Onları sosial ünsiyyətə adaptasiya etmək daha çox fayda verər

824

Bəzən Yaradan bu şirin nemətlə sınağa çəkir insanları. Hər hansı xəstəliyə mübtəla olan uşaqlar çox zaman ailənin utanc yeri olurlar. Xüsusilə, davranış pozuqluğu olan sosial münasibətlər qurmaqda problem yaşayan uşaqlar hər kəs tərəfindən birmənalı qarşılanmırlar. Autizm xəstəliyi kimi tanınan və beyinin inkişafını məhdudlaşdıran bu sindrom dünyada çox geniş yayılıb. Təxmini göstəricilər dünyada hər 88 uşaqdan birinin, Azərbaycanda isə 100 uşaqdan 2-3-nün bu sindromdan əziyyət çəkdiyini göstərir. Qeyd edək ki, autizm sindromlu uşaq ilk baxışdan özünü ərköyün, şıltaq, tərs, inadcıl, küt, fərasətsiz kimi göstərir. Küçə, nəqliyyat, mağaza və bu kimi ictimai yerlərdə ətrafdakıların reaksiyasına səbəb olan hərəkətlər sərgiləyir. Bu da ailənin özünü narahat hiss etməsinə, hətta autik olan övladından utanmasına gətirib çıxarır. Belə olan halda, valideynlər uşaqlarını cəmiyyətdən təcrid edir, onun normal insanlarla ünsiyyətdə olmasına əngəl olurlar. Bu isə cəmiyyətin bir nəfəri də itirməsi deməkdir. Bəs həmin valideynlər nə etməlidirlər? Sosial münasibətlər qurmaqda problem yaşayan övladlarını cəmiyyətdən təcrid etməli, yoxsa onları cəmiyyətə qəbul etdirməlidirlər?

 “Sosial münasibətlərin inkişaf geriliyi kimi də ifadə etmək mümkündür”

“Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycana gələn türkiyəli mütəxəssislər “Autizmli uşaqlarda davranış problemləri və onların həlli yolları” mövzusunda seminar verdilər.  Türkiyədə Qazi Universitetinin müəllimi Tamer Qaraqoç autizm xəstəliyinin çox geniş bir anlayış olduğunu bildirdi. Onun sözlərinə görə, autizmi inkişaf pozuntusu olaraq da adlandırmaq mümkündür. Davranış pozuqluğu və uşaqların təhsillə müalicəsi istiqamətində araşdırma aparan T. Karakoç çox güclü zəkası olan autik uşaqlara rast gəlindiyini bildirdi: “İlk əvvəl onu deyim ki, autizm çox geniş bir anlayışdır. Burada çox ciddi davranış pozuntusu müşahidə olunan insanlar da, fotoqrafik və vizual zəkası çox güclü olan insanlar da var. Məsələn, Nyu-Yorkda yaşayan bir nəfər autizm sindromludur və onun qeyri-adi zəka bacarığı ondan ibarətdir ki, küçədə gedərkən bir dəfə ətrafa baxdıqdan sonra orada neçə bina və hər binanın neçə pəncərəsi olduğunu dəqiqliklə deyə bilir. Bu xəstəliyin əsas göstəriciləri ondan ibarətdir ki, autiklər dil və sosial münasibətlər qurmaqda problem yaşayırlar. Qeyd etmək lazımdır ki, autizm çox geniş bir məfhumdur. Burada davranış pozuqluğu olan uşaqlar olduğu kimi, eyni zamanda qeyri-adi zəkası olan uşaqlara da rast gəlmək mümkündür; həmçinin sosial bacarıq və davranış baxımından əziyyət çəkən insanlar nəzərdə tutulur. Bu xəstəliyi zəka geriliyi deyil, sosial münasibətlərin inkişaf geriliyi kimi də ifadə etmək mümkündür”. T. Karakoç autizmli insanların ətrafdakı hadisələrə diqqət etməkdə çətinlik çəkdiklərini dedi. Onun sözlərinə görə, autik uşaqlarda əsasən bir əşyadan başqa bir əşyaya keçid prosesi çox zəif olur. Və insanlar çoxaldığı zaman onlarda davranış pozuqluğu ciddi şəkildə özünü göstərir. Bu ya prosesləri çox sürətli qəbul etdiyi, ya da hadisələri seçib qəbul etdiyi üçün baş verir.

 “Autizm daun sindromundan fərqli olaraq yaşayış müddətini məhdudlaşdırmır”

Autizm XXI əsrin sosial davranış pozuqluğu olan bir sindrom olaraq bilinir. Bu xəstəliyə, demək olar ki, dünyanın bütün ölkələrində rast gəlmək mümkündür.  Qazi Universitetinin müəllimi, davranış vərdişləri və ailə təhsili üzrə mütəxəssis dr. Salih Uçan bu sahədə hər hansı elmi araşdırma olmadığı üçün konkret bir ölkənin adını çəkməyin doğru olmadığını bildirdi: “Konkret hansı ölkədə daha çox olduğu ilə bağlı elmi bir araşdırma olmadığı üçün hər hansısa bir statistika göstərmək çətindir. Ölkələrin ən çox problem yaşadığı məqam autizmli bir insana diaqnoz qoymaqdır. Təsəvvür edin ki, qarşınızda 3 nəfər autizmli insan var və hər biri bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Əgər bu fiziki bir qüsur olsaydı, hər hansı iqlim çatışmazlığı səbəbilə yarandığını demək olardı. Lakin inkişaf pozuntusu olduğu üçün hansısa bir ölkəni göstərmək mümkün deyil”.

Məlum olduğu kimi daun sindromunda xromosom pozulması müşahidə olunduğundan bu, xəstəlikdən əziyyət çəkənin ölümünü tezləşdirir. S. Uçan autizmin daun sendromundan fərqli olaraq, insan ömrünün qısalmasına heç bir təsiri olmadığını qeyd etdi: “Daun sendromunda xromosom pozulması müşahidə olunduğu üçün bu, ölümü tezləşdirir. Bu sindrom ana bətnində də müəyyən oluna bilir və uşaq doğulduqdan sonra diaqnoz dəqiqləşir. Lakin autizmin mənfi cəhəti ondan ibarətdir ki, bu xəstəlik ancaq iki yaşından sonra, əsasən uşaqların davranış və göz kontaktı yaranmağa başladığı vaxt özünü göstərir. Hesab edirəm ki, autizm sindromunda fiziki əlaqələndirmə doğru deyil. Amma bu, həyat keyfiyyətinə təsir edir. Yəni autizmli insan sosial bir mühitdə özünü hədəfə yönləndirə bilmir və bununla bağlı problem yaşayır”.

“Ailələr diaqnoz qoymazdan əvvəl uşağın davranışlarını müşahidə etməlidirlər”

S. Uçan bu sahədə ən çox ailələrin problemlə qarşılaşdığını bildirdi. Onun sözlərinə görə, autik uşaqlar sosial mühitdə davranış və münasibət baxımından çətinlik çəkirlər. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Səbəbsiz ağlamaq və ya gülmək, anidən qışqırmaq onların tipik davranışları arasındadır. Müsahibimiz valideynlərin uşaqlarının hərəkət və davranışlarını müşahidə etmələrinin önəmini vurğuladı: “Ailələr uşaqlarına autizm diaqnozu qoymaq yerinə, onların hərəkətlərini müşahidə etmələri daha önəmlidir. Uşağın göz kontaktı qurmaq problemi varsa, ilk növbədə, bu məsələnin həllinə çalışmaq lazımdır. Və ya problem uşağın danışığındadırsa, ailə danışma qüsurunu aradan qaldırmağa yönəlməlidir. Gördükləri hər hansı inkişaf geriləməsinə autizm diaqnozu qoymaq doğru deyil. Autizm ümumi bir anlayışdır və valideynlər bu anlayışa baxaraq hərəkət etməməlidirlər. Hesab edirəm ki, ailələr mütləq peşəkarlara müraciət etməlidirlər. Çünki bu, inkişaf pozuqluğu olan bir xəstəlikdir və ailələr bu sahədə çox məlumatları olmaya bilər. Bu xəstəliyə nə qədər erkən müdaxilə edilərsə, o qədər tez nəticə verər. Onu da vurğulamaq lazımdır ki, əsasən davranış pozuqluğu ilə müşahidə olunan bu xəstəliyin müəyyən bir dərmanı yoxdur. Autizmin müalicəsində iki faktor var: bunlardan biri, klinikalar, digərləri reabilitasiya mərkəzləridir. Valideynlərin, ilk növbədə, reabilitasiya mərkəzlərinə müraciət etmələri tövsiyə olunur. Buradakı müşahidələrdən və onların yönləndirmələrindən sonra klinikalara müraciət etmək daha müsbət nəticə əldə etməyə yol açar. Belə ki, peşəkarlar tərəfindən tətbiq olunan ailə proqramları davranış problemlərinin düzəlməsinə kömək edir. Bu zaman, belə demək mümkünsə, elm dili avtomatik olaraq uşağa təsir edir. Lakin valideynlər bütün vaxtlarını həkim və xəstəliyin dərmanını axtarmağa sərf etdiklərindən uşağın təhsil müddəti gecikir. Bu zaman bir çox vərdişlər onlarda qəlibləşməyə başlayır. Belə olduqda isə onların davranış pozuqluğunu aradan qaldırmaq daha da çətinləşir. Burada əsas ehtiyac reabilitasiyadır. Valideynlər autizmli uşaqları ilə necə rəftar edəcəklərini bilmədikləri üçün bu, uşağın adaptasiyasında da özünün göstərir. Hazırda inkişaf etməkdə olan ölkələrdə bu sahədə mütəxəssis sayı azdır. Ona görə də bütün dünyada 0-6 yaş arasında ilk müdaxiləni etmək üçün araşdırmalar aparılır”. Davranış üzrə mütəxəssis S. Uçan autizmli ailələrin özlərini və övladlarını cəmiyyətdən təcrid etməyin doğru olmadığını bildirdi. O, autik uşaqların sosial münasibət qurması üçün onların daim cəmiyyət içərisində olmaqlarının vacibliyini vurğuladı: “Adətən, autizmli övladı olan ailələr gündəlik həyatlarını uşaqlarına görə tənzimləyirlər. Başqa bir evə qonaq getməkdən və ya ümumiyyətlə cəmiyyət arasında olmaqdan qaçırlar. Lakin belə uşaqların ərtaf mühit cəhətdən zəngin olmalıdırlar. Belə ki, onları cəmiyyətdən təcrid etmək əvəzinə sosial ünsiyyətə adaptasiya etmək daha çox fayda verər. Bir şeyi düzəltmək istəyirsinizsə bilməlisiniz ki, bunun çarəsi məhdudlaşdırmaq və qadağan etmək deyil. Autizmli uşaqları eyni zamanda idman, rəsm, musiqi və ya hər hansı bir sosial fəaliyyətə cəlb etmək məqsədəuyğundur”.

Xəyalə Sadıqova