişi verdiyini, yerinə isə oyuncaq tank gəldiyini hələ də xatırlayıram. Qardaşı Amerikada yaşayan İlkin Əmirov isə karqo (yük daşıma) şirkətlərinə inanmadığını bildirdi: “Əgər bir əşya almaq istəsəm, Amerikadan hansısa bir tanışımın gəlməyini gözləyirəm. Yük daşıma şirkətlərinə etbar etmirəm. Tanışlarımı və dostlarımı yük daşıma şirkətlərinin  aldatdığının dəfələrlə şahidi olmuşam. Hətta bir dəfə mətbuatdan izlədim ki, biri “İphone” sifariş vermişdi, pulunu da ödəmişdi. Yerinə isə xiyar gəlmişdi. Həmin adam əsəbindən xiyarı dişləyib yeyirdi”.

Ehtiyyatlı davranmaqda yalnız fayda var

Mövzu ilə əlaqəli www.ebuy.az saytının sahbi Seymur Nuriyevlə əlaqə saxladıq. Seymur Nuriyev bizə saytlarının yeni olduğunu, cəmi 3 aydır ki, fəaliyyət göstədiklərini bildirdi: “Azərbaycanda “onlayn” market xidməti yenidir. Bizim camaat gözü ilə görmədiyi, əli ilə hiss etmədiyi bir şeyi almağa tərddüd edir. Bizim bu məsələdə Avropaya çatmağımıza 10, bəlkə də 20 il var”. Saytlarında elektronik əşyalardan tutmuş, parfumeriyaya qədər məhsul satışa çıxarıldığını bildirən Seymur müəllim dedi: “Biz satdığımız bütün mallara zəmanət veririk. Ümumiyyətlə, biz mallarımızı rəsmi distribütorlardan alırıq. Yəni dükanlarda satılan malların eynisi bizdə də olur. Sifariş verdiyiniz mal, iki saatdan sonra sizin ünvana gətirilir”.

Daha iki saytla əlaqə yaratmaq istəsəmdə, biri ümumiyyətlə çalışmadı. Hansı ki, vaxtilə bu saytdan alış-veriş etmişdim. Digər sayt isə çalışsa da, əlaqə nömrələrinə zəng çatmadı. Deməli, ehtiyyatlı davranmaqda yalnız fayda vardır…