“Onda gərək Azərbaycanda bütün qaz kəmərləri partlasın”

455

“Qaz kəmərlərinə hava vurulması barədə iddiaların heç bir əsası yoxdur. Bunu deyənlərin bu sahədə savadı yoxdur”. Bu sözləri “Yeniavaz”a açıqlamasında “Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, ekspert Nüsrət Qasımov deyib.

Məlumat üçün bildirək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu günlərdə sosial şəbəkədə bir qurğunun fotosunu paylaşıb. Qeyd edib ki, qaz kəmərlərinə havanı məhz həmin qurğu ilə vururlar: “İslehlakçının qənimi, bir çox Regional Qaz İstismar İdarəsi rəisinin dostu. Bu qurğu vasitəsilə qaz kəmərlərinə hava vurulur. O hava ki, mənzillərimizdəki qaz qurğularının forsunkalarından çıxır və havanı da sayğacımız pul kimi qeyd edir”.

Bu iddia sosial şəbəkələrdə böyük maraq doğurub və müzakirələrə səbəb olub. Nüsrət müəllim mövzuya konkret ad çəkmədən, ümumi şəkildə münasibət bildirdi.

“Ay qardaş, bu cinayətdir”

Nüsrət İbrahimov bildirdi ki, qaz borularına əhaliyə satış məqsədi ilə hava vurulmasını bisavad, qazdan xəbəri olmayan adamlar deyə bilər: “Saytlar gedirlər müxtəlif, qeyri-professional adamlardan müsahibə alırlar, onlar da ağızlarına gələni boş-boş danışırlar. Ay qardaş, bu cinayətdir, qaz borusuna hava vurularsa, qazla hava qarışığı 4,5 faizə çatanda güclü partlayış baş verər – borunun içərisində də. Onda gərək Azərbaycanda bütün qaz kəmərləri partlasın. Elə bir şey yoxdur”.

“Hərdən fəhlədir də başa düşmür, bilmir…”

N. İbrahimovun dediyinə görə, hətta mavi yanacaq verilişi dayandırılanda da borunun içərisində 40 millimetr su sütununa bərabər hava saxlanılmalıdır ki, əlavə hava daxil olmasın: “Amma hərdən fəhlədir də başa düşmür, bilmir və ya nəzarətsizlikdən – tamam bağlayırlar və borunun içərisində havanın konsentrasiyası 60 faizdən aşağı olur. Bu halda evə qaz veriləndə yanmır. Bu vəziyyət bundan əmələ gələ bilər. Amma əhaliyə verilən qazın içinə heç kim başqa məqsədlə hava vura bilməz. Bu böyük cinayətdir. Bunu mütəxəssislər bilirlər”.

“Hava vurulması iddiası yalan sözlərdir”

Həmsöhbətimiz dedi ki, 48 il bu sahədə işləyib və belə şeylərə təsadüf eləməyib: “Mənzilə qaz verilir və yanan ana qədər heç 0,25 kubmetr qaz sərf olunmur. Bu nə böyük itki oldu ki, bunu belə hallandırırlar? Profilaktik işlər görən zamanı qaz kəmərinin içində 40 faiz qaz qalmalıdır ki, ora xaricdən hava daxil ola bilməsin. Hava vurulması iddiası yalan sözlərdir. İşləyən fəhlənin, qaynaqçının səhvi ola bilər ki, siyirtməni tamam bağlayar. Hava müəyyən qədər dolar içəri. O da sobanı açanda gəlib çıxır”.

“Təmir olunandan sonra qaynaq nöqtələri yoxlanmalıdır”

Qaz xəttinə hava vuran aparatlara gəlincə, N. İbrahimov dedi ki, bunu kompressorla etmək mümkündür: “Sınaq işləri görüləndə qaz xəttinə hava vurmaq problem deyil, güclü kompressorlar var. Qaz boruları qaynaq olunandan, təmir olunandan sonra onun qaynaq nöqtələri yoxlanmalıdır. İki yolla yoxlayırlar. Qazın təzyiqindən 3,5 dəfə artıq təzyiqlə yoxlayırlar. Onu da kompressorla vururlar. Boşaldanda istər-istəməz müəyyən miqdarda hava qalır borunun içərisində. Bu da gəlir evlərdən çıxır. Camaat da elə bilir ki, bunu qəsdən vururlar. Bunu yoxlamaq məqsədi ilə vururlar. Niyə bilmədiyi şeyləri danışırlar, başa düşmürəm. İnsanları çaşdırırlar, ajiotaj yaradırlar. Qazın içinə havanı nə məqsədlə vururlar, niyə vururlar? Sutka ərzində Azərbaycanda 15 milyon kubmetrdən çox qaz işlədilir. Buna nə qədər hava vuracaq ki? Bütün bunlar mütəxəssis olmayan adamların uydurmasıdır, qardaş”.

“Kimi dindirirsən deyir mən ustayam”

Nüsrət müəllim özünü mütəxəssis kimi təqdim edənlərdən də gileyləndi: “İndi hamı mütəxəssis olub. Kimi dindirirsən deyir ki, mən doktoram, kimi dindirirsən deyir mən ustayam, kimi dindirirsən deyir mən elektrikəm. Belə olmaz, hər işin özünün sənətkarı var. Təkcə insan bədəni üzrə 20-30 həkim var. Qulaq həkimi, burun həkimi, göz həkimi, qaraciyər, ürək həkimi və s. Elə onda hamıya bir diplom versinlər, o da getsin insanı müalicə eləsin də. Hərənin öz sənəti var, hərə öz sənətindən danışmalıdır”.

“Hansı alim gəlsə, ona sübut eləyərəm ki, mən düz deyirəm”

“Borunu sıxılmış hava ilə yoxlayırlar. Əgər 3 atmosfer qaz veriləcəksə, boruya 4 avmosfer yarım təzyiq vururlar ki, görək salxayır, yoxsa saxlamır. Həmin havanı sovurub vakkum yaratmaq mümkün deyil axı borunun içində. Ajiotaj yaratmasınlar, belə şey eləməsinlər, camaat onsuz da qorxu içərisindədir. Qazın özünün standartı var – 55-42-87. Bu standartda onun bütün parametrləri göstərilir. Tərkibində metan nə qədər olmalıdır, etan, propan, nə qədər olmalıdır, toz nə qədər olmalıdır, nəmlik nə qədər olmalıdır və s. hamısı öz əksini tapır.

Azərbaycanda Layihə Qaz İnstitutu var. Orada yoxlayırlar ki, verilən qaz standarta uyğundur, yoxsa uyğun deyil. Ondan sonra məlumat verirlər “Azəriqaz”a və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ki, burada kənarlaşma olmasın. Mən dediyim sözə məsuliyyət duyuram, hansı alim də gəlsə, ona sübut eləyərəm ki, mən düz deyirəm”.

Nicat