Onlar da məktəb illərinə əlvida dedilər

531

İnsan ömrünün ən yaddaqalan və hər zaman xatırlanan anlarından biri də məktəb illəridir – qayğısız, şən məktəb illəri. Bu gün 14 iyun 2017-cı il tarixində on bir il bundan əvvəl titrək addımlarla məktəb astanasına qədəm qoyan şagirdlər məktəb illərinə əlvida deyirlər.

Bu gün Mingəçevir M. Hüseynzadə adına 3 saylı tam orta məktəb bayram libası geyinmişdi. Bu məktəbdə məzunların buraxılışına həsr olunmuş “Son zəng” tədbirində Mingəçevir şəhər icra hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri və Mingəçevir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsinin rəisi Şahin Xəlilov iştirak ediblər. Əvvəlcə məktəbin direktoru Kəmalə Tahirova çıxış edərək məzunları təbrik edib, məktəbin təhsil, idman sahəsində qazandıqları naliyyətlərdən ətraflı söz açıb. Bildirib ki, hər il olduğu kimi bu ildə naliyyətlər çoxdur: “Bu il yüksək bal toplayan şagirdlərimizin sayı yenə çoxluq təşkil edir. Ali məktəblərə qəbulun ilk mərhələsində ən yüksək nəticə göstərən şagirlərimiz də var. İnanıram ki, məktəbimizin müəllim kollektivinin səmərəli əməyi sayəsində gələcəkdə də naliyyətlərimiz davamlı olacaq”.

Daha sonra tədbirdə valideyn kimi iştirak edən Şahin Xəlilov çıxış edərək övladının timsalında bütün 11-ciləri təbrik edib və onlara vətənimizə, xalqımıza layiqli övlad olmalarını tövsiyə edib. Tədbirdə digər valideyinlər də ürək sözlərini bildiriblər. Tədbirdə təhsildə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

“Son zəng” məktəblilərin hazırladıqları şən müsiqilər, maraqlı rəqslərlə də xatirələrə həkk olunub. Tədbirin sonunda şən musiqi sədaları altında onbirincilər üçün sonuncu zəng çalınıb.

Esmira Hidayətova, Mingəçevir