Onlar niyə qayda-qanuna riayət etmək istəmirlər?

213

Sosial şəbəkələrdə bir qrup qazinin  Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciətlərini əks etdirən yazılarla tanış olaraq məsələnin çox ciddiliyini və aktuallığını nəzərə alaraq jurnalist araşdırmasının aparılması qərarına gəldik. Aydın oldu ki, Mingəçevir şəhərində şəhid ailələri və Vətən müharibəsi qazilərinə İcra Başçısı tərəfindən edilən diqqətsizlik barədə sosial şəbəkələrdə yayımlanan videoçarxlarda qeyd edilən faktlar həqiqəti əks etdirmir. Eyni zamanda sosial şəbəkələrdə bir qrup qazinin Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciətlərini əks etdirən yazıların yayılması birmənalı qarşılanmayıb. Mingəçevir şəhid ailələri, qazilər və müharibə veteranlarının bir qismi sosial şəbəkələrdə yayılan müraciətdə qeyd olunan fikirləri qəbul etmirlər.

Şəhər İcra Hakimiyyətindən bildirildi ki,  Vətən müharibəsində  50 nəfər şəhər sakini şəhid olmuşdur. Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şəhidlərin dəfni təşkil edilmiş, şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına onların qəbirlərinin üstü götürülmüş, ətrafları abadlaşdırılmış, bundan əlavə şəhərdə qeydiyyatda olan  49 şəhidin hər birinin ailəsinə 1000 (min) manat vəsait köməklik edilmişdir.

Onu da bildirdilər ki, şəhər İcra Hakimiyyətinin büdcədənkənar vəsaiti hesabına Müstəqillik Günü və 31 dekabr Həmrəylik Günü ilə əlaqədar Birinci Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinə 200 (iki yüz) manat, eyni zamanda Vətən müharibəsində həlak olan şəhid ailələrinə  və 43 nəfər qaziyə Yeni il bayramı ilə əlaqədar 200 (iki yüz) manat vəsait ödənilmişdir. Bununla bərabər iki şəhid anası Həsənova Nəhayətin və ağır yaralı olan qazilərdən – Quliyev İlqarın və Muradov Orxanın  yaşadıqları mənzillərə istilik sistemi çəkilmişdir. Milli Qəhrəman Malik Əsədovun qızının evi təmir edilmiş, Qarabağ Müharibəsi əlili İlham Məmmədovun evinə də istilik sistemi çəkilmişdir. Şəhid ailəsi Orucov Əmirin evində təmir işləri aparılmış, qazi Tural Seyfullayevin yaşadığı yataqxanada ona hamam otağı düzəldilmişdir. Ötən müddət ərzində şəhid ailələrinin müraciətləri əsasında şəhidlərin xatirəsinə bulaq tikintisi və xatirə lövhəsi qoyulmuşdur. Bu günə qədər Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinin müraciətlərinə uyğun olaraq yaşadıqları ünvanlarda 20 şəhid bulağı tikilmiş və 20 xatirə lövhəsi asılmışdır.

Son zamanlar sosial şəbəkələrdə yayımlanan şəhid bulağının sökülməsi  barədə gedən videoçarxlara aydınlıq gətirərək qeyd edildi  ki, Vətən müharibəsində iştirak edərək yaralanmış  Şükürov Tural Vüqar oğlu özünün işlədiyi bərbərxananın qarşısında H.Əliyev prospektində onunla döyüşə gedən 4 şəhidin adına bulaq tikdirmək üçün əraziyə tikinti materialları tökmüş və tikintiyə başlamışdır. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən həmin ərazidə bulaq tikilməsi üçün Memarlıq və tikinti şöbəsindən razılıq alınması bildirilsə də T.Şükürov tikintini dayandırmamışdır. Ərazidə qanunsuz tikinti aparıldığı üçün nümayəndə tərəfindən akt bağlanmış və tikinti sökülmüşdür. Həmin gün qazi Şükürov Tural və şəhid Məhəmməd Məmmədli və Ərzuman Osmanovun valideynləri şəhər İcra Hakimiyyətinə dəvət edilmiş və onlara izahat verilmişdir. Tural Şükürov bundan sonra şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciətinə  rəsmi cavab verilmişdir. Rəsmi cavabda onun xatirəsini əbədiləşdirmək istədiyi döyüş yoldaşlarının xatirəsinə yaşadıqları ərazilərdə öz valideynlərinin  müraciətləri əsasında artıq bulaq inşa edildiyi və bir nəfərin xatirəsinə lövhə vurulduğu bildirilmiş, həmin ərazidə şəhid bulağının tikintisinin mümkün olmadığı, lakin Memarlıq şöbəsinin layihəsi əsasında obyektinin fasadında xatirə lövhəsinin vurulmasının məqsədəuyğunluğu göstərilmişdir. Vətən müharibəsi iştirakçısı Tural Şükürov inadkarlıq edərək sosial şəbəkələrdə çıxışlar edir, şəhər  İcra Hakimiyyətinin ünvanına böhtanlar yağdırmışdır. Bununla kifayətlənməmiş, qazi yoldaşlarını aldadaraq qeyri-qanuni tələbini həyata keçirmək üçün 26 iyul 2021-ci il tarixdə Bakı şəhərindən 25 nəfərədək qazinin şəhərə gəlişini təşkil etmişdir.

Həmin qazilər özlərini “Gənc qazilər” İctimai Birliyinin nümayəndələri kimi təqdim edərək şəhər İcra Hakimiyyətinin binasına soxulmuş, sosial şəbəkələrdəki videoçarxlarda gedən yazılara  uyğun olaraq şəhər İcra Hakimiyyəti aparatının şöbə müdirinin, şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin işdən çıxarılması və qeyri-qanuni tikintisi olan  İbrahimzadə Nahid Şahid oğlunun adına  bulağın  və Şükürov Tural Vüqar oğlunun şəhid döyüş yoldaşlarının adına tikdirmək istədiyi şəhid bulağının tikilməsinə icazə verilməsi tələbini irəli sürmüşlər. Şəhid ailələrinin istəyinə uyğun olaraq şəhər İcra Hakimiyyətinin başçısı onların  nümayəndələrini akt zalına dəvət etmiş və dönüb akt zalına gedərkən “İcra Hakimiyyətinin başçısı qaçdı” başlığı altında sosial şəbəkələrə yazılar ötürmüşlər.

Şəhər İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri 3 şəhid ailəsini və 10-a yaxın qazini şəhər İcra Hakimiyyətinin akt zalında qəbul etmiş, 1 saata yaxın davam edən görüşdə onların bütün sualları cavablandırılmış və tələblərinin qeyri-qanuni olduğu  onlara izah edilmiş, videoçarxlarda qeyd edilən yazıların saxta və montaj olduğu onların diqqətinə çatdırılmış, qaldırılan məsələlər barədə ətraflı izahat verilmişdir. Bundan sonra  onlar avtobuslara minərək şəhəri tərk etmişlər. Şəhər ziyalılarından Ağsaqqallar Şurasının sədri Akif Hacıyev,  Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyi şəhər şöbəsinin sədri Nizami Təhməzov, Şəhid Ailələri Müdafiə Cəmiyyəti İctimai Birliyi şəhər şöbəsinin sədri Rəna Həsənova qazilərin qeyri-qanuni tələblər üçün şəhər İcra Hakimiyyətinə bu şəkildə gəlmələrini pisləmiş və öz narazılıqlarını bildirmişlər.

Məlumat üçün bildiririk ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılmışdır.

Esmira Hidayətova, Mingəçevir