Onların valideyn sevgisinə ehtiyacı var

0
277

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Mingəçevir şəhər təşkilatının üzvləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi Yeni il bayramı münasibəti ilə  Mingəçevirdə yerləşən uşaq evindəki valideyin himayəsindən məhrum olan uşaqları ziyarət ediblər. Ana-ata sevgisindən məhrum olan bu fidanlar onları ziyarətə gələn insanların qucağına sığınaraq sanki ana nəvazişi, isti yuva axtarırlar. Baxmayaraq ki, onlar üçün sanatoriyada hər cür şəriait yaradılıb, qayğılarını çəkirlər. Onlar üçün hər cür sovqat gətirilir. Amma onlar təkcə ana sevgisinə, ana laylasına ehtiyac duyurlar. Bunu onları ziyarətə gələn hər bir kəs hiss edir.

Qeyd edək ki, Mingəçevirdə İcbari Tibbi Sığorta tətbiq ediləndən sonra Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında olan 25 uşaq hər cür qayğı ilə əhatə olunub. Sanatoriyanın balaca sakinlərini ziyarətə gələn qadınlar şurası onlar üçün də sovqat gətirmişdilər. Hər bir uşaq üçün gətirilən hədiyyələr onlara təqdim olunub. Uşaq Gənclər İnkişaf Mərkəzinin uşaqları Şaxta babanın  və Qar qızın müşayəti ilə rəqslər edib şeirlər söyləyiblər. Çalışıblar ki, bu uşaqlara bircə günlük də olsa sevinc bəxş etsinlər. Ziyarətçilər də bu anlardan kövrəliblər, onlara sarılan balaca fidanlara doğmalıq, nəvaziş göstəriblər.

 Esmria Hidayətova, Mingəçevir