Onlardan arayış tələb olunacaq

549
Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyənlərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Bir müddət öncə Prezident İlham Əliyev nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı fərman imzalamışdı. Milli Məclisin ötən ilin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Son vaxtlar ekspertlər nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmələri ilə bağlı hələ bir sıra məsələlərin həllini tapmaması barədə iradlarını bildirirdilər. Məsələn, qeyd olunurdu ki, Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduqları xəstəliklərin siyahısını, tibbi arayış formasını müəyyən etməlidir. Nəhayət, Nazirlər Kabineti Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacaqları xəstəliklərin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış siyahısını təsdiq edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, evlənmək istəyən cütlüklər irsi qan xəstəlikləri, sifilis və İİV virusu üzrə laborator müayinədən keçəcəklər. Artıq iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər bu xəstəliklər üzrə müayinələrdən keçib, tibbi arayış almalıdırlar. Müayinənin nəticəsi müraciət edən şəxsin özünə təqdim ediləcək.

Nikaha girən şəxslərin dövlət və bələdiyyə tibb müəssisələrində müayinələri pulsuz olacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Ailə Məcəlləsinə edilən dəyişikliyin əsasən son zamanlar yayılan hemofiliya və talassemiya kimi xəstəliklərlə bağlıdır: “Azərbaycanda bu məsələlərlə bağlı ardıcıl işlər aparılıb, xüsusi qanun qəbul olunub. Qanunun hazırlanmasında, ümumiyyətlə, bu xəstəliklərlə mübarizədə ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyük və danılmazdır. Bakıda yaradılan Talassemiya Mərkəzinin hesabına bu cür xəstə uşaqların ömrünün 7 il uzadılmasına nail olunub. Lakin hadisələrin gedişi bu xəstəliyin tükənmədiyini göstərir”.

 

Ailə Məcəlləsinə edilən dəyişiklik nikahı qadağan etmir – seçim gənclərin öz öhdəsinə buraxılır

Komitə sədri bunu şəxslərin öz genetik faktorlarını, göstəricilərini bilmədən nikaha daxil olmaları ilə əlaqələndirib: “Tərəflər arasında uyğunsuzluqlar olduqda həmin xəstəliklər ortaya çıxır. Məsələn, bir çoxları nikaha daxil olduqdan sonra bilir ki, tərəflərdə hansısa ciddi xəstəlik var. Qəbul edilən qanun bu problemləri tamamilə aradan qaldıracaq”.

Hadı Rəcəbli onu da bildirib ki, Ailə Məcəlləsinə edilən dəyişiklik nikahı qadağan etmir: “Yalnız anlaqsız (ruhi xəstə) insanlar istisna olmaqla, bütün xəstəliyi olanların nikahına icazə verilir. Ailə qurmağa hazırlaşan hər iki gənc tibbi müayinədən keçir, daha sonra tibbi arayışlarını müəyyən olunan həkimə təqdim edirlər. Həkim hər iki tərəfi dinləyir və müayinə nəticəsində müəyyən olunan xəstəliklərlə bağlı məsləhət verir, həmçinin nikaha daxil olmaq istəyənləri məlumatlandırdığına dair arayışı imzalayır. Müayinə zamanı qan uyğunluğu qeydə alınarsa, şəxslərə doğulacaq uşaqlarının hansı xəstəlik daşıyıcısı ola biləcəyi izah edilir, hansı yöndə müalicə almaları tövsiyə olunur. Bu, çox önəmli məsələdir”.

 

Nikaha daxil olmaq istəyənlər bir ay əvvəl VVAQ şöbələrinə müraciət etməlidirlər

Komitə sədri məsələ ilə bağlı xüsusi bir məqamı vurğulayıb. O, qeyd edib ki, nikaha daxil olanlarla bağlı ortaya çıxacaq hər hansı xəstəliklərə görə məsuliyyət tibb məntəqəsinin və arayışı verən həkimin üzərinə düşür: “Tibb müəssisəsinə və həkimə konfidensial mövqe tutmaları göstərişi verilib. Həkim və tibb məntəqəsinin seçilməsi şəxslərin öhdəsinə buraxılmır, əvvəlcədən müəyyənləşir, yəni kim hansı rayon ərazisində qeydiyyatdadırsa, oradakı məntəqədə də müayinə olunur. Artıq məntəqələrdə laboratoriya otaqları, hər bir avadanlıq müəyyənləşib. Nəzərinizə çatdırım ki, nikaha daxil olmaq istəyənlər bir ay əvvəl VVAQ şöbələrinə müraciət edən zaman onlardan arayış tələb olunacaq. Arayış təqdim olunmadığı təqdirdə, nikah qeydə alınmayacaq. Qanun Azərbaycan genefondunun qorunmasında, gənclərin dünyaya daha sağlam körpə gətirməsində mühüm rol oynayır”.

Nikaha daxil olmaq istəyənlərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir, amma həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.

 

Nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edilə bilər

Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyənlərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Məlumat üçün bildirək ki, irsi qan xəstəliyi olan talassemiyanın iki – talassemiya daşıyıcılığı və böyük talassemiya xəstəliyi formaları var. Xəstəliyin 1-ci forması olduqda talassemiya əlamətlərinin daşıyıcıları sağlam olurlar. Amma onlar bu patoloji geni öz uşaqlarına ötürə bilərlər. Talassemiya genini yalnız bir valideyndən alan uşaq talassemiyanın daşıyıcısına çevrilir.

 

Talassemiya daşıyıcıları sağlam hesab edilirlər, amma…

Böyük talassemiyaya isə bu xəstəliyin genini hər iki valideyndən alan uşaq düçar olur. Bu, erkən uşaqlıq dövründə inkişaf edən çox ağır irsi qan xəstəliyi hesab edilir. Anadangəlmə xəstəlik olan talassemiya müəyyən müddət gizli keçir. 3-11 aylığından başlayaraq isə xəstə uşaqlarda hemoqlobinin miqdarı azalır. Onların rəngi solur, iştahaları və yuxuları pozulur. İllər ötdükcə, belə uşaqlar fiziki inkişafına görə həmyaşıdlarından geri qalırlar. Onların daxili orqanlarında (qaraciyər, dalaq, ürək) və sümüklərində dəyişikliklər baş verir. Bu isə sonda uşaqların xarici görünüşünün dəyişməsinə gətirib çıxarır. Böyük talassemiyaya düçar olan uşaqları müalicə etmək üçün onlara bütün ömürləri boyu hər ay qan köçürmək lazımdır. Ancaq bu özü də sonda xəstə uşaqda digər problemlərin yaranmasına gətirib çıxarır. Belə müalicə alan uşaqların orqanizmində dəmirin miqdarı artır. Artıq dəmir xəstələrin daxili orqanlarında yığılır, bu isə, öz növbəsində, daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar əmələ gəlir. Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək lazımdır.

Talassemiya daşıyıcıları sağlam hesab edilirlər. Onların müalicəyə də ehtiyacları olmur. Ancaq belə xəstələrin bəzilərində yüngül qan azlığına təsadüf edilə bilər. Elə bu səbəbdən də çoxları talassemiyanın daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar daşıyıcı olduqlarını yalnız böyük talassemiyalı xəstə uşaqları olduqdan sonra və ya təsadüfən xüsusi hematoloji müayinədən keçəndən sonra bilirlər.

Prezident İlham Əliyevin imzaladığı sərəncam bu baxımdan mühüm əhəmiyyət kəs edir. Yəni insanlar nikaha girməmişdən öncə tibbi müayinədən keçməklə gizli xəstəliklərindən xəbərdar olacaqlar. Hər halda yerlərdə kimlərsə məsuliyyətsizlik etməsələr və ya vətəndaşlar bu məsələyə özləri biganə yanaşmasalar, bu sərəncamdan irəli gələn tələb ailə quran gənclərin sağlamlıqları baxımından mühüm əhəmiyyət kəsb edir. Yox, əgər ailə quran tərəflər vaxtında tibbi müayinədən keçib, öz xəstəliklərindən xəbərdar olmasalar, ziyanı ya onların özləri, ya da dünyaya gələcək övladları görəcək.

Nicat İntiqam