Onlar insanların fikirlərində dolaşıqlıq yaradırlar

Xəyalə Sadıqova
Televiziya xalqın maariflənməsində, onun dünyagörüşünün formalaşmasında rol oynayan vasitələrdən biridir. İzləyici kütləsi arasında cavan, yaşlı, evli, subay… cəmiyyətin hər təbəqəsindən insanlar var. Televiziya proqramları yaşından asılı olmayaraq, hər kəsin düşüncəsində müəyyən iz buraxır. Telekanallarda hazırlanan verilişlər arasında şou xarakterli proqramlar üstünlük təşkil etsə də, maarifləndirici verilişlər də az deyil. Lakin çox zaman sosial məsələlər, ailə dəyərləri müzakirə olunan verilişlərdə ekspert qismində əyləşən şəxslər uyğunsuzluq təşkil edirlər. Belə ki, bir neçə dəfə evlənib boşanmış müğənnilər və ya özünü din adamı kimi təqdim edən şəxslər, uşaq tərbiyəsi, ailə dəyərləri və s. bu kimi məsələlər haqqında xalqa məsləhət verir, ekspert kürsüsündə əyləşdirilir. Şəxsi həyatında uğur qazanmayan insanın sırf məşhurluğu səbəbilə verilişlərdə ekspert olması nə dərəcədə doğrudur? Bu ehtiyac nədən irəli gəlir? Əslində ekspertlər necə olmalıdırlar?
“Dəvət olunan ekspertlər əvvəlcədən araşdırılmalıdır”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən sosioloq Cavid İmamoğlu bu məsələdə, ilk növbədə, kanal rəhbərlərinin məsuliyyət daşıdığını bildirdi: “İlk növbədə, televiziya rəhbərləri, verilişi hazırlayan prodüserlər verilişə mütəxəssis cəlb edərkən onun ixtisasına fikir verməli, həmin şəxs haqqında araşdırma aparmalıdırlar. Təəssüflər olsun ki, bizdə çox verilişlərdə buna fikir verilmir. Düşünürlər ki, şou olsun. Çox zaman proqramlarda rast gəlirik ki, özü neçə dəfə ailəli olub boşanan şəxs çıxıb ailə dəyərlərindən danışır. Əgər söhbət ailə konfliktlərindən gedirsə, bu barədə konflikt menecmenti üzrə mütəxəssis fikir söyləməlidir. Bu sahədə təcrübəsi, müəyyən praktiki bilikləri olan ekspert danışsa, cəmiyyət üçün daha faydalı olar. Və yaxud söhbət uşaqlara münasibətdən gedirsə, verilişə uşaq mütəxəssisi çağırılmalıdır. Televiziyada müəyyən layihələr var ki, rəhbərləri, prodüserləri və ya qonaq çağıran şəxslər özlərinə asan olsun deyə, verilişə ekspert qismində qonaq çağıracaqları şəxsi əvvəlcədən sorğu-suala dəvət edirlər. Nəticədə, bu şəxslər verilişlər vasitəsilə 9 milyonluq Azərbaycan xalqına məsləhət verməyə başlayırlar. Biz sosial işçi olduğumuz halda, ixtisasımız bizə məsləhət verməyi qadağan edir. Çünki ailə də, hər hansı bir şəxs də unikaldır və mənim verəcəyim məsləhət onun üçün keçərli olmaya bilər. Buna görə də biz hər hansı vəziyyətdə ancaq istiqamət verə, alternativləri göstərə bilərik. Amma kimisə ittiham etmək, utandırmaq doğru deyil. Televiziya verilişlərində ən çox müşahidə etdiyim məsələlərdən biri də budur. Kimisə proqrama çağırırlar və onu tənqid etməyə, utandırmağa, dəyərlərini tapdalamağa başlayırlar”.
“Verilişə təcrübəsi olan mütəxəssis çağırılmalıdır ki, danışmağa sözü olsun”
Sosioloq efirə mütəxəssis adı ilə qeyri-peşəkar insanların dəvət olunduğunu bildirdi: “Psixoloq adı ilə həkimlər, idman müəllimləri, sosioloq adı ilə politologiya oxuyanı, ailə mütəxəssisi adı ilə hansısa saç salonunda işləyən şəxsi verilişlərə dəvət edirlər. Mən heç bir peşəni pisləmirəm. Hər bir fərd özünə görə dəyərlidir və söz söyləmək haqqı var. Demirəm ki, müğənni və ya hansısa peşə sahibi ailə dəyərləri haqqında danışa bilməz. Əlbəttə ki, danışar, amma ona aid olan verilişdə. Ümumilikdə maarifləndirici verilişlərin əsas məqsədi cəmiyyətin biliyini artırmağa, onların davranışlarına təsir göstərməyə xidmət edir. Yaxşı olar ki, hər hansı mövzu ilə bağlı mütəxəssis dəvət edərkən 3-5 illik təcrübəsi olan birini çağırsınlar ki, danışmağa sözü olsun. Danışmağa sözü yoxdursa, onu efirə çıxarmaq tamaşaçının vaxtını almaq, insanları yanlış istiqamətə aparmaq deməkdir”.
“Kanallar özlərini hörmətdən salırlar”
Teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmli ekspertin müzakirə olunan məsələ ilə bağlı müəyyən bilik və təcrübəyə sahib olmasının vacibliyini vurğuladı: “Ekspert o şəxsdir ki, müzakirə olunan məsələ ilə bağlı müəyyən bilikləri, həyat təcrübəsi və önəmli əsərləri olsun. Ekspert tanınmış, yüksək səviyyəli mütəxəssis deməkdir. Yoxsa biz hər insana ekspert deyə bilmərik. Bəzən verilişlərdə sosial mövzularda, beynəlxalq məsələlərdə, ümumiyyətlə, prosesi yaxşı bilməyən, predmetdən xəbəri olmayan, detalları lazımi qədər araşdıra bilməyən insanların ekspert olaraq təqdim olunmasına rast gəlirəm. Hesab edirəm ki, bu cür ekspertlərlə televiziya yalnız özünü hörmətdən sala bilər”.
“Şəxsi taleyi uğursuz olan şəxsləri ekspert olaraq təqdim etmək yanlışdır”
Q. Məhərrəmli bu cür halların digər bir səbəbini ekspert çatışmazlığı ilə bağlı olduğunu dedi: “Çox təəssüflər olsun ki, bizdə ekspert dairəsi məhduddur. Türkiyədə, Rusiyada həm ictimai-siyası məsələlərdə, həm də sosiologiya ilə bağlı fikir söyləyəcək kifayət qədər ciddi insanlar var. İstər ali məktəb müəllimləri, istərsə də hər hansı sahədə çalışan mütəxəssislər var ki, onların sözü cəmiyyətə müəyyən istiqamət verir, aydınlıq yaradır. Lakin bizdə “ekspert”lər ancaq dolaşıqlıq yaradır, çaşdırıcı fikir formalaşdırırlar. Mən heç istəməzdim ki, bizim telekanallar çarəsiz qalıb bu cür ekspertlərə müraciət etmək məcburiyyətində qalsınlar”.
“Ailə-məişət məsələləri ilə bağlı şəxsi taleyi uğurlu olmayan şəxslərin ekspert qismində verilişlərə dəvət olunması doğru deyil. Onlar iştirakçı kimi qatıla, müəyyən tövsiyələr verə bilərlər. Amma onları ekspert və ya mütəxəssis kimi təqdim etmək yanlışdır”, deyə ekspert vurğuladı.