Onlar da futbola baxa bilirlər

412
2010-cu il futbol üzrə dünya çempionatına baxmaq Somalidə qadağan idi. 
Bu qərarı paytaxt Moqadişoya nəzarət edən “Əl-Qaidə” terror təşkilatına bağlı olan “Əl-Şəbab” vermişdi. Bu qaydanı pozanlara edam da daxil olmaqla ən ağır cəzalar verilirdi. Ancaq hazırda vəziyyət tamamilə dəyişib. Artıq somalililər rahat bir şəkildə dünya çempionatına baxa bilirlər. Oyunlar başlayanda insanlar restoranlarda, kinoteatrlarda bir araya gəlib, futbol komandalarını izləyə bilirlər. Yerli sakinlərdən Soma Abdullah dörd il bundan əvvəl nəinki kinoteatrda, hətta evdə belə, futbola baxmağın mümkün olmadığını bildirib: “Əvvəllər insanlar “Əl-Şəbab”ın qorxusundan evdə belə, futbola baxmırdılar. İndi isə dünya çempionatını kinoteatrlarda izləyə bilirik. Hətta sahil kənarında futbol da oynayırıq”.  Məlumat üçün bildirək ki, Afrika Birliyinin səyi nəticəsində ötən il ölkənin paytaxtı Moqadişo terrorçulardan təmizlənib. Bundan sonra şəhərdə sabitlik bərpa olunub, insanlar rahat həyat tərzi yaşamağa başlayıblar. Onu da qeyd edək ki, adıçəkilən terror təşkilatı məhz futbol oyunlarına qarşı çıxır. Elə bu günlərdə “Əl-Şəbab” Keniya və Nigeriyada dünya çempionatını izləyənlərə qarşı terror aksiyası həyata keçirib. İnsanların toplu şəkildə yığışdığı yerdə partladılan bomba 61 nəfərin həyatını itirməsinə səbəb olub.