Onlar da belə oynayırlar

0
580

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən bir qat aşağıda yaşayan Əliş dayı, iki qat yuxarıdakı Çingizlə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mən ölüm, bir qoşa?

– Ya zər, mənə yeklər ver, Əliş dayının kitabını bağlayım.

Əliş dayının sanki yarasının közünü qopartdılar:

– Oyununu oyna, əziyyət çəkmə, mənim kitabımı 3 gündür ki bağlayıblar – ixtisara salıblar.

Çingiz təəccüblə dilləndi:

– Səni də? Ay Əliş dayı, işinə görə sənin ki başına and içirdilər.

– Ay Çingiz, indi işə, başa baxan kimdir? Yeni rəis öz komandası ilə sel kimi gəldi…

Bu zaman Əliş dayının gözləri mənə sataşdı:

– Qonşu, bəlkə sən də deputatlığa namizədliyini irəli sürüb bu millətə bir gün ağlayasan?

Qonşulardan kimsə dilləndi:

– Daha bəsdi də… Çingiz zərini at da… Bilmirəm, biz bura problemləri həll etməyə yığışırıq, yoxsa əylənməyə…

Kəramət həmin qonşuya:

– Elə belə şeyləri müzakirə etmədiyimizdir də…

Sonra nə fikirləşdisə, üzünü nərdtaxtanın arxasında oturanlara tutub dedi:

– Siz də oynaya-oynaya söhbət edin də…

O, Əliş dayının sualına özünəməxsus şəkildə cavab verməyi unutmadı:

– A kişi, bir mənə de görüm, bu müəllimin nəyi var axı? Villasımı, bağımı, ticarət dükanlarımı, faktiki heç nəyi yoxdur… Bu isə o deməkdir ki, bu kişi hələ özünə bir gün ağlaya bilməyib. İndi, Əliş dayı, mən səndən soruşuram: özünə gün ağlaya bilməyən millətə gün ağlaya bilərmi?

Əliş kişi öz izahatı ilə bu suala aydınlıq gətirməyə çox çalışdı, lakin bir nəticə hasil olmadı ki, olmadı. Kəramət geri çəkilmək istəmədi:

– Əliş dayı, xətrinə dəyməsin, vallah, sənin dediklərin nağıldır… Bir bax da seçilənlərə… Bir-birlərindən savadlarına görə deyil, maddi imkanlarına görə fərqlənirlər.

– Xəbəriniz var da xəbərdən, yeni icra başçıları təyin olunublar…

Bu sözləri isə “taksovatlıq”la məşğul olan qonşumuz İsgəndər dedi və əlavə etdi:

– Artıq onlardan bəziləri yeni iş yerlərində iş başındadırlar. Heç bilirsiniz, qonşu rayona gələn yeni icra başçısı nədən başlayıb? Nə var, nə var filan obyektin filan hissəsinin 20 santimetri səkiyə çıxıb. Filan obyektlərin sənədlərində qüsurlar var. Filan obyektin… əşi, o qədər belə şeylərə nöqsan tutub ki… Hə, bir də deyib ki, şəhərin giriş qapısı müasirliklə uzlaşmır, onu yenidən inşa etmək lazımdır. Hələ indiyəcən görməmişəm ki, hansısa yeni icra başçısı öz sələfinin işini davam etdirsin. Hələ görməmişəm ki, onlardan kimsə özündən əvvəlkinin işini bəyənsin.

– Məgər bu rayonun özgə problemləri yoxdur?

– Niyə yoxdur, “en” qədər.

– Elə isə niyə həmin problemlərlə maraqlanmırlar?

Bu suala cavab vermək kimsənin ürəyincə olmadı. Handan-hana Kəramət dilləndi:

– Burada qəribə nə var ki? Onlar da belə oynayırlar da…

Bu sözlərdən sonra o, üzünü Əliş dayıya tutub dedi:

– Zərini at da… Hava qaralır axı…

QVAMİ